Cəlilabad Cümə Məscdi

NAMAZIN HİKMƏT VƏ SİRLƏRİ

NAMAZIN HİKMƏT VƏ SİRLƏRİ

MÜƏLLİF: AYƏTULLAH ƏHMƏD EHTİMAM

TƏRCÜMƏ EDƏN: RÖVŞƏN ƏHMƏDZADƏ

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

HƏZRƏT AYƏTULLAH İMAMİNİN MÜQƏDDİMƏSİ

Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdulillahi Rəbbil aləmin. Vəssəlatu vəssəlamu əla səyyidinə Muhəmmədin və alihi əcməin.

Qarşınızdakı kitab böyük alim, yüksək məqamlı fəqih, mərhum Ayətullah hacı şeyx Əhməd Ehtimamın əsərlərindəndir. Bu qiymətli əsər faydalı olmaqla yanaşı insan ruhuna səfa verir, onun düşüncə və qəlbini qüvvətləndirir.

Əgər ölkəmizin əziz gəncləri bu kitabın mətləbləri ilə yaxından tanış olsalar, onların ibadətə, xüsusi ilə namaza baxışları tamamilə dəyişər və dini hökmlərimizə münasibətdə bir növ yaxınlıq əldə edərlər.

Kitabın birinci cildi müəllifin həyatı zamanı çapdan çıxmış, ikinci cildi isə nizamsız halda tərtib olunmuşdu. Sonradan mərhumun davamçıları kitabı nəzmə salaraq məndən xahiş etdilər ki, öz münasibətimi bildirim. Allah-təalanın yardımı ilə hazırkı kitabı nəzərdən keçirib qaydaya salaraq çapa hazırladım. Nəhayət qarşınızdakı kitab işıq üzü gördü.

Ümidvaram ki, mərhum Ayətullah Ehtimamın davamçıları onun digər qiymətli əsərləri üzərində də işləyib oxucuların ixtiyarına verəcəklər.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.

İsfahan, “Nimavord” mədrəsəsi.

Seyyid Həsən Fəqih İmami, 1375.

GİRİŞ

Elm və dinin inkişafı bir guşədə əyləşib öz iti qələmi ilə varlıq aləmini təsvir edən, elm və dinin sirlərini açıqlayan, həmçinin bəşəriyyətin nicat yolunu Quran, sünnət və ağıl nuru ilə işıqlandıran xalis insanların zəhmətləri sayəsində ərsəyə gəlir.

Mərhum Ayətullah Ehtimam şərq aləminin böyük alimlərindən sayılır. O, öz səlis və aydın bəyanı ilə ibadətin hikmətini, fəlsəfəsini elmi surətdə açıqlayıb gəncləri dinə doğru daha da rəğbətləndirmişdir. O, Quran ayələrinin və Əhli-beyt (ələyhimussalam)[1]

rəvayətlərinin elmi sirlərini açıqlamış, müasir elmlərdən istifadə etməklə ayə və rəvayətləri təfsir etmişdir.

Mərhum bu kitabın birinci cildində ən çox təharət, nəcasət bəhsinə və uyğun fiqhi hökmlərə yer vermişdir. Kitabın ikinci cildində isə namazın fəlsəfə və sirrinə varmış, həmçinin namaza aid olan cəzbedici nöqtələrə arifcəsinə işarələr etmişdir. Bunu oxuyan hər bir şəxs istər-istəməz namazın mənəvi yönlərinə aşiq olaraq ləzzət alır. Müəllif namazın elmi və ictimai sirlərinə də toxunaraq onları gözəl surətdə açıqlamışdır. Kitabın üçüncü cildi isə Allahı tanıma bəhslərinə aid edilmişdir. İnşaallah mərhumun bə`zi əsərləri tezliklə hörmətli oxucuların ixtiyarına veriləcəkdir.

Ayətullah Ehtimamın əhkam fəlsəfəsinə aid kitabları 1340-cı (1962) ildə nəşr olunmasına baxmayaraq hələ də öz təravət və şirinliyini itirməmişdir.

Fürsətdən istifadə edib mərhumun ailəsinə, xüsusi ilə Ayətullah İmamiyə, onun kürəkəni Mirzə Hüseyn Babasəfəriyə, həmçinin onun qızı Ehtimam xanıma bu kitabın nəşr olunmasında çəkdikləri zəhmətlərə görə öz təşəkkürümü bildirirəm.

Əlavə olaraq, bu əsərin çapa hazırlanmasında mənimlə həmkarlıq edən dostlarıma, o cümlədən Möhsün Molla Kazimiyə, Hüseyn Nəbəviyə və Nəsrullah Süleymaniyə minnətdarlıq edirəm.

Vəlhəmdulillahi Rəbbil aləmin.

Məhəmməd Əli Rizayi İsfahani, Qum, 1384. (2005)

MÜƏLLİFİN TƏRÇÜMEYİ-HALI

Mərhum həzrət Ayətullah Şeyx Əhməd Ehtimam (Molla Əhməd) hicri-şəmsi 1290-cı ildə İsfahanın şimal-qərbində, şəhərin 5 kilometrliyində yerləşən “Rəhnan”da, dindar bir ailədə dünyaya göz açmışdır. Hələ uşaq çağlarından daxilində elmə, mütaliəyə olan istedad və şövqü onu məktəbə rəğbətləndirmişdir.

Elm yolunda qarşıya çıxan çeşidli çətinliklər onu elmdən uzaqlaşdırmamış, əksinə iradəsini daha da gücləndirmişdir.

Mərhum Ehtimam müqəddimə dərslərini Şeyx Məhəmməd Riza Rənaninin, ali səth dərslərini isə ağa Seyid Məhəmməd Nəcəfabadi, Ayətullah Şeyx Məhəmməd Riza Kəlbasi və Ayətullah hacı Seyid Əli Nəcəfabidinin hüzurunda oxumuşdur. O, h.ş.1314-cü ildə hərbi xidmətə çağırılaraq xidməti başa vurduqdan sonra yenidən təhsilini davam etdirmiş, Ayətullah Kəlbasinin istəyi ilə müqəddəs ruhani libası geymiş, “Rəhnan” şəhərində İslam dininin yayılmasında səy göstərməklə yanaşı, məscidlərin birində “imam camaat” vəzifəsini öz öhdəsinə götürmüşdür.

Hövzəvi elmlərlə yanaşı klassik və təcrübi elmlərdən (kimya, fizika, riyaziyyat və s.) də bəhrələnmişdir.

Mərhum Ayətullah Ehtimam İslam elmlərinə dərindən yiyələnərək əhkama olan diqqəti sayəsində müasir elmlərdən istifadə etmiş, “Hökmlərin fəlsəfəsi” adlı iki cilddə olan kitab yazaraq qısa bir müddət ərzində oxucuların ixtiyarına vermişdir.

Mərhumun iki qiymətli əsəri, Ayətullah Nəcəfinin “Üsul” kitabına yazılmış “Haşiyə” və 26 cilddə tərtib olunmuş “Fiqhe istidlali” adlı kitabları hələ ki, çapdan çıxmamışdır. Ümidvarıq ki, tezliklə bu iş həyata keçəcək.

Mərhum Ayətullah Ehtimamın gözəl xüsusiyyətlərindən biri onun ruhən lətif olması idi. Alimin irfani qəzəlləri deyilənlərə sübutdur.

Nəhayət, Ayətullah Ehtimam h.ş.1346-cı ilin qurban bayramının gecəsi 56 yaşında ikən dünyasını dəyişdi. Əzadarlıq edən camaat onun cənazəsini Rəhnan şəhərindən İsfahana kimi müşayiət edərək “Təxte Fulad” qəbiristanlığında torpağa tapşırdı. Allah rəhmət etsin! Ruhu şad olsun!

MÜTƏRCİMDƏN

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

Bildiyimiz kimi, füruiddinin (əməli hökmlərin) birincisi namazdır. Namaz o qədər əhəmiyyətlidir ki, hətta döyüş meydanında, xəstəlik və s. şəraitlərdə belə tərk olunmamalıdır. Adəm peyğəmbərin (ələyhissalam)[2] yaradılışından başlayaraq sonuncu peyğəmbər həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm)[3] dövrünə kimi bu ibadət müxtəlif formalarda yerinə yetirilmişdir.

Təəssüflə qeyd etmək lazımdır ki, hal-hazırda bəzi müsəlmanlar namaza əhəmiyyət vermir və bu ibadəti xurafat sayırlar. Onlar

belə deyirlər: “Allah öz bəndəsinə qarşı çox mehribandır, namaz qılmasan da olar, təki ürəyin təmiz olsun!”

Yəqin ki, belələri müqəddəs kitabımız Qurani-Kərimin ayələrindən xəbərsizdirlər. Onlar düşünmürlər ki, hətta peyğəmbərin övladı,[4] əmisi,[5] yaxud həyat yoldaşı[6] Allah-təalaya iman gətirib lakin saleh iş görməsə, axirətdə əbədi əzab içində olasıdır.

Bəziləri də namazın hikmət və fəlsəfəsindən agah olmadıqları üçün bu ibadətə etinasız yanaşırlar.

Hər bir insanın təbiətində “təşəkkür” hissi var. Məsələn, əgər avtobusda cavan bir şəxs özündən yaşca böyük birinə oturmaq üçün yer verərsə, o, istər-istəməz həmin cavana öz təşəkkür və minnətdarlığını bildirəcək. Namazın hikmətlərindən biri də Yaradana “şükr etmək” hissidir. Belə ki, biz namaz qılmaqla Allah-təalanın bəxş etdiyi sonsuz nemətlərin (hava, su, sağlamlıq və s.) qarşısında Ona təşəkkürümüzü bildirmək və möhtaclığımızı etiraf etmək istəyirik. Bu da vücudumuzda olan “təşəkkür” duyğusunun büruzə verilməsidir.

Bəziləri isə “namaz vaxtımızı alır” kimi, bir sıra bəhanələr gətirməklə ondan boyun qaçırırlar. Həqiqətdə isə Allah-təala ixtiyarımıza verdiyi 24 saatın təxminən 20 dəqiqəsinin Onun (Allah) üçün ayrılmasını istəyir. Əlbəttə ki, Allah-təalanın bizim namazlara heç bir ehtiyacı yoxdur. Əsl məqsəd budur ki, insan namaz qılmaqla kamilliyə, mənəviyyata ucalıb dünya və axirət səadətinə yetişsin.

Bir daha namazın əhəmiyyətli olduğunu yada salaraq Qurani-Kərimin “Muddəssir” və “Maun” surələrindən bir neçə ayəni zikr edirik:

فىِ جَنَّاتٍ يَتَسَاءَلُون‏عَنِ الْمُجْرِمِين‏ مَا سَلَكَكمُ‏ْ فىِ سَقَرقَالُواْ لَمْ نَكُ مِنَ الْمُصَلِّين

‏وَ لَمْ نَكُ نُطْعِمُ الْمِسْكِين‏وَ كُنَّا نخَُوضُ مَعَ الخَْائضِين‏وَ كُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّين‏

“ Cənnətdə olanlar (Cəhənnəmdə olan) günahkarlardan soruşacaqlar: Sizi “Səqər”ə (Cəhənnəmə) salan nədir?” Cavab verəcəklər: “Biz namaz qılanlardan deyildik, yoxsullara təam verməzdik, batilə uyanlarla əlbir idik, qiyamət gününü (dirilməyi) yalan sayardıq.”[7]

فَوَيْلٌ لِّلْمُصَلِّين‏ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون‏

“Vay olsun, o namazqılanların halına ki, namazlarını yüngül sayarlar (Namaza əhəmiyyət verməzlər).”[8]

Əksinə olaraq hər kəs namaza diqqətlə yanaşıb bu ibadəti layiqincə yerinə yetirsə, Allah-təala tərəfindən böyük mükafata nail olacaqdır. Belə ki, Qurani-Kərimin “Əla” surəsinin 14-15 ayələrində belə buyurulur:

‏ قَدْ أَفْلَحَ مَن تَزَكى وَ ذَكَرَ اسْمَ رَبِّهِ فَصَلى‏ ‏

“Həqiqətən, nəfsini saflaşdıran nicat tapdı və Pərvərdigarını yad etməklə namaz qıldı.”

Rəvayətlərdə də namaza əhəmiyyət verilməsi təkidlə tapşırılır. İmam Sadiq (ələyhissalam) buyurur: “Hər kəs namazı yüngül saysa, bizim şəfaətimiz (axirətdə) ona yetişməyəcəkdir.”

Mənim diplom işi olaraq belə bir mövzu seçməyim, məhz bu mövzuda olan əsərin tərcüməsi üzərində çalışmağım da təsadüfi deyildir. Artıq bütün dünyada başlamış İslam intibahının lətif dalğaları bizim ölkəni də döyəcləməkdədir. Dinə qayıdış və inanclarımıza yenidən baxış hər bir yerdə hiss olunur. Belə bir dönəmdə alimlərin, din adamlarının vəzifə və məsuliyyətləri qat-qat artıq olur. Ayinlərimizi, etiqad və hökmləri ümumi xalqın başa düşə biləcəyi bir tərzdə, elm və məntiq əsasında oxuculara çatdırmaq qarşımızda duran ən önəmli və müqəddəs vəzifəmizdir.

Rəbbimizin öz bəndələrinə vacib etdiyi, tərk olunduğu təqdirdə əzab vədəsi verilən hökmlərin açıqlanması isə təxirəsalınmaz işlərdəndir. Uca Tanrının müqəddəs dərgahına yüksəlmək vasitəsi kimi elan olunan namazın əhəmiyyəti isə inkarolunmaz bir həqiqətdir.

Təhsilimi müəyyən mərhələ üzrə başa vurduğum bir zaman kəsiyində Mehriban Rəbbimə sığındım, Ondan yardım dilədim, yaradıcılığa ən gözəl nemət, müjdə olaraq bəndələrinə vacib etdiyi namazla başladım.

Nəhayət, bu müdafiə işində mənə yardım etmiş hörmətli qələm sahibi Hacı Arzuya və gənc alim Hacı İftixar qardaşıma dərin minnətdarlığımı bildirirəm.

Əgər Allah-təala bu kiçik təlaşı qəbul edib savab yazarsa, həmin savabı əziz valideynlərimə hədiyyə edirəm.

Ey Öz bəndələrinə ata-anadan da Mehriban olan Allahım! Millətimizə yardım et, onları Öz haqq olan yoluna yönəlt və onlara namaz qılıb ibadət etmək şirinliyini dadızdır. Amin!

1428/ 10 zilhiccə.

2007/ 21 dekabr.

ÖN SÖZ

Bismillahir-Rəhmanir-Rəhim

Sonsuz şükür və tərif məxluqları Yaradana məxsusdur. O Yaradana ki, yaratdıqlarına gözəllik bəxş edib onları zinətləndirərək hər bir varlığın dərinliyində hikmətli sirlər təyin etdi. Böyük Allah məxluqları arasından yalnız insanı seçib ona “Kərrəmna” (Kəramət bəxş etdik) buyurmaqla üstünlük əta etdi və insanın öz Məbuduna yaxınlaşması üçün bir çox ibadətlər, o cümlədən namazı vasitə qərar verdi.

Həmçinin, bütün kainatın sərvəri, Xatəmul-Ənbiya (Peyğəmbərlərin sonuncusu) Məhəmməd ibn Abdullaha (salləllahu ələyhi və alihi və səlləm), həmçinin o həzrətin pak Əhli-beytinə (ələyhimussalam)

və saleh bəndələrə sonsuz salamlar olsun!

Nəzər sahiblərindən bəzisi belə deyir: “İslam dininin hökmləri sırf ibadi xarakter daşıdığı üçün bu hökmlərin fəlsəfəsini öyrənməyə ehtiyac yoxdur və gözlərimizi qapayıb ibadət və itaətimizi yerinə yetirməliyik”.

Başqa bir qrup isə yuxarıda qeyd olunan baxışın əleyhinədir. Onlar belə deyirlər: “Hansı hökmün fəlsəfəsi məlumdursa, onu ürəkdən qəbul edirik. Fəlsəfəsi məlum olmayan hökmü dərk etmək çətindirsə, buna təslim olmaq bizə müşküldür”.

İndi isə hökmlərin fəlsəfəsi ilə daha da yaxından tanış olmaq üçün bəzi ayə və rəvayətləri nəzərdən keçirək.

Bəzi ayə və rəvayətlərdəki hökmlərin fəlsəfəsinə işarə

Ayələr

1. Dəstəmaz və təharətin fəlsəfəsi:

مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَ لَكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَ لِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُون ‏ “Allah sizi çətinliyə salmaq istəmir, bəlkə şükür edəsiniz deyə, sizi paklandırıb Öz nemətini sizin üçün tamamlamaq istəyir.” [9]

2. Namazın fəlsəfəsi:

‏ ‏ وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى

“Məni yad etmək üçün namaz qılın.” [10]

3. Təsbihat və zikrin fəlsəfəsi:

الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوب

“Onlar iman gətirən və Allahı yad etməklə qəlbləri aram olan kəslərdir. Agah olun, yalnız Allahı zikr etməklə qəlblər aramlaşar.” [11]

Həmçinin “Taha”surəsinin 130-cu ayəsində belə buyurulur:

فَاصْبرِْ عَلىَ‏ مَا يَقُولُونَ وَ سَبِّحْ بحَِمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَ قَبْلَ غُرُوبهَِا وَ مِنْ ءَانَاى الَّيْلِ فَسَبِّحْ وَ أَطْرَافَ النهََّارِ لَعَلَّكَ تَرْضى‏

“Razı və xoşhal olasan deyə, sənə qarşı deyilən sözlərə görə səbr et və Allaha gün çıxmamışdan qabaq, gün batandan sonra, həmçinin gecənin bir hissəsində və günün işıqlığında sitayiş et.”

4. Orucun fəlsəfəsi:

يَأَيُّهَا الَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلىَ الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُون

“Təqvalı olasınız deyə, oruc sizdən qabaqkılara vacib olduğu kimi sizə də vacib edildi.” [12]

5. Həccin fəlsəfəsi:

لِّيَشْهَدُواْ مَنَافِعَ لَهُمْ وَ يَذْكُرُواْ اسْمَ اللَّهِ فىِ أَيَّامٍ مَّعْلُومَتٍ عَلىَ‏ مَا رَزَقَهُم مِّن بَهِيمَةِ الْأَنْعَمِ فَكلُُواْ مِنهَْا وَ أَطْعِمُواْ الْبَائسَ الْفَقِير

“Belə ki, onlara yetişən mənfəətlərə sahib olsunlar və müəyyən olunmuş günlərdə mal-qaranı (qurbanlıq heyvan) kəsdikdə Allahın adını zikr etsinlər. Onların ətindən yeyin və yoxsulları da yedizdirin.” [13]

Həmçinin, Allah-təala “Bəqərə” surəsinin 158-ci ayəsində “səy” hökmünün fəlsəfəsini açıqlayaraq buyurur:

إِنَّ الصَّفَا وَ الْمَرْوَةَ مِن شَعَائرِ اللَّهِ

“Həqiqətən Səfa və Mərva Allahın nişanələrindəndir.”

“Ər-Rəhman” surəsinin 7-ci ayəsi dəqiq hesablamanın və ədalətin riayət olunmasının fəlsəfəsinə işarə edir:

‏ وَ السَّمَاءَ رَفَعَهَا وَ وَضَعَ الْمِيزَان

Göyləri ucaltdı və mizanı qurdu.”

Rəvayətlər

1) Həzrət Fatimeyi-Zəhra (ələyhassalam)[14] Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) məscidində mühacir[15] və ənsarlara[16] (“Fədək” xütbəsində) bəzi hökmlərin fəlsəfəsini bəyan etmişdir.[17]

2) Həzrət Əli (ələyhissalam) bəzi dini terminlərin fəlsəfəsini belə açıqlayır:

“Allah-təala bizi şirkdən təmizləmək üçün imanı, təkəbbürdən uzaqlaşdırmaq üçün namazı, ruzimizi artırmaq üçün zəkatı, ixlaslı olmağımız üçün orucu, dinin möhkəmlənməsi üçün həcci vacib etdi. Həmçinin, İslam dininin izzəti üçün cihadı bizlər üçün qərar verdi. Avam insanların hidayəti üçün əmr be mərufu (yaxşı işlərə dəvət), azğın insanların qarşısını almaq üçün isə nəhy əz münkəri (pis işlərdən çəkindirmək) vacib buyurdu.

Sayınızın artması üçün sileyi-rəhmi (qohum-əqraba ilə əlaqə yaratmaq), qan tökülməsinin qarşısını almaq üçün qisası müəyyənləşdirdi. Qanunlardan boyun qaçırmamaq və haramlardan uzaqlaşmaq üçün hədd (cəza) təyin etdi. Ağlımızı əldən verməməyimiz üçün şərabı haram etdi. Düzgünlüyün bərqərarı üçün oğurluğu tərk etməyi vacib buyurdu. Nəslin qorunması üçün zinanın tərk olunmasını vacib, nəslin artması üçün isə ləvatı[18] haram buyurdu. İnkar edənlər üçün höccət və dəlil olaraq şəhadəti ərməğan gətirdi. Doğruluğa sövq olunasız deyə yalanı tərk etməyi vacib buyurdu.

Qorxudan amanda qalmaq və rabitəni qırmamaq üçün İslamı göndərdi. Camaatın gündəlik işlərinin tənzimi üçün əmanətdarlığı təyin etdi. İlahi hökumətin yüksəkliyini və imama təzimi insanlara bildirmək üçün ona (imama) itaəti vacib buyurdu.”[19]

3) İmam Sadiqdən (ələyhissalam) halal və haram barəsində soruşdular. Buyurdu: “Allah-təala bir işi başqa bir iş üçün qərar verdi”.

Mərhum Əllamə Məclisi bu hədisin mənasını belə açıqlayır: “Yəni Allah-təala hər bir əməldə (vacib, haram, müstəhəb, məkruh və mübah) hikmət qərar verdi. Belə ki, bir iş yaxşı və xeyirli olduğuna görə onu halal və digəri pis və zərərli olduğuna görə onu haram etdi.”[20]

4) Fəzl ibn Şazan Nişapuri bir çox hökmlərin fəlsəfəsi haqqında “Biharul-ənvar”-ın 3-cü cildində ətraflı məlumat vermişdir. Bu rəvayət çox uzun olduğu üçün onu qeyd etmirik.

5) Səkkizinci imamımız Həzrət Riza (ələyhissalam) belə buyurmuşdur: “Allah-təala cəmiyyətdə fəsadın qarşısını almaq üçün zinanı haram etdi. Bu əməlin bir çox zərərləri vardır. O cümlədən, qətli-nəfs,[21] nəslin kəsilməsi. Belə ki, zinadan dünyaya gəlmiş uşaq çox vaxt başsız qalaraq tərbiyəsiz böyüyür. Həmçinin, vərəsəlik hüququ pozulmaqla bərabər cəmiyyətə çoxlu ziyanlar yetirir.”

BİRİNCİ FƏSİL

NAMAZA DOĞRU

İBADƏTƏ MADDİ MEYARLARLA VERİLƏN QİYMƏT

İbadətlərin, xüsusilə ən üstün və bariz ibadət nümunələrindən olan namazın hikmət və fəlsəfəsi, bu ibadətlərin maddi faydalarından daha üstündür. Alimlərin və ariflərin dili ilə desək, onlar hər bir ibadəti ərş aləminə giriş qapısı hesab edirlər. Daha dəqiq desək, ibadət insanı maddi aləmdən ayıraraq üns və məhəbbət aləminə aparır. Belə ki, həqiqi ibadət insanın ruhunu qidalandıraraq onu bəşərin ən böyük ümidi olan mənəvi yaxınlığa çatdırır və “Namaz möminin meracıdır” - ifadəsi əməldə gerçəkləşir.

İbadət Xaliq və məxluq, məbud və qul arasında olan bir rabitə, həmçinin məhbub və həbib arasında olan bir ünsiyyət və aşiqin məşuqla vüsalıdır.

Bəzi insanlar hiss və təcrübələrinə arxalanaraq həqiqət aləminə maddi yöndən baxıb ona qiymət vermək istəyir, lakin yanılırlar.

İbadətin ruhi camalı, mənəviyyatın həqiqi fəlsəfəsi, iman nuru və Yaradanla olan rabitə, elmi hesablamalarla və ya fəlsəfi miqyaslarla ölçülə bilməz.

İbadətin bir çox maddi faydalarına və təbii mənfəətlərinə, həmçinin fiziki xeyirlərinə baxmayaraq mənəviyyatın ucalığı, əxlaqın gözəlliyi və ərş aləminə yaxınlaşmaq əsl hədəf olaraq birinci yerdə durur.

İBADƏTİN NÖVLƏRİ VƏ İNSANLARIN MÜNASİBƏTİ

Bəşərin təbiət və fitrətində maddi təminatlara, o cümlədən, var-dövlətə, övlada və cana möhkəm əlaqəsi vardır. Yaşayış üçün lazım olan bu üç ünsür Allah-təalanın hüzurunda müəyyən həddə kimi bəyənilmiş işlərdəndir.[22]

Ən üstün əlaqə və məhəbbət isə aləmlərin Pərvərdigarına olan eşq və məhəbbətdir. Həqiqi məhəbbət və bütün məhəbbətlərin sultanı məhz budur.[23]

Lakin bəzən maddiyyata olan istək və əlaqə həqiqi məhəbbəti kölgədə qoyur. Buna görə də Haqq-təala insanların qəlblərini bütlərin (maddi istəklərin) məhəbbətindən təmizləyib ona zinət vermək, həqiqi məşuquna qovuşdurmaq və batildən ayırmaq üçün bir sıra ibadətlər müəyyənləşdirmişdir. Onlar üç hissədən ibarətdir:

1. Bədənə aid ibadətlər:

Bu növ ibadətlərə namaz, oruc, Quran oxumaq, azan demək, müxtəlif zikr və dualar daxildir.

2. Mal və sərvət vasitəsilə yerinə yetirilən ibadətlər:

Məsələn, sədəqə vermək, xümsü, zəkatı ödəmək və s.

3. Can vasitəsilə olan ibadətlər:

Buraya isə Allah yolunda cihad, haqq uğrunda canıyananlıq və s. daxildir.

Bir qrup insanlar öz bədənlərinə həddindən artıq qulluq edib, bədən vasitəsilə olunan ibadətlərə (namaz, oruc və s.) çox da əhəmiyyət vermir, bəzi vaxtlar səhlənkarlıq göstərirlər. Lakin mümkündür ki, bu qəbil şəxslər Allah yolunda öz var-dövlətlərindən heç nə əsirgəməsinlər. Nəticədə belələrinin bədənpərəstliyi allahpərəstliyindən daha çox olur.

İkinci qrup isə əksinə, bədən vasitəsilə yerinə yetirilən ibadətlərdə heç də səhlənkarlıq etmir, “fürada” namazını (tək qılınan namaz) və camaat namazını vaxtlı-vaxtında qılmaqla yanaşı dualarda iştirak edir, günahlarına görə göz yaşı axıdıb Allahla razü-niyaza qatılır. Lakin mallarını, pullarını haqq yolda sərf etmək onlar üçün olduqca ağır gəlir və infaq etməklə razılaşa bilmirlər. Bunlar malpərəst, pulpərəst, inəkpərəst və mülkpərəstdirlər.

Üçüncü qrup yuxarıda zikr olunan iki qrupdan fərqlənir. Belə ki, bu şəxslər həm bədən və həm də mal vasitəsilə edilən ibadətlərə böyük əhəmiyyət verir, haqq yolda hər iki əmri can-başla yerinə yetirirlər. Lakin can vasitəsilə ibadət önə gəldikdə imanlarının zəifliyi ucbatından Allah yolunda canlarını qurban verməkdən çəkinirlər.

Dordüncü qrup o üç qrupdan tamamilə fərqlənir. Belələri Allah-təalanın razılığını əldə etmək xatirinə bədən, mal və can vasitəsilə ibadətləri ürəkdən yerinə yetirməklə yanaşı haqqa qovuşmaq üçün heç nəyi əsirgəmirlər. Məsələn, tövhid qəhrəmanı həzrət İbrahim (ələyhissalam) bir sıra imtahan və çətinliklərdən üzüağ çıxaraq öz məşuqunun yolunda əziz övladını belə qurban verməkdən çəkinmədi.

Həmçinin İbrahim peyğəmbərin (ələyhissalam) varisi, məhəbbət vadisinin qəhrəmanı imam Hüseyn (ələyhissalam) Allaha qovuşmaq və Onun razılığını əldə etmək üçün canını, malını, ailəsini, övladlarını və əzizlərini fəda etdi.

NAMAZ - İCTİMAİ BİR İBADƏT

Namazın başlanğıcı

İslam dini ibadətlər arasında namaza xüsusi əhəmiyyət verməklə yanaşı digər ibadətlərin qəbulunu ona bağlayır. Namaz dinin sütunu kimi qələmə verilir. Bu ibadət bütün hallarda (xəstəlik, sağlamlıq, səfər, qorxu, müharibə və s.) vacib hesab edilir, iman və küfr arasında sərhəd sayılır.

Üsuliddin (əqidələr) və füruiddinin (əməli hökmlər) məcmuəsi olan namaz

Namaz üsuliddin və füruiddinin məcmuəsidir. İlahi maarif namazda cilvələnir və qalan ibadətlər onda gözə çarpır.[24]

Namaz – mələklərin ibadətinin cəm forması

Merac barəsində nəql olunan rəvayətlərdə bildirilir ki, mələklərin də özünəməxsus ibadətləri vardır. Onlar Allahın əbədi olaraq təyin etdiyi ibadət halına qapılaraq qeyrisinə etina etməzlər. Mələklərin bəzisi qiyam və qunut, bəzisi rüku, bəzisi səcdə, bəzisi isə oturaq halda Allah-təalaya ibadətlə məşğuldurlar. Mələklər onlar üçün təyin edilmiş xüsusi ibadəti heç vaxt tərk etmirlər. Yəni rüku halında ibadət edən mələyin səcdə etməyə ixtiyarı yoxdur və s.

Namazqılan mömin şəxs isə gah qiyam, gah qunut, gah rüku, gah səcdə, gah da oturaq halda Xaliqini zikr edir. Belə ki, o, bütün mələklərin ibadətlərini cəm şəkildə yerinə yetirir.

Namaz – məxluqatın təkvini ibadətlərinin cəm forması

Namaz bütün yaranmışların ibadətlərini özündə cəmləşdirir. Bu məsələni aydınlaşdırmaq üçün nəzərinizi üç nöqtəyə cəlb edirik.

1. Qurani-Kərim insanın torpaqdan yaradılıb, yenidən torpağa qaytarılacağı barəsində aşkar surətdə belə buyurur:

كَمَا بَدَأَكُمْ تَعُودُون

“Sizi torpaqdan yaratdığı kimi, yenidən torpağa qaytarılacaqsınız.” [25]

Həmçinin, başqa bir ayədə belə buyurulur:

مِنهَْا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَْا نخُْرِجُكُمْ تَارَةً أُخْرَى‏

“Sizi torpaqdan yaratdıq, yenə ona qaytaracağıq və yenidən sizi bu torpaqdan xaric edəcəyik.” [26]

Alimlər təhqiqatlar əsasında yekdilliklə insanın həqiqətən də torpaqdan yaranması qənaətinə gəlmişlər. Torpaqdan və onun tərkibində olan bir sıra ünsürlərdən yaranan insan, mərhələ-mərhələ inkişaf edərək özünü ali insaniyyət məqamına yetirmişdir. Belə ki, hər mərhələni başa vurduqda ona bir sıra imtiyaz və üstünlüklər əlavə edilmişdir.

Həmçinin, insanın ruhu maddi aləmdən üstün olan bir aləmdən nəşət tapmışdır. Həmin aləmə “Əmr” aləmi deyilir. Bu da bəşərin elm və ağlının fövqündə durur.[27]

Bu cəhətdən də insan “Xəlq” və “Əmr” aləminin zahiri surəti, “Mülk” və “Mələkut” aləminin bir nümunəsi və bütün məxluqatın ən şərəflisidir. Mələklər Allahın əmri ilə təzim əlaməti olaraq insana səcdə etdilər.

Qurani-Kərimin “İsra” surəsinin 70-ci ayəsində belə buyurulur:

“Biz Adəm övladlarını əziz tutub onlara kəramət bağışladıq. Onlara suda və quruda minik verdik. Pak ruzilər əta etməklə bərabər bir çox yaranmışlardan üstün qərar verdik.”

Həmçinin “Tin” surəsinin 4-cü ayəsində belə buyurulur:

لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم

“Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq.

2. Quran buyurur:

وَ إِن مِّن شىَْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِهِ وَ لَاكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ

“Hər şey Allahı sitayiş edir, lakin siz onların sitayişini anlamırsınız.” [28]

Təkvini və tədvini kəlam

Təkvini kəlam tədvini kəlam kimi, müəyyən məna bildirir. Uşağın ağlaması onun ac olduğunu, bina isə bənnanın varlığını göstərir.

Deməli, aləmdəki bütün yaranmışlar Yaradanın vücudundan danışır. Şair demişkən:

Torpaqdan cücərən hər gül, hər çiçək,

Qalxır “şəriki yox, birdir” deyərək.

Demək, bütün mövcudat təkvini kəlamdan ibarətdir. Allah-təala Quranda həzrət İsanı (ələyhissalam) “Kəlimətullah”[29] adlandırır:

إِذْ قَالَتِ الْمَلَئكَةُ يَامَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكلَِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسىَ ابْنُ مَرْيَمَ وَجِيهًا فىِ الدُّنْيَا وَ الاَْخِرَةِ وَ مِنَ الْمُقَرَّبِين ‏

“Mələklər dedilər: Ey Məryəm! Allah sənə öz kəlməsi ilə müjdə verir. Onun adı Məryəm oğlu Məsihdir. O, dünyada və axirətdə abırlı və Allaha yaxın olan kəslərdəndir.”

Həmçinin, məsum imamlar (ələyhimussalam) “kamil və tam kəlmə” adlandırılmışlar. Belə ki, “Səhər” duasında oxuyuruq:

"İlahi, ən kamil kəlmələr xatirinə Səndən istəyirəm..."

Həqiqətdə hər bir yaranmış öz Yaradanına həmd və səna deyir. Hər şey öz təkvini dili ilə Allahı zikr edir. Quran bu barədə buyurur:

حَتىَّ إِذَا مَا جَاءُوهَا شهَِدَ عَلَيهِْمْ سَمْعُهُمْ وَ أَبْصَارُهُمْ وَ جُلُودُهُم بِمَا كاَنُواْ يَعْمَلُون

وَ قَالُواْ لِجُلُودِهِمْ لِمَ شَهِدتمُ‏ْ عَلَيْنَا قَالُواْ أَنطَقَنَا اللَّهُ الَّذِى أَنطَقَ كلُ‏َّ شىَ‏ْءٍ وَ هُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَ إِلَيْهِ تُرْجَعُون‏

“(Cəhənnəmə) gətirildikdə onların qulaqları, gözləri və dəriləri etdikləri pis əməllərə görə onların əleyhinə şəhadət verəcək. Onlar öz dərilərinə deyəcəklər: Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz? Dəriləri deyəcək: Bizi danışdıran Allahdır. O Allah ki, hər şeyi danışdırmağa qadirdir. Hər şeyi əvvəldən Yaradan Odur və Ona tərəf də qayıdacaqsınız. [30]

Hər bir camal sahibi tərifə layiqdir. Bütün camal sahiblərinin ən gözəli və ən üstünü Allah-təaladır. Belə ki, hər bir gözəllik və camal Ondandır və Ondan alınmışdır.

Fransalı müvəhhid (yeganə Allaha inanan şəxs) Kamil Felamaryon “Allah təbiətdə” adlı kitabında belə yazır: “Qadir, Müdəbbir, Həkim, Müqtədir olan Allah sanki təbiətin hər bir guşəsində bizimlə söhbət edir.”

Məxluqlardan bir hissəsi həmişə qiyam (ayaq üstə) halında Haqq-təalanı təsbih və təmcid edirlər. Ağacları misal göstərmək olar.

Başqa bir mövcudlar isə oturaq halda (məs; bitkilər, dağlar və s.), digər hissə rüku halında (məs; dördayaqlı heyvanlar və s.), bəziləri isə səcdə halında (məs; sürünən heyvanlar və s.) daimi olaraq Allahı zikr və təsbihlə Ona həmd və səna etməklə məşğuldurlar.

3. İnsanda bütün məxluqların kamillikləri, onların keçdiyi bütün mərhələlər (“kani”, “cəmadi”, “nəbati”və “heyvani aləmlər”), həmçinin “nəfse natiqeye qodsiyye” (müqəddəs nitq nəfsi) cəmlənmişdir.

Buna görə də insan üçün namaz adlı ibadət qərar verilmişdir.

Namaz bütün xeyirlərin və səadətlərin formulu, həmçinin bütün şər və fəsadların qarşısında duran maneədir.

Namaz iman və saleh əməllə zinətlənmiş, habelə gözəl əxlaqla bəzənmiş və günahlardan uzaq olan mömini həmişə pisliklərdən qoruyur.[31]

NAMAZ – İNSAN ÜÇÜN İSLAHEDİCİ BİR MÜƏSSİSƏNİ XATIRLADIR

Namazın insana təsirini və “insandüzəldən” necə bir zavod olmasını aydınlaşdırmaq istərdik. İslam Peyğəmbəri həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:

“Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz.”[32]

Namazın düzgünlük şərtlərindən biri qəsbi[33] şeydən çəkinməkdir. Yəni əgər namazqılanın paltarı, yaxud məkanı, yaxud dəstəmaz aldığı su və s. qəsbi olsa, qıldığı namaz batildir və mötəbər deyil. Qəsb olunmuş şey namaza münasibətdə odla pambığın misalındadır. Od pambığa yaxınlaşdıqda onu kül etdiyi kimi qəsbi paltarla namaz qılmaq da namazı batil edər.

Buna görə də namazqılan şəxs qəsb olunmuş şeydən ciddi surətdə çəkinməli və namaza aid şərtləri halal yolla yerinə yetirməlidir. Bu məsələ insanların hüquqlarına təcavüzün (oğurluq, rüşvət, riba, xəyanət və s.) qarşısını alır. Əgər yuxarıda deyilən bu bir şərtə (qəsb olunmuş şeyə) riayət olunsa, cəmiyyətin islahı üçün çox xeyirli olar.

Namazın düzgünlük şərtlərindən biri də təharət məsələsidir. Məlumdur ki, gigiyenik qaydalara riayət etmək insanın hər növ mikroblardan təmizlənməsinə səbəb olar.

Başqa bir şərt namazqılanın gözəl əxlaqa yiyələnməsi və rəzil (alçaq) sifətlərdən uzaq olmasıdır.

Bir sözlə, kamil namaz o namazdır ki, insan onun boynunda olan vəzifələri öyrənməklə bərabər, onları düzgün surətdə yerinə yetirsin. O, hər nə qədər öz vəsifəsindən uzaqlaşsa, bir o qədər də namazının dəyəri aşağı düşəcək.

NAMAZIN MAHİYYƏTİ ALLAHI YAD ETMƏKDİR

“Taha” surəsinin bu şərif ayəsi وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى

“Məni yad etmək üçün namaz qıl”[34] aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz “zikr” (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən “namaz” kəlməsi “zikr” kəlməsi ilə təfsir olunmuşdur.

Məsələn, “Cümə” surəsinin 9-cu ayəsində belə buyurulur:

فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ ‏

“Namaza tərəf tələsin.”

Başqa bir ayədə belə buyurulur:

وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً وَ نحَْشُرُهُ يَوْمَ الْقِيَمَةِ أَعْمَى‏

“Hər kəs Məni yad etməkdən boyun qaçırsa, dünya həyatı daralar və qiyamət günü onu kor olaraq məhşur edərik.”[35]

Zikrin özü həm namazın hissəsi, həm də onun şərti sayılır. Çünki zikr üç növdən ibarətdir.

1) Dil vasitəsilə zikr.

2) Qəlb vasitəsilə zikr.

3) Kamil zikr. (Yəni həm dil, həm də qəlb vasitəsilə zikr).

Beləliklə, birinci növ zikr (dil vasitəsilə zikr) namazın bir hissəsi, ikinci növ zikr (qəlb vasitəsilə zikr) namazın düzgünlüyünün şərti və üçüncü növ zikr (kamil zikr) isə namazın qəbul olma şərtidir. Bu da namazın bütün zikrlərində qəlbin Allah yanında iştirakına işarədir.

Məsumlardan (ələyhimussalam) buyurulan hədislər deyilənləri bir daha təsdiqləyir.

O cümlədən: “Hüzuri-qəlblə[36] qılınmayan namaz-namaz deyildir.”[37]

Deməli, kamil namaz qəlbin hüzuru ilə qılınan namazdır.

Əslində zikrin həqiqəti qəlbin Məbdəyə (Allaha) yönəlməsidir. Bu yönəlmə o vaxt düzgün olar ki, namazqılan qəlbində Allahın rəhmət və qəzəbini duyaraq Onun əmrlərinə itaət etsin.

İmam Sadiq (ələyhissalam) Əbu Ubeydə Xəzaiyə belə buyurur:

“Allah-təalanın öz bəndələrinin boynuna qoyduğu vəzifələrdən sənə xəbər verimmi?”

Dedi: “Bəli!”

Həzrət buyurdu: “Birincisi, insafdır. Əgər bir iş sənin zərərinə olsa belə, heç vaxt insafı əldən vermə! İkincisi, müsəlman qardaşından malını və sərvətini heç vaxt əsirgəmə! Üçüncüsü, Allahı çox zikr et!”

Sonra həzrət imam Sadiq (ələyhissalam) əlavə edib buyurdu:

“Zikr kəlməsində məqsədim “Subhənəllah” və ya “Əlhəmdulilləh”demək deyil. Baxmayaraq ki, bunlar da zikrdən hesab olunur. Əsl məqsədim budur ki, Allahın buyurduğu vacib əməlləri həmişə yerinə yetir və Onun haram etdiyi əməllərdən həmişə çəkin!”

Sonra o, həzrət Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu hədisini dəlil göstərdi:

“Hər kəs Allahın əmr etdiyi vacibatlara və haramlara müti (itaətkar) olsa, həmin şəxs "zikr" əhlindəndir.”[38]

Nəticə: Namazın həqiqəti və ruhu zikrdir. Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir.

Deyilənləri nəzərə aldıqda, إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر “Həqiqətən namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.”[39] ayəsinin mənası aydın olur. Çünki namaz zikrdir və zikr günahın tərk olunmasına və vacibatların yerinə yetirilməsinə səbəb olur.

NAMAZIN MÜXTƏLİF VAXTLARDA QILINMASININ FƏLSƏFƏSİ

Sual: Nə üçün gündəlik beş vacib namazı birdəfəyə ardıcıl qılmaq olmaz?

Cavab: Namazın əsl hədəfi zikrdir və zikr günahların tərk olunması, həmçinin ibadi əməllərin yerinə yetirilməsi ilə bağlıdır. Bu cəhətdən də vacib namazlar üçün günün müxtəlif vaxtları təyin edilmişdir ki, beş vaxtda Allahı yad etməklə dünyaya və həvayi-nəfsimizə bağlılıqdan nicat tapaq.

Sübh çağı yuxudan oyanıb namaz vasitəsilə bizi Yaradanı yad edirik. Sonra dünyəvi işlərə başımız qarışır. Get-gedə qəlbimiz Allahı yad etməkdən uzaqlaşır, şeytan və nəfsi istəklər bizə üz tutur.

Günorta vaxtı çatdıqda mömin yenidən namaz vasitəsilə qəlbə daxil olmuş həvayi-həvəsi və şeytanın torlarını parçalayır, onları qəlbindən çölə atır və qəlbini Allaha ev qərar verir. Şair demişkən:

Könül əğyarların lat yeri deyil,

Div çıxsa, mələklər gələsidir bil.

Bəli, möminin qəlbi Allah zikrindən xali olduğu zaman şeytan fürsətdən istifadə edib dərhal oraya daxil olur. Lakin Allahı yad edən kimi şeytan sürətlə qəlbdən xaric olur.

Elə ki, günün axırı və istirahət vaxtı yetişir, məğrib namazını qılmaqla yenidən Allahı zikr edib günahlarımızın bağışlanmasını istəryirik.

Axırda isə gün ərzindəki əməllərimizi mühasibə[40] etməklə işa namazını qılıb, yorğunluğumuzu aradan qaldıran, bizə aramlıq gətirən “yuxu” nemətindən bəhrələnirik.

Həzrət Əli (ələyhissalam) buyurur:

“Qiyamət günü hesab çəkilməzdən qabaq özünüzlə bu dünyada ikən mühasibə aparın!”[41]

XATİRCƏMLİK VƏ RAZILIQ NAMAZIN FƏLSƏFƏLƏRİNDƏNDİR

İlahi kəlama əsasən, namazın hikmət və fəlsəfələrindən biri də xatircəmlikdir. Quran bu barədə belə buyurur:

الَّذِينَ ءَامَنُواْ وَ تَطْمَئنِ‏ُّ قُلُوبُهُم بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئنِ‏ُّ الْقُلُوب‏

“Onlar iman gətirib Allahı yad etməklə qəlbləri xatircəm (aram) olan kəslərdir. Agah olun, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar.” [42]

Bəli, həqiqətdə də namaz vasitəsilə və Allahı yad etməklə ürəklər aramlaşar və nigarançılıqlar aradan qalxar.[43]

Başqa bir şərif ayədə belə buyurulur:

فَاصْبرِْ عَلىَ‏ مَا يَقُولُونَ وَ سَبِّحْ بحَِمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَ قَبْلَ غُرُوبهَِا وَ مِنْ ءَانَاى الَّيْلِ فَسَبِّحْ وَ أَطْرَافَ النهََّارِ لَعَلَّكَ تَرْضى

“(Allahın mərhəmətindən) razı və xoşhal olasan deyə, sənə qarşı deyilən sözlərə səbr et və Allaha gün çıxmamışdan qabaq, gün batandan sonra, həmçinin gecənin bir hissəsində və günün işıqlığında sitayiş et.” [44]

Namazqılan mömin bir şəxsin bütün kainatın Allah tərəfindən yaradılmasına yəqinliyi və etiqadı vardır. O, bütün qanunları və baş verən hər bir hadisəni Allah-təalanın izni və iradəsinə tabe bilir. Buna görə də istər namazda, istərsə də başqa vaxtlarda Allahdan yardım istəyir.

Namazqılan şəxs Allahdan başqasının heç bir təsiri olmadığını, həmçinin bütün xeyirin, səadətin və həqiqi ləzzətin məhz Allahın yanında olduğunu bilir və hiss edir. Buna görə də o, məhbubu ilə ünsiyyət yaratmaqdan sonsuz ləzzət alır. Həyatında qarşılaşdığı bir sıra müşküllərdən heç bir qorxusu olmur və çətinliklərdə özünü itirmir. O, əmin olur ki, bütün müşküllərin həlli yalnız Allahın qüdrətindən asılıdır. Çünki bütün bunların öz həqiqi məşuqu tərəfindən olduğuna inanır. O, belə deyir: “Dost tərəfindən mənə yetişən hər bir şey gözəldir.”

Buna görə də namazqılan həmişə səbirli, şükür edən, aza qane, İlahi qəza-qədərlə razılaşan, Yaradanın əmrlərinə təslim olub heç vaxt ümidsiz və narahat olmur, əksinə onun məqamı elə bir dərəcəyə yüksəlir ki, başına gələn müsibət və çətinliklərdən ləzzət alır.

Lakin Allaha inanmayan, yaxud inanıb Onunla ünsiyyətdə olmayan şəxslər bu aləmə məşğulluqla varlığını yalnız maddiyyata həsr edir, qarşıya çıxan çətinlik və müşküllər müqabilində dözmür, tez bir zamanda narahat və ümidsiz olur. Belə ki, bəzən hətta öz canlarına qəsd edirlər. Aparılmış təhqiqat nəticəsində özünü öldürənlərin əksəriyyəti Allaha və qiyamət gününə inanmayan, namaz qılmayan, bir sözlə Yaradanın əmrlərindən boyun qaçıranlardır.

Namaz əhli həmişə şad, yüksək ruhlu, aram qəlbli və sığınacaq yeri möhkəm kəslərdir. Güclü küləklər belə onları yerindən asanlıqla tərpədə bilməz. Xoş olsun həqiqi namazqılanların halına!

İmam Hüseynin (ələyhissalam) Əbu Səmanə barəsində buyuruğu necə də gözəldir. Əbu Səmanə Seydavi aşura günündə, döyüşün qızğın çağında günorta namazının qılınmasını imamdan xahiş etdi. Həzrət Hüseyn (ələyhissalam) ona dua edib buyurdu: "Cəələkəllahu minəl musallin." Yəni Allah səni namazqılanlardan qərar versin.”

Sonra döyüşün ortasında camaat namazı qılındı.

Avropa alimlərindən sayılan Aleksis Karl, Belz, Kamil Felamaryun, Pasqal və s. Yaradanla rabitədə olduqları üçün Ondan yetişən mənəvi feyzə etiraf etmişlər.

Kamil Felamaryun deyir: “Biz Allahla ünsiyyətdə olduğumuz üçün ləzzətə qərq olmuşuq, lakin Allahı inkar edənlər isə bu ləzzətdən məhrumdurlar. Çünki möhkəm bir sığınacaq yerləri yoxdur.”[45]

Kilverd Havzer isə belə deyir: “Din və məzhəb insanın ruhu və cismi üçün çox zəruridir.”

Başlanğıca (Allaha) və axirətə (məada) olan inam insanın ruhunu möhkəm, şad və xatircəm edir, süstlüyü, ümidsizliyi və nigarançılığı aradan qaldırır.

Jan Jak Russo deyir: “Yaradan haqqında düşünmək zəruridir. Çünki, O, Yaranış mərkəzidir. Biz özümüzü Allahın qanunlarına əsasən tənzim edirik. Bu zaman ağlımız pis və çirkin meyllərin ardınca getməyə icazə vermir. Beləliklə, düzgün yola qədəm qoymuş oluruq. Allah-təalanın lütfü və mərhəməti sayəsində əxlaqi keyfiyyətlərimiz güclənir. Belə bir müsbət keyfiyyət tərifə layiqdir. Çünki cismimiz və nəfsani istəklərimiz bizim ruhumuzu zəncirləyib dövrəyə almışdır. Bu zəncirlərdən azad olmaq çox çətin bir məsələdir.”[46]

Vilyam Ceymiz belə deyir: “İman bizim gücümüzü artırır və bizi yüksək məqamlara aparır. Dərdlərimizi sağaldır və bütün xəstəlikləri bədənimizdən xaric edir. Görəsən bu işlərin fiziki bir formulla fərqi varmı?”

Başqa bir yerdə isə belə deyir: “İman elə bir qüvvədir ki, maddi vasitələr təsirsiz olduğu zaman o, öz təsirini göstərir.” [47]

NAMAZIN GİGİYENİK BAXIMDAN FƏLSƏFƏSİ

Xüsusi hərəkətlərdən ibarət olan namaz bir sıra silsiləvi şərtlərdən asılıdır. Onlardan biri də bədənin təmizliyidir. Bunun insanın cisminə böyük təsirləri var.

Bədənin və paltarın təmiz olması namazın düzgünlük şərtlərindən sayılmaqla bərabər onun kamilliyinə və qəbul olmasına bir işarədir. Dəstəmaz və qüsl möminə əta olunan bir ərməğandır. Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurur:

“Təharətsiz namaz yoxdur.”[48]

O cümlədən, dişləri fırçalamaq, ətir vurmaq, sübh çağı yuxudan tez oyanmaq və ağızı soyuq su ilə üç dəfə yaxalamaq insanın sağlamlığına və təmizliyinə müsbət təsir göstərir.

Bunlardan əlavə, namazın bütün hərəkətlərinin ardıcıllıqla yerinə yetirilməsinin cismin və ruhun inkişafında böyük rolu vardır.

NAMAZIN MƏNƏVİ VƏ RUHİ BAXIMDAN FƏLSƏFƏSİ

Namazın mənəvi faydaları çoxdur. Bunlardan üçünü zikr etməklə kifayətlənirik:

1) İnsanın öz nəfsinə təlqin etməsi;

Bunun əhəmiyyəti psixologiya elmində sübuta yetirilmişdir. Belə ki, nəfsə təlqin vasitəsilə ağır xəstələr şəfa,[49] sağlam adamlar isə xəstəlik tapır. Əxlaqsız insan əxlaqlı, əxlaqlı isə əxlaqsız olur. Düz adam əyriyə, əyri düzə, dinsiz dindara, dindar isə dinsizə çevrilir.

Nəfsə təlqin etmək sanki insanın özünə təkrarlı surətdə bu sözləri deməsinə bənzəyir: “Sən yaxşı adamsan, düzdanışansan. Heç vaxt xəyanət etmirsən. Sən yaxşı insanlarla oturub-durursan. Gərək sən həmişə əməli saleh və sadiq bir insan olasan.”

Bu sözləri ardıcıl təlqin edən şəxsin vücudunda yuxarıda zikr olunan bəyənilmiş sifətlər kök atır və onun əməlində, rəftarında, əxlaqında böyük iz buraxır.

Namazqılan şəxs gecə-gündüz namazda saleh insanlardan olduğunu təkrar edir, özünü onlarla bir cərgədə bilir və təvazökarlıq göstərir. Təbii olaraq bu təlqin onun canında və ruhunda iz buraxır. Nəticədə o, saleh bəndələr sırasına daxil olur.

2) Mənəvi və ruhi ləzzət;

Namazın mənəvi və ruhi faydalarından biri də insanın namazdan ləzzət almasıdır. O, namaz qılarkən öz Məhbubu (Allahı) ilə söhbət edir və bununla vüsalına çatır. Namazqılan o qədər mənəvi ləzzətə qərq olur ki, maddi ləzzətlər onun gözündə heçə dönür.

Behişt əhli üçün ən böyük ləzzət Allahın onlardan razılığı və onların da Allahdan razı qalmasıdır. Quran bu barədə buyurur:

رَّضىِ‏َ اللَّهُ عَنهُْمْ وَ رَضُواْ عَنْهُ

“Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar.”[50]

Bu şirin duyğu Allahla ünsiyyət, həmçinin bəndənin Allaha olan itaəti və razılığı vasitəsilə bu dünyada da özünü göstərir. Buna görə də on dörd məsum (ələyhimussalam) namaza sonsuz məhəbbət bağlamış və bundan mənəvi ləzzət almışlar.

Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) hədislərin birində belə buyurur:

“Namaz, mənim gözümün nurudur.”[51]

İmam Əlinin (ələyhissalam) fəziləti barəsində yazılmış kitablarda o həzrətin namaza, hətta müstəhəb namazlara əhəmiyyət verdiyi və sıx bağlılığı bildirilmişdir. O, namazı elə şövqlə qılırdı ki, yorğunluq və halsızlıq belə hiss etmirdi. Çox namaz qıldıqlarına görə Rəsuli-Əkrəmin (salləllahu ələyhi və alihi və səlləm) və həzrət Zəhranın (ələyhassalam) ayaqları ağrıyardı. Bununla belə namaz onlara o qədər şirin gəlirdi ki, davamlı olaraq namaz qılır və ondan mənəvi qida alırdılar.

Günahlardan uzaq olub Allah-təala yolunda çalışan və Ona qeydsiz-şərtsiz itaət edən hər bir müsəlmanın belə bir mənəvi ləzzət almaq imkanı var. Kərbəla səhrasında şəhid olan yetmiş iki nəfər Allahın razılığını əldə etmək üçün ruhi ləzzətə elə qərq olmuşdular ki, bədənlərinə dəyən ox, qılınc və nizə yaralarını unutmuşdular.

3) Bərzəxdə[52] olan ləzzət;

Mənəvi faydalardan biri də bərzəx aləmində namazın təcəssüm etməsi və onun ləzzətidir. Belə ki, ayə və hədislərə əsasən bizim bütün danışıqlarımız və əməllərimiz mənəvi aləmdə qeydə alınır. Bu həqiqətə inanmaq üçün ata-babalarımızın güclü imana ehtiyacı var idi. Lakin bugünkü imkanların, o cümlədən maqnitofon, video və s. vasitəsilə artıq bu həqiqəti qəbul etmək asanlaşmışdır.

Əməllərimiz bizdən heç vaxt ayrılmır. Bərzəx aləmində başqa bir şəkildə gözümüzün önündə canlanaraq dostumuza və sirdaşımıza çevrilir. Necə ki, əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur:

“Heç kəs qəbirdə tək deyildir, çünki əməlləri onun yanındadır.”[53]

Qəbir və Bərzəx aləmində insana ən yaxın olan dost onun namazlarıdır. Namazqılan şəxsin namazı Bərzəx aləmində gözəl bir surətdə ona qovuşur və o, bu qovuşmadan sonsuz ləzzət alır. Bu ləzzətin dünyada qılınan namazın ləzzətindən qat-qat üstün olduğunu hiss edir.

Dünyada hansı əmələ meyl və əlaqə çox olmuşsa, Bərzəx aləmində də həmin əməl müəyyən şəkildə və surətdə həmin şəxslə bir yerdə məhşur olacaqdır. Yəni əgər onun meyli namaza olubsa, Bərzəxdə də namazla məhşur olacaqdır. Əksinə, hər kəs dünyada pis işlər görsə, ruhi əzab çəkməklə yanaşı, həmin pis əməllər mücəssəm olub Bərzəx aləmində onun ruhuna əzab verəcəkdir.[54]

Beləliklə, hər kəs dünyadakı vəzifəsini layiqincə yerinə yetiribsə, onun ruhu həmişə şad olaraq xeyir əməllərdən ləzzət alır.

Tarixdə qeyd olunduğu kimi, bəzi şəxslərin ruhlarını çağırıb nə ilə məşğul olduqlarını soruşduqda - “Biz dünyada hansı işlərlə məşğul olurduqsa, Bərzəxdə də həmin işlərlə məşğuluq.”- deyə cavab verəcəklər.[55]

NAMAZIN İNCƏLİKLƏRİ

Namazın incəliklərindən biri də qiyamət gününə olan işarələrdir. Mərhum Nəraqi “Meracus-səadət” kitabında belə buyurur:

Alimlərdən bəziləri namazın sirrini belə açıqlayır:

Namaz Qiyamətin bu dünyadakı bir nümunəsidir. Belə ki, insan namazın incəliklərinə diqqət yetirsə, onun namazı yeni bir məna alar. O cümlədən;

- Əzan, surun[56] ikinci dəfə üfürülməsinə və ölülərin dirilməsinə işarədir.

- İqamə isə Pərvərdigarın nidasına və bəndələrini Öz hüzuruna toplayacağına işarədir.

- Qiyam halında üzüqibləyə dayanmaq Yaradanın hüzurunda durub dünyadakı əməllərin sorğu-sualına hazırlığa işarədir.

-Təkbirin və qiraətin deyilməsi bəndənin öz acizliyini bildirib Allaha həmd-səna deməsinə işarədir. Belə ki, qiyamət günü Allah qarşısında acizliyini bildirən bəndə Yaradana sitayiş və təmcid edəcəkdir.

- Rüku halında durmaq bəndənin Allah-təalaya təzimini bildirir. Sanki bu zaman Pərvərdigari-aləm xitab edərək buyurur: “Ey mənim bəndəm! Sən filan işi görüb, filan günaha batdın. Nə üçün bu günahı etdin? Sənin bugünkü təziminin heç bir faydası yoxdur”.

- Bunu eşidən bəndə zəlil və aciz halda torpağa düşüb yalvararaq səcdə edəcəkdir. Namazdakı birinci səcdə buna işarədir.

- Sonra həmin bəndəyə yenidən xitab olunar: “Başını qaldırıb cavab ver!” Bəndə başını qaldırıb tövbəni[57] dilinə gətirər və peşimançılığını izhar edər. Namazda birinci səcdədən başı qaldırmaq deyilənlərə işarədir.

- Sanki yenə xitab olunar: “Bugünkü tövbənin nə faydası?” Sonra çarəsiz bəndə yenidən səcdə etməklə ikinci dəfə xar, zəlil və acizliyini etiraf edər. Bu da namazın ikinci səcdəsinə işarədir.

- Xitab gələr: “Dünyada etdiyin günahların ucbatından bugünkü acizliyinin faydası yoxdur. Başını qaldırıb düzgün cavab ver!” Bu da namazda ikinci səcdədən başı qaldırmağa işarədir.

- O, başını qaldırıb İslamın ətəyindən tutmaqla belə deyər: “İlahi! Sənin birliyinə və Peyğəmbərin risalətinə şəhadət verirəm”.

Bunu deyib qurtuluş ümidi ilə salavat göndərər. Bu da namazda olan “təşəhhüd”ə işarədir.

- Yenə xitab eşidilər: “Ey günahkar bəndə! Məgər səndən bunu istədik?”

Bu zaman heyrət və təəccüb içində qalmış çarəsiz bəndə sağa-sola nəzər salıb məhşər səhnəsini görəcək, peyğəmbərləri, imamları, saleh bəndələri və mələkləri səsləyib onlardan şəfaət diləyəcək: “Salam olsun Sənə ey Nəbi! Allahın rəhmət və bərəkəti olsun Sənə! Salam olsun bizə və Allahın saleh bəndələrinə! Salam olsun sizlərə! Hamınıza Allahın rəhmət və bərəkəti olsun!”

Bu isə namazın axırında deyilən “salam”a işarədir.

- Axırda o, əllərini üç dəfə göyə qaldırıb sanki ona kömək olunmasını istəyər. Bu da namaz bitdikdən sonra üç dəfə “təkbir”in deyilməsinə işarədir.

Bir sözlə, namazın bütün vacib və müstəhəb əməllərinin, həmçinin bütün zikrlərinin bir sıra sirləri və incəlikləri var. İnşaallah, gələcək bəhslərdə bu barədə bəzi açıqlamalar verəcəyik.

XATIRLATMA:

Namaza sonsuz dərəcədə bağlı olan Əmirəlmöminin Əli (ələyhissalam) mübarək ömrünün sonunda namaz üstündə canını Allaha tapşırdı. Həmçinin imam Hüseyn (ələyhissalam) aşura günü əsr namazının fəzilətli vaxtında (qüruba iki saat qırx səkkiz dəqiqə qalmış), xuşu və xuzu halında Allah yolunda canını fəda etdi.

Sufilərdən bəziləri “Hicr” surəsinin 99-cu ayəsinə

وَ اعْبُدْ رَبَّكَ حَتىَ‏ يَأْتِيَكَ الْيَقِين

istinad edərək namaza ehtiyaclı olmadıqlarını bildirirlər. Onlar şərif ayədə zikr olunan “yəqin” kəlməsinin zahiri mənasına üstünlük verərək deyirlər: “Hər kəs yəqinlik məqamına çatsa, artıq onun namaza ehtiyacı yoxdur və namazı tərk etməlidir.”

Halbuki, ayədə işlənən “yəqin” kəlməsi “ölüm”ə işarədir. Mübarək ayənin mənası budur: “və ölənəcən həmişə Pərvərdigarına ibadət et.”

NAMAZIN ƏXLAQİ FƏLSƏFƏSİ

Alimlərin nəzərində “əxlaq” insanın nəfsində olan bir qüvvədir ki, onu yaxşı işlər görməyə rəğbətləndirir və pis işlərdən isə çəkindirir. Bunun tam formulunun mənası namazdır. Çünki namaz yaxşılıqlara dəvət edən və pisliklərdən çəkindirəndir.

Bizə əmanəti qorumağı, təcavüz və xəyanət etməməyi, başqalarına hörmət göstərməyi öyrədən namazdır. Bizə təvazökarlığı, bərabərliyi, qardaşlığı öyrətməklə yanaşı, təkəbbürdən, lovğalıqdan, fəxr etməkdən və millətçilikdən uzaqlaşmağı tövsiyə edən namazdır. Çünki İslam dini hamını qardaş və bərabər tutaraq namaz sıralarında yüksək təbəqə üçün xüsusi yer nəzərdə tutmur.

Şəxsiyyətini üstün sayıb şeytanın nəzərini özünə cəlb edən və var-dövlətə görə özünü başqalarından yüksəkdə görən bir şəxs namaz sıralarında özünü yoxsullarla birlikdə, həmçinin bütün müsəlmanları bir cərgədə müşahidə etdikdə qəlbində olan şeytani hisslər zəifləyir və təkəbbür atəşi sönür. Bunun əvəzinə isə qardaşlıq, bərabərlik və yardım etmək hissləri güclənir.

Digər bir tərəfdən özünü insanlıqdan çıxmış bilən, özünə qarşı ehtiram görməyən qəlbisınıq bir kasıb hər gün bir neçə dəfə özünü var-dövlət və şan-şöhrətə sahib olan şəxslərlə birlikdə camaat namazının cərgələrində gördükdə tədricən özünə qiymət verir və ürəklənir. Belə ki, o şəxsdə bir neçə hal meydana gəlir. O cümlədən:

-Müsibətdə və qarşıya çıxan çətinliklərdə səbirli olub küframiz sözlərdən uzaqlaşır.

-Özünə inanaraq var-dövlət sahiblərinə yaltaqlanmağı tərk edir.

-Yaranış aləmində özü ilə sərvətlilər arasında heç bir fərq görmədikdə fəaliyyətini daha da gücləndirir.

Bəli, namaz vasitəsilə insanlarda bir-birinə qarşı olan dostluq və məhəbbət hissi daha da güclənir. Artıq namaz sıralarında olan kasıb və varlı bir-birinin vəziyyəti ilə daha da yaxından tanış olur.

Yavaş-yavaş cəmiyyətdə qardaşlıq və bərabərlik hissi hakim olur. Namazqılan özü və başqaları üçün xeyir-dua istəyir. O, hamının xoşbəxtliyini və səadətini arzulayır. Bu duaları hər gün təkrar edən müsəlman gündəlik əməllərində də bunları biruzə verir.

Varlı və güclünün fəqir və zəiflə namazda yan-yana durması onun təkəbbürünü sındırır. Təvazökarlıq təkəbbürü əvəz edir. O, (varlı və ya güclü) görür ki, hamı namazda Allah-təalanı səsləyib bu kəlmələri təkrar edir:

“Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik”.

Bu mübarək kəlmələr həmin şəxsin Allaha olan təvəkkülünü daha da gücləndirir və Yaradandan qeyrisinə ümid bəsləməməyə səbəb olur. Bunu hiss etməklə bərabər hər bir işin Allah-təaladan asılı olduğuna yəqinliyi daha da artır.

Xülasə, hər gün namazın nurani kəlmələrini təkrar edən müsəlmanda tədrici olaraq bəyənilmiş sifətlər cilvələnir və heyvani sifətlər məhv olub gedir.

Bunu da qeyd edək ki, bəzi namazqılanların heyvani sifətləri bəyənilmiş sifətlərdən çoxdur. Məsələn, camaatın malına təcavüz edib rahatlıqla yeyir və s. Belələrinin rəftarında namazın təsirini görmək olmur. Bunun əsl səbəbi ondan ibarətdir ki, bu şəxslərin namazı həqiqi namaz deyil. Onlar zahirdə namaz qılmaqla onun şərtlərini yerinə yetirmir, mahiyyətini dərk etmirlər. Belələri ya riya xatirinə, ya da başqa səbəblərə görə namaz qılırlar. Bunlar namazlarını adət şəklinə salanlardır. Belə namazların ruhu və həqiqəti yoxdur. Bu cür namaz, içində ləpəsi olmayan badam və ya qoz qabığına bənzəyir.

Bu cəhətdən də Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) bəzi namazları tənqid edərək buyurmuşdur:

-Qəlbin hüzuru ilə qılınmayan namaz- namaz deyildir.[58]

1) -Fatihəsiz qılınan namaz- namaz deyildir.[59]

-Azan və iqaməsiz namaz- namaz deyildir.[60]

-Rüku və səcdəsi kamil olmayan namaz- namaz deyildir.[61]

-Yaxın məsciddə qılınmalı olan namaz başqa məsciddə qılınsa, namaz deyildir.[62]

İmam Sadiq (ələyhissalam) buyurur:

“Qiraətin düzgün oxunuşu, namazın əvvəl vaxtına riayət olunması, barmağa (əqiq) üzük taxılması və habelə digər əməllər namazqılanın insanlığına, yaxşılığına və ədalətinə dəlil deyil. Əksinə, pislik və yaxşılığın ölçüsü iki şeydən ibarətdir; Birincisi, rəftarda düzgünlükdür. İkincisi isə danışıqda doğruçuluqdur. Belə ki, bunların vasitəsilə insanların yaxşılığı sübuta yetir. Həmçinin cinayət və yalan vasitəsilə də onların pisliyi məlum edilir”.[63]

İKİNCİ FƏSİL

MƏBUDUN DƏRGAHINDA

NAMAZIN ŞƏRTLƏRİ VƏ HİSSƏLƏRİ

Şəriət və fəqihlərin dilində namazın müqəddimə işləri onun şərtləri ilə adlandırılmışdır. Bunlar altı şərtdən ibarətdir:

1-2) Hədəs[64] və xəbəs[65]dən paklanma

Kitabın birinci cildində mənəvi və cismani natəmizliklər barəsində söhbət açıb bildirdik ki, batini tanıtdıran, ona ünvan olan zahirdir. Başqa sözlə, bədən və libasın təharəti nəfsin və qəlbin günahlardan paklanmasına işarədir.

Dəstəmazda üz və əllərin yuyulması diqqətin mənəvi əməllərə yönəlməsinə işarədir. Cənabətli bədən maddiyyatda qərq olduğu üçün tamamilə yuyulmalı, sonra maddi ləzzətlər buxovundan nicat tapmaq üçün özünü mənəviyyat sahilinə çatdırmalıdır.

3) Qiblənin təyin edilməsi

Namaz halında qibləyə diqqət maddi bədənimizi zahiri qibləyə (Kəbəyə) döndərdiyimiz kimi qəlbimizi və nəfsimizi maddiyyatdan çox-çox uzaq olan Kəbə Sahibinə (Allaha) yönəltməyimizə işarədir. Şair demişkən:

Hacı üzü Kəbəyə, mən görüş həvəsində,

O bir ev soraqlayır, mənsə evin sahibin.

Qibləni tanımaq cəhət və istiqaməti tapmaq üçündür.[66]

4) Vaxtın müəyyən edilməsi və namazın vaxtında qılınması

Vaxtın müəyyən edilməsinin fəlsəfəsi insanı dünya və axirət işlərində vaxta diqqətli etməkdən, qiymətli ömrün bihudə işlər üçün olmadığını anlatmaqdan ibarətdir.

İmam Əli (ələyhissalam) şerlərin birində belə buyurur:

ما فات مضي و ما سياتيك فاين

قم فاغتنم الفرصة بين العدمين

Yəni Keçmişlə gələcək arası vaxtı,

Qənimət bilib dur, qoyma, gün axdı!

Hər bir şəxs ömür boyu saleh əməllərini və elmini artırmalıdır. Məsum imamdan (ələyhissalam) nəql olunmuş bir hədisdə belə buyurulur:

“Hər kəsin iki günü bərabər olsa, ziyan çəkmişdir.”[67]

5) Sübh çağı oyanmaq və iki tulu[68] arasında yatmağın məzəmməti

Sübh vaxtı oyanıb dəstəmaz alması və üzü qibləyə doğru dayanıb Allah-təalanın dərgahına üz tutması axirət səadətini təmin etməkdən əlavə namazqılanı dünyəvi işlərdə də çalışmağa sövq edir. Əksinə, gecəni səhərə kimi yatıb, günəş çıxandan sonra oyanan şəxs həm bu dünya və həm də axirət işlərindən geri qalıb ziyan çəkənlər sırasına daxil olur.

Rəvayətlərin birində belə buyurulur:

“İki tulu arasında olan vaxt behiştin vaxtlarındandır. Bu vaxt nə gecədən və nə də gündüzdən hesab olunur.”

Buna görə də sübh tezdən oyanıb bu bərəkətli vaxtdan istifadə etməyin insanın həm cisminə, həm də ruhuna çox böyük faydaları var.

Bəzi alimlər belə bir nəticəyə gəlmişlər ki, bu vaxtda (iki tulu arası) tənəffüs (nəfəs almaq) insan üçün çox xeyirlidir. Belə ki, bu mülayim havada gözə görünməyən “efir” maddəsi var və bu maddə insanın ömrünü uzadır. Nəticədə həmin vaxtlarda oyaq qalan insanın cismi və ruhiyyəsi fəaliyyətə tam hazır olur.

Təcrübələr göstərmişdir ki, iki tulu arasında oyaq qalan heyvanların, o cümlədən qarğanın[69] ömrü uzun olur. Bu vaxt yatan insanların ömrü qısa olur və tez qocalırlar. İmam Zamanın (ələyhissalam) buyurduğu hədisin hikməti daha da aydın olur. O həzrət buyurur:

“Ulduzlar gözdən itənə kimi sübh namazını qəzaya verən kəs məlundur, məlundur! Həmçinin ulduzlar zahir olana kimi məğrib namazını qəzaya verən kəs məlundur, məlundur! (Allahın rəhmətindən uzaqlaşdırılmış şəxsə məlun deyilir).[70]

İmamın “məlun”dur kəlməsini iki dəfə təkrarlaması səbəbi insanın özünü dünya və axirət rəhmətindən məhrum etməsidir.

6) Namaz məkanının münasib olması

Namazqılanın məkanı qəsbi və ya namünasib olmamalıdır. Namazın belə bir məkanda qılınması onun maddi aləmin fövqündə olmasına işarədir. Buna görə də namaz meraca[71] oxşadılmışdır. Asimana doğru səfər edən əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) Allaha daha yaxın mənəvi məqam əldə etmişdir. Namazqılanın da Allaha doğru bir yüksəlişi var. O, sanki cismani aləmdən nurani və mənəvi bir aləmə doğru qalxır. Məhz belə bir məqamda “Namaz möminin meracıdır” ifadəsi öz həqiqi mənasını tapmış olur.

NAMAZIN RÜKNLƏRİ VƏ VACİBATI

Namaz vacib və müstəhəb hissələrdən təşkil olunmuşdur. Məşhur alimlər namazı insana bənzədərək onun üç üzvünə işarə etmişlər:

1- Baş və ya əsas üzvlər; Buna misal olaraq insanın həyatı üçün ən mühüm rol oynayan beyini və ürəyi göstərmək olar. Əgər onlar olmasa, insanın yaşayış və varlığından söz gedə bilməz. Bu cəhətdən də baş üzvlər insanın oyaq vaxtında, hətta yuxuda olduğu zaman avtomatik hərəkətdə olub onun həyatını təmin edir.

Qədim tibb alimləri insan bədəninin üç əsas hissədən ibarət olduğunu vurğulamışlar. Onlar aşağıdakılardan ibarətdir:

a) Ruh, hərəkət və hissin mərkəzi olan beyin.

b) Heyvani ruh mərkəzi olan ürək.

c) Tənəffüs mərkəzi olan ciyər.

Lakin müasir alimlər bədənin əsas hissələrinə üç üzv (böyrək, qara ciyər və ağ ciyər) əlavə etmişlər.

Beyin yalnız insani ruh yox, bəlkə insaniyyətin ən böyük ruhudur ki, bütün bədənə başçılıq edir. Ürək də heyvani ruh yox, bəlkə qanı saflaşdıran və insana həyat verən bir mərkəzdir. O, ana bətnində hərəkətə gələn ilk üzv və ölüm zamanı hərəkətdən düşən son üzv hesab olunur. Ağ ciyərin fəaliyyəti qəlbin fəaliyyətindən az deyildir. Onun, oksigenlə qan tərkibindən əmələ gələn 37 dərəcəli hərarətin insanı yaşatmasında birbaşa rolu vardır.

Böyrəklərin əhəmiyyəti təqdirə layiqdir. Çünki bədənin zəhərini insanın qanından alıb xaricə ötürür.

2- İşçi üzvlər; Məs: göz, qulaq, əl, ayaq, dil, dodaq, dişlər və s. Bu üzvlərin hər birinə ehtiyacımız vardır. Əgər onlar olmasa, yaşamaq üçün tələb edilən ehtiyaclarımız təmin olunmaz. Lakin həyatımızın davamı bu üzvlərdən asılı deyil. Belə ki, əgər bir şəxs kar, kor və ya əlsiz-ayaqsız olsa belə illər boyu yaşaması mümkündür.

3- Zinət üzvləri; Qaşlar, kipriklər, saç, saqqal kimi üzvlər insanın zahiri görünüşü və gözəlliyi üçün zəruridir. Amma onların yaşayış ehtiyaclarının təminində heç bir rolu yoxdur.

Namazda da bu üç üzvə oxşar qisimlər var:

a) Namazın rüknləri: Niyyət, qiyam, təkbirətul-ehram, rüku və səcdələr. (Bunlar insanın əvvəldə qeyd olunan baş və ya əsas üzvlərinə bərabərdir).

b) Namazın vacib olan qeyri-rüknləri: Qiraət (“Fatihə” surəsi, başqa bir surə) və vacib zikrlər. (Bu da insanın işçi üzvlərinə işarədir).

c) Namazın müstəhəb hissələri: Qunut, təşəhhüddə sağ ayağın üstünü sol ayağın alt hissəsinə qoymaq, müstəhəb zikrlər və s. (Bunlar isə insanın zinət üzvlərinə işarədir).

Keçmiş zamanlarda ən qiymətli və mühüm hədiyyələrdən biri kəniz[72] idi. Hədiyyə verən şəxs kənizin gözəlliyinə, qamətinə xüsusi diqqət yetirirdi.

Namazqılanın namazı Haqq-təalaya olan ən qiymətli və mühüm hədiyyədir. O, yuxarıda zikr olunmuş üç hissəni layiqincə yerinə yetirməlidir ki, Allah-təalanın dərgahında qəbul edilib bəyənilsin.

Təəssüflər olsun ki, hədiyyə olunan bəzi namazların ya başı, ya ayağı, ya gözü, ya da ki, başqa bir üzvü yoxdur.

NİYYƏTİN FƏLSƏFƏSİ

Başda namazın ruhu olmaqla bütün vacib və müstəhəb ibadətlərin hamısı niyyətə bağlıdır. Qəlbin qəsd etməsinə və yaxınlıqla ixlasın birlikdə gözlənilməsinə niyyət deyilir. Qürbət (yaxınlıq) dedikdə məkan yaxınlığı yox, mənəvi yaxınlıq nəzərdə tutulur. İxlas isə yalnız Allahın razılığını düşünüb Onun dərgahına yaxınlaşmaqdan ibarətdir.

Başqa sözlə, bəndənin əməlləri məxluqata (insanlara) və maddi mənfəətlərə xatir olmamalıdır.

İmam Sadiq (ələyhissalam)-

الَّذِى خَلَقَ الْمَوْتَ وَ الحَْيَوةَ لِيَبْلُوَكُمْ أَيُّكمُ‏ْ أَحْسَنُ عَمَلا

“Ölümü və həyatı yaradan kəs (Allah) hansınızın daha yaxşı əməl sahibi olduğunuzu imtahan etmək istəyir”[73] ayəsinin təfsirində belə buyurur:

“Pərvərdigarın “daha yaxşı əməl” kəlməsində məqsədi “ən çox əməl” deyildir. Allah-təalanın məqsədi budur: “Sizi ən düzgün əməllə imtahan edər.” Ən düzgün əməl isə yalnız Allahdan (günah etməkdə) çəkinmək və sadiq (saf, xalis) niyyətdən ibarətdir.”

Sonra həzrət əlavə edib buyurdu:

“Xalis əməl ondan ibarətdir ki, Allahdan başqa bir kəsin səni tərifləməsinin intizarında olmayasan. Həqiqətən, niyyət əməldən üstündür.”[74]

Göründüyü kimi, bu rəvayətdə xalis əməl yalnız Allaha xatir olan əməl kimi tanıtdırılmışdır. Xalis niyyətin ən yüksək dərəcəsi isə Cənnətin nemətlərinə, Cəhənnəmin qorxusuna, duaların qəbul olmasına, nemətlərin şükrünə görə olmayan niyyətdir. Bu barədə imam Əli (ələyhissalam) buyurmuşdur:

(Pərvərdigara!) “Sənə Cəhənnəm atəşinin qorxusuna və ya Cənnətin nemətinə görə ibadət etmirəm. Səni yalnız ibadətə layiq bildiyim üçün ibadət və sitayiş edirəm.”[75]

Məşhur alimlərin nəzərində hədisdə qeyd olunan bu üç məqsəddən hər hansı biri insanda olsa, Allah dərgahında qəbuldur. Quran ayələrinin bəzisi bu mətləbə işarə edir. O cümlədən;

وَ ادْعُوهُ خَوْفًا وَ طَمَعًا

-“Onu (Allah) qorxu və ümidlə çağırın.” [76]

إِنَّهُمْ كَانُواْ يُسَرِعُونَ فىِ الْخَيرَْاتِ وَ يَدْعُونَنَا رَغَبًا وَ رَهَبًا

- “Onlar həmişə xeyir iş görməyə can atmaqla yanaşı qorxu və ümid içində bizi (Allahı) çağırırdılar.”[77]

Ayələrdən bu əməllərin (qorxu və ümid) düzgünlüyü aydın olur.

“Kafi” kitabının müəllifi mərhum “Kuleyni” imam Sadiqdən (ələyhissalam) belə bir rəvayət nəql edir:

“Allahın bəndələri üç dəstədən ibarətdir. Bir dəstə Allah- təalanın onlara əzab verəcəyindən qorxaraq ibadət edir. Bu, qulların ibadətidir. Başqa bir dəstə savab qazanmaq üçün Allaha ibadət edir. Bu isə tacirlərin ibadətidir. Sonuncu dəstə isə Allaha sonsuz məhəbbət bəslədiyi üçün Ona ibadət edirlər. Bu da azad insanların ibadətidir. Ən üstün ibadət məhz budur.”

Bu hədisə əsasən hər üç dəstənin ibadətinin düzgün olması bir daha aydınlaşır.

Lakin ibadət camaata xatir olsa, insan riya məqsədilə özünü onların gözündə böyütmək istəsə və kiminsə onu tərif etməsi intizarında olsa, bu ibadət batildir. Hətta belə əməl ibadət olmasına baxmayaraq ən böyük günahlardan biri sayılar.

Riyasız olan digər yaxşı işlərə gəldikdə isə, məsələn, həm insanın Allahın razılığından ötrü, eyni zamanda nəfəqədən xilas olmaq üçün qul azad etməsini, yaxud həm Allaha görə, həm də sərinlik üçün dəstəmaz almasını, yaxud da həm Allahın razılığı üçün, həm də yeməkdən pəhriz saxlamaq üçün oruc tutmasını fiqhə aid olan bəhslərdə bəyan etmişəm. Əgər bu növ niyyətlər əsl məqsəd, qəsdi-qürbət (Allahın razılığı) isə ikinci dərəcəli hədəf olarsa, həmin əməl batildir. Amma əksinə olarsa, həmin əməl düzgündür. Fəqihlərin fətvası da bu prinsipə əsaslanır.

Riyadan uzaq olan hər bir ibadət Allah dərgahında bəyənilib qəbul olunacaqdır. Bu nöqtə rəvayətlərin birində belə bəyan olunur:

“Gizlində verilən sədəqə, aşkarda verilən sədəqədən çox-çox üstündür. Çünki gizlin verilən sədəqədə heç bir riya yoxdur.”

Həmçinin, gizlində zikr və dua, aşkarda edilən zikr və duadan üstündür. Evdə qılınan nafilə namazları da məsciddə qılınan nafilə namazlarından fəzilətlidir.

Hər bir ibadətdə niyyətin pak və xalis olması barədə çoxlu ayə və rəvayətlər mövcuddur. “Bəyyinə” surəsinin 5-ci ayəsində belə buyurulur:

‏ وَ مَا أُمِرُواْ إِلَّا لِيَعْبُدُواْ اللَّهَ مخُْلِصِينَ لَهُ الدِّين

“Onlara – Allaha kamil ibadət etməkdən başqa bir şey əmr olunmamışdır.”

Hədislərin birində belə buyurulur:

“Həqiqətən, bütün əməllər niyyətə bağlıdır.”[78]

Başqa bir hədisdə isə belə buyurulur:

“Möminin niyyəti əməlindən üstündür.”[79]

Niyyətdə qəlbin qəsd etməsindən əlavə iki vacib və iki müstəhəb əmr də lazımdır. İki vacib əmr “qürbət” və “ixlas”dan ibarətdir. Səhih sənədə əsasən Zürarədən[80] nəql olunan rəvayət bu mətləbə aşkar şəkildə işarə edir:

İmam Məhəmməd Baqir (ələyhissalam) buyurur:

“Hər hansı bir əməli yerinə yetirib Allahın razılığını qazanmaq və axirət sarayını əldə etmək istəyən şəxs əlavə olaraq camaatın razılığını da həmin əmələ daxil etsə, müşrik sayılar.”[81]

İki müstəhəb əmr isə “hüzuri-qəlbin və diqqətin”, digəri də “xuzu və xuşu”nun olmasından ibarətdir. Sonuncuları aydınlaşdırmaq istərdik:

1) Qəlbin hüzuru və diqqəti;

Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:

“Qəlbin hüzuru və diqqəti ilə qılınmayan namaz namaz deyil.”[82] Qəlbin diqqəti olamadan qılınan namazın etibarı və qiyməti Allah- təalanın dərgahında aşağı düşəcəkdir. Namazda qəlbin diqqəti və hüzuru hansı səviyyədə olsa, həmin miqdarda da qəbul olunacaqdır. İmam Baqir (ələyhissalam) buyrmuşdur:

“Namazqılan bəndənin namazı o zaman qəbul olacaqdır ki, qəlbi və diqqəti namazda olsun.”

Başqa bir məsum (ələyhissalam) belə buyurur:

“Hər kəs namaz qılarkən dünyəvi işləri fikrindən çıxarıb hüzuri- qəlblə namazını tamamlasa, bütün günahları bağışlanacaq.”

Başqa bir yerdə buyurulur:

“Namaz möminin meracıdır. Əlbəttə ki, məqsəd möminin ruhunu asimana qaldıran namazdır.”

Qəlbin diqqəti ilə qılınan namaz o namazdır ki, namaz vaxtı ruh maddi aləmlə əlaqəsini kəsib mənəvi aləmi seyr etsin. Namazda hüzuri-qəlbin ən üstün nümunələrini məsumlar (ələyhimussalam) bizə öyrədir. Biz namazda o həzrətlərin dərəcəsinə çata bilməsək də, çalışmalıyıq ki, namaz qılarkən heç olmasa, dünyəvi işləri zehnimizdən uzaqlaşdıraq. Əgər hər gün yavaş-yavaş bunu özümüzə aşılasaq, hüzuri-qəlb əldə edəcəyik.

İmam Əli (ələyhissalam) namaz qılarkən dəfələrlə bihuş olurdu.

Tarixdə o həzrətin yaralı vəziyyətdə namaz qılarkən mübarək ayağından oxun çıxarılması hadisəsi məşhurdur.

Bir gün Əli ibn Hüseyn[83] (ələyhissalam) namaz halında ikən övladlarından biri quyuya düşür, lakin həzrətin diqqəti namazdan yayınmır.

Namazda diqqət və qəlbin iştirakı haqqında hədislərlə kifayətlənib mühüm bir nöqtəni nəzərinizə çatdırırıq:

Yəqin ki, günəşin böyüdücü şüşə (linza) vasitəsilə kağızı necə yandırdığını müşahidə etmisiniz. Görəsən bu böyüdücünün fəaliyyəti nədən ibarətdir? Cavab: Həmin böyüdücü aldığı günəş şüalarını mərkəz bir nöqtədə cəmləşdirir. Həmin nöqtədə yığılmış istiliyin hərarəti böyüdücünün bütün səthinə saçılan şüaların hərarətinə bərabərdir.

Namazqılan da fikrini cəmləşdirib hüzuri-qəlblə namaz qılsa, bu

prosesi onun zehnində və qəlbində öz işini görməyə başlayacaq. Namazqılan şəxsdə bu hal yarandıqda böyüdücü şüşə günəş şüalarını bir yerə cəmləşdirdiyi kimi namazqılan da öz vücudunu Allah-təalanın feyzini dərk etmək üçün hazırlaşdıracaq. Belə ki, deyirik: Allah-təalanın rəhmətinin və feyzinin nuru hər yeri bürümüşdür. Bu nuru əldə etmək və ilahi eşq atəşinə bürümək üçün gərək özümüzdə güc toplayaq.

Başqa bir misal: Fotoaparatın obyektivi ətrafa yayılmış işığı bir yerə toplayıb müəyyən olunmuş nöqtədə cəmləşdirir. Sonra həmin işığı fotoaparatın şüşəsinə ötürür və əksi çəkilmiş əşya orada həkk olunur.

Əgər biz də namaz halında ilahi feyzin nurunu bir yerə toplasaq, həmin nur qəlbimizdə həkk olub ilahi rəng və rövnəq tapar.[84]

2) Xuzu və xuşu;[85]

Xuzu bəndənin qəlbən Allah-təalaya olan tam diqqəti, Onun sonsuz əzəməti qarşısında öz kiçikliyini, ehtiyacını bildirməsi ilə, ümid və qorxu içində bir haldan ibarətdir. Xuşu isə bəndənin zahirdə Allah-təalaya qarşı izhar etdiyi ədəb-ərkandan ibarətdir.

Bu iki hal Yaradana olan inamı, vüqar və ədəbi bildirir. Allah-təala “Möminlər” surəsində buyurur:

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فىِ صَلَاتهِِمْ خَاشِعُون

“Həqiqətən, möminlər nicat tapdılar. (Onlar) o kəslərdir ki, namazlarında müti olub boyun əyərlər.” [86]

Aydınlaşdırıcı bir nöqtə:

“Nur və elm” jurnalında gəlmiş bir məqalənin xülasəsini nəzərinizə çatdırıram:

“Əgər hər bir şəxs öz mövqeyinin zəifliyini və acizliyini bütün aləmlərin Yaradıcısı olan Allah-təalanın əzəməti qarşısında dərk etsə, şübhəsiz həmin şəxsin vücudunda xuzu və xuşu haləti özünü biruzə verəcək. Bu iki mərhələni daha dərindən tanıyan insanda acizlik hissi (əlbəttə ki, yalnız Allah qarşısında) güclənəcək. Necə ki, Quran buyurur:

إِنَّمَا يخَْشىَ اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَؤُا “Bəndələrin arasında yalnız alimlər Allahdan çəkinərlər.”

Bu cəhətdən də din xadimləri Allahı tanımaqla yanaşı həmişə öz acizliklərini və zəifliklərini etiraf etmiş, qorxu və ümid, xuzu və xuşu halları vücudlarında yüksək səviyyədə cilvələnmişdir.

Allahın əziz Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) namazda öz məhbubuna elə məftun olurdu ki, dünya dağılsaydı belə o həzrətə heç bir təsir göstərməzdi.

İmam Zeynəlabidin (ələyhissalam) namaz qılarkən titrəyər və mübarək gözlərindən sel kimi yaş axıdardı.

Görəsən, nə üçün biz belə bir məqama çata bilmirik? Çünki biz hələ Allah-təalanı lazım olduğu kimi tanımamış və bəndəliyin əsl həqiqətini dərk etməmişik.

Adi bir adam uca bir məqam sahibinin və ya vəzifədə olan bir şəxsin hüzuruna çağırılıb onun qəbuluna daxil olduqda diqqətini cəmləşdirib ədəb qanunlarına riayət etməyə çalışır. Halbuki, həmin məqam sahibi mütəal Allahın aciz və zəif bəndələrindən hesab olunur. Onlara əta olunan qüdrət, məqam, var-dövlət Allah-təala tərəfindəndir. Elə isə Allah-təalanın dərgahına üz tutan şəxs aləmlərin Yaradıcısı və bütün sultanların Sultanı qarşısında diqqətini daha da cəmləşdirməli, ədəb qanunlarını ciddi surətdə yerinə yetirməlidir.

XUZU VƏ XUŞUYA SƏBƏB OLAN ƏMƏLLƏR

1.Namazda kimin müqabilində durduğumuzu, kiminlə söhbət etdiyimizi, həmçinin qiraət, rüku və səcdə barəsində düşünək.

2.Namazın hər kəlməsinin mənasına diqqət yetirək.

3.Qiraət edərkən tələsmədən və aram vəziyyətdə, hüzuri-qəlblə qiraət edək.

4.Qəlbimizə kənar fikirlər gələndə onlardan uzaqlaşıb Allahı yad etməyə çalışaq. Əgər belə etməsək, müxtəlif dünyəvi fikirlər qəlbimizə sürətlə hücum edib bizi namazın həqiqi faydasından məhrum qoyacaq.

5.Ətrafa baxmamağımız, hisslərimizin cəmləşdirilməsi, həmçinin xuzu və xuşu əldə edilməsi üçün səcdə olunan məkana, ya möhürə diqqət yetirək. Bu barədə rəvayətlərdə belə buyurulmuşdur:

“Rüku halında pəncələr arasına, səcdədə burunun yanlarına, qunut tutarkən əllərin içinə və oturaq vəziyyətdə libasa (ətəyə) baxılmalıdır”.

“Süst və yuxulu halda namaz qılmayın!”

Qurani-Kərim buyurur:

لَا تَقْرَبُواْ الصَّلَوةَ وَ أَنتُمْ سُكَارَى

“Məst halında namaza yaxınlaşmayın.” [87]

Namazın faydası o zaman kamil olur ki, namazqılan fikrindən dünyəvi işləri çıxarıb diqqətini yalnız məbdəyə (Allaha) yönəltsin. Bu barədə “Maun” surəsinin 4 və 5-ci ayələrində belə buyurulur:

فَوَيْلٌ لِّلْمُصَلِّينَ الَّذِينَ هُمْ عَن صَلَاتهِِمْ سَاهُون

“Vay olsun, o namazqılanlara ki, namazlarında səhlənkarlıq edirlər.”

Namaza diqqət o qədər əhəmiyyətlidir ki, məsumlar (ələyhimussalam) dəfələrlə bu nöqtəni vurğulamış, bu barədə çoxlu hədislər nəql etmişlər. Hədislərin birində belə buyurulur:

“Qəlbin diqqəti olmadan qılınan namaz namaz deyil”.

İslam Peyğəmbəri həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm)

buyurur:

“Bəndə namaza durduğu zaman onunla Allah arasında olan (pərdə) ortadan qalxır və Allah-təala ona nəzər salır. Mələklər onunla bərabər namaz qılaraq duasının müstəcəb olması üçün “Amin” deyərlər. Asimandan onun üçün xeyir və bərəkət nazil olar. Sonra bu nida eşidilər: Əgər bilsəydin kiminlə münacat edirsən, diqqətini namazdan başqa bir şeyə yönəltməzdin.”

Başqa bir rəvayətdə isə belə buyurulur:

“Cismi ilə qəlbini birlikdə namaza hazır etməyən şəxsə Allah-təala nəzər salmaz.”

İmam Baqir (ələyhissalam) buyurur:

“Nafilə namazları vacib namazlarda hüzuri-qəlbə varid olan nöqsanları aradan qaldırmaq üçün tövsiyə olunmuşdur.”

Möminin qəlbi kompasın əqrəbi kimi olmalıdır. Belə ki, kompas istənilən istiqamətə döndərilsə, onun əqrəbi yenə də öz təbii halına qayıdaraq cənuba üz tutacaq. Namazqılanın da diqqəti Allahdan yayınsa, cəld yenidən diqqətini əvvəlki halına qaytarmalıdır.

Namazda diqqət və hüzuri-qəlb əldə etmək çox çətindir. Çünki insanın fikri dünyəvi işlərlə məşğuldur və dənizin üzərindən ötüb səs-küy salan dalğalara bənzəyir. Bundan əlavə fikirləri azdırmaq və ələ keçirmək üçün pusquda durmuş şeytan münasib fürsət axtarır. Ürək bir anlığa Allahdan qafil olduqda şeytan qoşunu hücum edərək qəlb səngərini ələ keçirir. Lakin qəlbin qəflətdən ayıldığını hiss edən şeytan qoşunu çarəsiz olaraq qaçmağa üz tutur. Şair bu barədə belə deyir:

Könül əğyarların lat yeri deyil,

Div çıxsa, mələklər gələsidir bil.

AZAN VƏ İQAMƏNİN FƏLSƏFƏSİ

Azan kilsə zəngi müqabilində dayanan ən böyük İslam şüarıdır. Onların müqayisəsini pak vicdanlı oxucuların öhdəsinə buraxırıq. Azanın cümlələrinin mənasına diqqət insanı qəflət yuxusundan oyadır, bizi cəlbedici maddi aləmdən uzaqlaşdırıb diqqətimizi mənəvi aləmə doğru yönəldir. Bəzən Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) dünyəvi işlərdən uzaqlaşmaq üçün azanı xatırladıb buyurardı:

يا بلال ارحنا

Ey Bilal! Bizi feyzə çatdır!”

Müəzzin azan verən zaman xalis tövhid nidası və sonuncu Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) nübüvvəti ictimai fəzada bir daha işıqlanır. Bu ən böyük bir şüar olmaqla yanaşı, müsəlmanların, o cümlədən qeyri-müsəlmanların ruhiyyəsinə və qəlbinə nüfuz edərək dərin bir iz buraxır.

Azanda Allah-təalanın əzəmətinə, Onun yeganəliyinə, nübüvvətə və namazın sifətlərinə (nicat tapmaq, ən yaxşı əməl) iqrar edilir.

Azan Qiyamət gününün bərpası üçün İsrafil mələyin (ələyhissalam) üfürəcəyi birinci sura işarədir. (Birinci sur ruhların bədənlərdən ayrılmasına, ikinci isə ruhların yenidən bədənə qaytarılmasına işarədir).

Azan və iqamənin faydaları, həmçinin savabı barəsində bir çox rəvayətlər nəql edilmişdir.

Azan kazarmada xidmətdə olan əsgərlər üçün səslənən şeypura bənzəyir. Əsgərlər şeypurun səsini eşidən kimi cəld, lazım olan ləvazimatı (güllə, silah və s.) götürüb müəyyən olunmuş mərkəzdə sıraya düzülməklə xidmətə hazır olduqlarını bildirirlər.

Həmçinin müsəlman, azanın səsini eşitdikdə mənəvi aləmlə əlaqə yaratmaq məqsədilə bütün diqqətini Allah-təalaya yönəldərək özünü tələsik namaz qılınan məkana çatdırır. Quran bu barədə belə buyurur:

يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ إِذَا نُودِىَ لِلصَّلَوةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْاْ إِلىَ‏ ذِكْرِ اللَّهِ ‏

“Ey iman gətirənlər, cümə günü namaza nida olunduğu (azan verildiyi) zaman Allahı yad etməyə tələsin.” [88]

TƏKBİRLƏRİN FƏLSƏFƏSİ

Namazın başlanğıc hissəsi olan təkbiri dilə gətirməklə bütün adi işlər insana haram olur. Necə ki, imam Əli (ələyhissalam) bu barədə belə buyurur:

Allahın Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) belə buyurmuşdur: “Namazın müqəddiməsi dəstəmazla, bütün adi işlərin haram olması təkbirlə və halal olması isə namazın sonundakı salamladır.”[89]

Təkbirlərin[90] istər azanda və iqamədə, istərsə də namazın əvvəlindən sonuna kimi zikr olunmasının fəlsəfəsi budur ki, insanlar Allahın əzəmətini yada salıb, dünyanı və maddiyyatı kiçildərək Yaradana olan diqqəti daha da gücləndirsinlər. Dünyəvi işlərdən uzaqlaşaraq namazda hüzuri-qəlb tapmaqla ilahi heybətə ürəklərində yer versinlər.

“Təkbiratul-ihram” (niyyətdən sonra vacib olan təkbir) namazın rüknündən sayılır. Namazın həqiqəti məbudun əzəmətini izhar etməkdən ibarətdir. “Əllahu Əkbər” kəlməsi də bu həqiqəti aşkar şəkildə xatırladır. Təkbirin mənası budur ki, “Allah Böyükdür,” təsəvvür olunan hər bir şeydən ucadır. “Əllahu Əkbər”, yəni Allahın əzəməti və böyüklüyü bizim mərifət, düşüncə və təsəvvürümüzün fövqündədir.

Ey xəyaldan uzaq, oxşarsız olan,

Haqqında dedilər biz də eşitdik.

Əfsus ki, ömrümüz çatmaqda sona,

Sənin vəsfin üçün axı nə etdik!

Əlləri qulaqların müqabilində qaldırıb təkbir deməyin mənası budur ki, Allahdan başqa hər şeydən uzaqlaşıb, hüzuri-qəlblə və kamil diqqətlə Onunla ünsiyyətdə rahatlıq tapmaq istəyirəm.

QİYAMIN FƏLSƏFƏSİ

Namazın vacibatlarından biri də qiyamdır. Qiyam (ayaq üstə durmaq) namazın mühüm hissələrindən və rüknündən sayılır. Qiyamda zəlillik, xuzu və xuşu özünü büruzə verir. Böyüklərin hüzurunda ayaq üstə durmaq ədəb və hörmət, onlardan icazəsiz oturmaq isə ədəbsizlik əlamətidir. Qiyam və namazın ruhu da deyilənlərə işarədir.

Müstəhəb namazları ayaq üstə qılmağın savabı oturaq halda qılmaqdan çoxdur. Ayaq üstə oxunan xütbə və ya moizələr də üstündür. Belə ki, cümə namazında, fitr və qurban bayramları namazlarında xütbə yalnız ayaq üstə oxunmalıdır. İslam bu namazlarda oturaq halda xütbə oxunmasını qəti surətdə qadağan edir. Onu da qeyd edək ki, İslam tarixində oturub xütbə oxuyan şəxs Müaviyə olmuşdur.[91]

Namazda qiyam halında durmaq məhşər günündə sıraya düzülüb əməllərə görə cavab verəcəyimizi xatırladır. Qurani-Kərim bu barədə buyurur:

يَوْمَ يَقُومُ النَّاسُ لِرَبّ‏ِ الْعَالَمِين‏

“O gün ki, insanlar aləmlərin Pərvərdigarı üçün ayağa qalxarlar.”[92]

Başqa bir ayədə isə belə buyurulur:

يَوْمَ يَقُومُ الرُّوحُ وَ الْمَلَئكَةُ صَفًّا لَّا يَتَكلََّمُونَ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَانُ وَ قَالَ صَوَابًا

“O gün ki, ruh və mələklər sıraya düzülərək ayağa qalxarlar və (Allahın izni olmadan) danışmazlar.”[93]

Bu kimi ayələrin nümunəsi camaat namazında özünü büruzə verir. Belə ki, namaz qılanlar pişnamazın arxasında sıraya düzülməklə danışıq ixtiyarını əldən verir, sakit halda onun qiraətinə qulaq asırlar. Zahiri qiyam həqiqi qiyama işarədir. Yəni səbir edib ayaq üstə durmaq əsl hədəfə çatmaq üçündür.

Məsələn, zalım əməvi hökumətinə qarşı vuruşan imam Hüseynin (ələyhissalam) qiyamı və ya İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) küfrə qarşı qiyamı əsl hədəfə çatmaq üçün idi. Bu sayağ qiyama, hədəfə kamil iman nəticəsində çatılır. Necə ki, İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) Allaha və əvvəlki peyğəmbərlərə, mələklərə,

kitablara imanı vardı. Quran ayəsi bu nöqtəyə işarə edir:

ءَامَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ

“Peyğəmbər Pərvərdigarı tərəfindən ona nazil olana iman gətirmişdir.[94]

Lakin nəzəriyyə və fərziyyəyə əsaslanan alimlərin məqsədi iman və yəqinə əsaslanmır. Buna misal öz əqidəsinin əleyhinə çıxan Qalileyi göstərmək olar. İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) isə bu sözləri “Hər nə istəsən sənə verərik, bir şərtlə ki, bizim tanrılarımızla işin olmasın!”-deyən müxaliflərin cavabında belə buyurur:

“Əgər günəşi sağ, ayı sol əlimə versəniz, heç vaxt əqidəmdən dönmərəm.”[95]

İmam Hüseynin (ələyhissalam) də Yezidə beyət etməsi üçün onun nümayəndələri tərəfindən buna oxşar vədlər verilirdi. Amma imam (ələyhissalam) cavabında buyururdu:

“Mənim kimisi heç vaxt zalım və fasiqin birisinə beyət etməz. Mən elə şəxslərin ətəyində tərbiyə almışam ki, onları qorxutmaq və ya şirnikdirməklə heç vaxt hədəflərindən ayıra bilməzdilər.”

Həzrət Əli (ələyhissalam) “Hüneyn” müharibəsində azsaylı mücahid möminlərlə birlikdə dözüm və müqavimət göstərərək düşmən qoşununu yarıb İslam Peyğəmbərini (salləllahu ələyhi və alihi və səlləm)

müdafiə edirdi. Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) uca boylu əmisi Abbas fərarilərə üz tutub uca səslə deyirdi: “Ey ağacın altında Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm) beyət edənlər! Hara qaçırsınız?”

Həmçinin “Ühüd” döyüşündə səhabələrin əksəriyyəti canlarının qorxusundan qaçmağa üz tutdular. İmam Əli (ələyhissalam) və Həmzə Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) qorumaq üçün düşmənlə qızğın vuruşurdular. Nəhayət, Həmzəni şəhid etdilər. İmam Əli (ələyhissalam)

təkbaşına Allahın elçisini (salləllahu ələyhi və alihi və səlləm) müdafiə edirdi. O, mübarək bədəninə dəyən qılınc yaralarına baxmayaraq öz hədəfindən əl çəkmirdi. Allah-təala da buna xatir Öz qələbəsini o həzrətə əta edi. Quran bu barədə belə buyurur:

إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزََّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ

“Həqiqətən, Allah bizim Pərvərdigarımızdır deyən, sonra isə müqavimət gostərən kəslərə mələklər nazil olar.” [96].

Allah-təala haqq yolda səbir və müqaviməti mədh edir. Həmçinin onlara (səbir və müqavimətə) görə böyük bir mükafat təyin edərək Öz Peyğəmbərinə dözüm, müqavimət əmr edir.

“Şura” surəsinin 15-ci ayəsində buyurulur:

فَلِذَالِكَ فَادْعُ وَ اسْتَقِمْ كَمَا أُمِرْتَ وَ لَا تَتَّبِعْ أَهْوَاءَهُمْ

“Elə isə sənə əmr olunduğu kimi müqavimət (səbir, dözüm) göstər və onların istəklərinə tabe olma.”

“Hud” surəsinin 112-ci ayəsində isə belə buyurulur:

فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَ مَن تَابَ مَعَكَ

“Elə isə sənə əmr olunduğu kimi müqavimət göstər. Həmçinin səninlə birlikdə olub (Allaha doğru) qayıdanlar da (müqavimət göstərsinlər).”

Deməli, Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) öz müqavimətindən yox, əksinə ümmətin müqavimətsizliyindən yorulur və qocalırdı.[97]

Bəlkə də imam Zamanın (ələyhissalam) ləqəblərindən biri olan “Qasim” buna görə o həzrətə verilmişdir ki, həzrət müxaliflərə qarşı mübarizə və qiyam edərək müqavimət göstərəcəkdir.

Vaxtilə İslam qoşununun baş komandanı Musa Nəsir Avropanı fəth etmək fikrinə düşdükdə Tariq ibn Ziyad adlı qulamını döyüşə aid məlumatlar toplamaq üçün İspaniyaya göndərdi. Tariq oraya çatıb düşmən qoşununun ruhiyyəsini zəif gördükdə hücuma münasib fürsət olduğunu hiss etdi. Öz-özünə fikirləşib dedi ki, əgər mən bu məlumatı baş komandana göndərib cavabını gözləsəm, uzun çəkəcək. O vaxta kimi düşmən ayılıb bizə güclü zərbə endirə bilər.

Buna görə də o, belə bir qəti qərara gəlib əmr etdi: “Üzüb gəldiyimiz bütün gəmilərin hamısına od vurub yandırın!”

Onun bu əmrinə bəziləri etiraz edib dedilər: “Sən gəmilərimizi yandırmaqla bizi evimizdən və əzizlərimizdən birdəfəlik ayırmaq istəyirsən?”

Tariq dedi: “Müsəlman ayrıca yuvası olan toyuq kimi deyil.”

Sonra yerindən qalxıb indiki “Cəbəlut-tariq” adlanan dağın ətəyində dayanıb odlu bir nitq söylədi: “Ey camaat! Hal-hazırda arxanızda təlatümlü bir dəniz, qarşınızda isə saysız-hesabsız düşmən ordusu var. Onların anbar dolu azuqə və silahı, sizin isə güclü pəncələriniz və qılınclarınız var. Elə isə özünüzü göstərin!”

Bu həyəcanlı və təhrikedici xütbədən sonra müsəlmanların qeyrəti cuşa gəldi və düşmən qoşununa hücuma keçdilər. Onlar qarşıya çıxan bütün çətinliklərə dözüb müqavimət göstərməklə İspaniyanı fəth etməyə nail oldular.

Ümumiyyətlə, həyatda ümid vasitəsi ilə yaşamaq mümkündür. Bu isə insanları yaxşı və rahat yaşaması üçün fəaliyyətə sövq edir. Hər iki dünyada səadətə qovuşmaq üçün isə bütün müşküllərin qarşısında müqavimət göstərmək lazımdır.

Böyük şəxsiyyətlərin hər bir sahədə müvəffəqiyyətə çatmalarının və istədikləri məqsədlərə nail olmalarının sirri onların səbrinə, dözümünə və müqavimətinə bağlıdır. Lazımi məqsədə çatmaq üçün bunlar şərtdir. Bu qəbil şəxsiyyətləri qarşıya çıxan heç bir problem qorxutmaz. Çoxları fəaliyyəti dövründə xırda bir çətinliklə üzləşən kimi ümidini üzərək başladığı işi yarımçıq qoyur və nəticədə hər şeyi əldən verir. Lakin böyük şəxsiyyətlər səy göstərməkdən əlavə heç bir çətinlikdən məyus olmur və başladığı işdən möhkəm yapışaraq sona kimi öz qüvvələrini əsirgəmirlər.

İslamın böyük alimlərindən olan Əbu Cəranə belə deyir: “Mən müqavimət və qorxmazlıq dərsini “cəranə” adlı həşəratdan (bu səbəbə görə onun ləqəbi Əbu Cəranədir) öyrəndim. Bir gün Dəməşq məscidində “Safi” sütununun küncündə əyləşmişdim. Gördüm ki, bu həşərat saf olan həmin sütunun yuxarısındakı çırağa doğru hərəkət etmək istəyir. Yuxarıya qalxmaq istəyən bu canlı diqqətimi cəlb etdi. Sütunun üstü sürüşkən olduğundan bu həşərat sütunun ortasına çatdıqda sürüşüb yerə düşürdü. Bu cərəyan yeddi yüz dəfə təkrar olundu. Nəhayət, o, öz məqsədinə çatdı. Onun polad kimi güclü iradəsinə təəccüblənmişdim. Həmin həşəratın öz məqsədinə çatdığına və sanki arzusunu qoynuna alaraq çıraq ətrafında oturduğuna şahid oldum.”

Napoleon deyir: “Müharibələrdə tez-tez məğlubiyyətə uğramağıma baxmayaraq qorxub çəkinmədim. Nəticədə qələbə çalmağı öyrəndim.”

“Şəhide əvvəl”in “Lümə” kitabı, mərhum Xacə Nəsirəddin Tusinin “Şərhe işarat” əsəri, o cümlədən bir çox məşhur kitablar zindanda qələmə alınmışdır.

Həzrət Əli (ələyhissalam) “Nəhcül-bəlağə”də buyurur:

“Bilin ki, səhra ağacları susuzluq, tufan, güclü küləklərlə üzləşməsinə baxmayaraq möhkəm və davamlıdırlar. İnsan da müqavimət göstərməklə möhkəmlənir.[98]

Ümidvarıq ki, namazdakı qiyam hər gün həyat dərsimizin bünövrəsi olsun.

NAMAZIN ASTADAN VƏ UCADAN QILINMASININ FƏLSƏFƏSİ

Namazı bəzən astadan, bəzən ucadan qılmağın öz gözəllikləri və hikmətləri vardır. Belə ki, ucadan qılmaq eşitmə vasitəsilə insanın beyin sinirlərində böyük təsirlər və izlər buraxır. Asta qıldıqda isə insanda aramlıq yaranır. Yaradana yaxınlıq hissi və ixlas aşkar olur. Buna görə də zikrləri səssiz demək yaxşıdır. Qurani-Kərim “Əraf” surəsinin 55-ci ayəsində buyurur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَةً

“Pərvərdigarınızı yalvarışla və ahəstə olaraq çağırın.”

Həmin surənin 205-ci ayəsində isə belə buyurulur:

وَ اذْكُر رَّبَّكَ فىِ نَفْسِكَ تَضَرُّعًا وَ خِيفَةً وَ دُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَ الاَْصَالِ

“Pərvərdigarını qəlbində zəlil halda, astadan, səhər-axşam yad et.”

Sakit və astadan edilən zikrlər riyadan uzaqdır. Gizlində verilən sədəqə aşkar şəkildə verilən sədəqədən qat-qat üstün olduğu kimi, namazda da qiraətin astadan oxunması riyadan uzaqdır. Buna aid rəvayətlər də mövcuddur.

Namazı yavaş qılarkən bütün diqqət beyinə yönəlir. Şəriətdə namazı uca və asta qılmaq məsələsi təsdiqlənmişdir. Bunların hər ikisinin incəlikləri var. Lakin zöhr və əsr namazlarının ahəstə, şam, xiftən və sübh namazlarının isə ucadan qılınmasının sirri və fəlsəfəsi hələ də kəşf edilməmişdir.[99] Buna görə də vacibdir ki, bu göstərişləri ibadi bir əməl kimi qəbul edək. Ola bilsin ki, gələcəkdə elmin inkişafı nəticəsində namazı asta və uca qılmağın fəlsəfəsi aydınlaşsın.

“Munacat” kəlməsi “nəcva” kökündəndir. İki nəfərin bir-birilə ahəstə söhbətinə “nəcva” deyilir. Bu cəhətdən də Allah-təala ilə yavaş və astadan edilən söhbətə “munacat” deyilir.

“Safi” kitabında “Əraf” surəsinin 55-ci ayəsinin təfsirində belə bir rəvayət vardır:

“Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə səhradan keçib bir məntəqəyə çatdı. Bu zaman səhabələrin təkbir və təhlil səsləri göyə ucaldı. Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu: “Nə üçün səsinizi ucaldırsınız? Allahı ahəstə çağırın və ahəstə zikr edin! Məgər Allah sizdən uzaqdır? Sizə yaxın məhz Odur və O, hər şeyi eşidəndir.”

“İddətud-dai” kitabının 243-cü səhifəsində deyilir:

“Peyğəmbəri-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) Əbuzərə buyurdu: “Allahı zikr et və “xamil” zikr et!”

Əbuzər soruşdu: “Xamil nə deməkdir?”

Həzrət buyurdu: “Ahəstə”.

Salavat barəsində çoxlu rəvayətlər mövcuddur. Lakin onlardan yalnız biri salavatın ucadan zikr edilməsini vurğulayır. Ola bilsin ki, həmin hədisin fəlsəfəsi bundan ibarətdir ki, Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) mübarək adı dünyaya yayılsın. Necə ki, Qurani-Kərim bu barədə buyurur:

وَ رَفَعْنَا لَكَ ذِكْرَك

“Adını sənin üçün (aləmlərdə) ucaltdıq.” [100]

Rəvayətlərin birində belə buyurulur:

“Gizlində edilən zikrin savabı aşkarda edilən zikrdən yetmiş dəfə çoxdur.”[101]

Yenə də həmin kitabın 283-cü səhifəsində zikrin mərtəbələrini sayaraq onu dörd hissəyə ayırır:

-Aşkar zikr.

-Gizli zikr.

-Qəlb zikri.

Allahı həmişə göz önündə hazır bilmək. Bu şərtlə ki, həmin hiss günahın tərk edilməsinə və itaətə səbəb olsun.

Bəziləri namazın ucadan qılınmasının fəlsəfəsi barəsində belə demişlər: “Namazda oxunan qiraət sanki Quranın qiraəti ilə eynidir. Həmçinin namazdan əlavə zikrlər də ucadan deyilməlidir ki, Allaha diqqətdən həm dil, həm qəlb və həm də qulaq öz məhbubunun kəlamını eşidərək ləzzət alsın. Azanı uca səslə demək möminlərə ruhi ləzzət bəxş edir.

Lakin namazın astadan qılınması yuxarıda qeyd olunan incəliklərdən məhrumsa da, əvəzində iki boru ilə axan suya bənzəyir. Belə ki, əgər onlardan biri bağlansa, digərinin cərəyanı artacaq. Bu cəhətdən də namaz qılınanda beyinə verilən güc artır və namaz qılanın qəlbinin diqqəti güclənir. Namaz qılan istəyir ki, uca səslə bütün bədən üzvlərinə namazın əhəmiyyətini çatdırsın.

Cəbrail mələk vasitəsilə imtahana çəkilən həzrət İbrahim (ələyhissalam) Allahın mübarək adını eşitmək üçün bütün var-dövlətini fəda etdi.[102]

QURAN VƏ NAMAZIN ƏRƏB DİLİNDƏ OXUNMASININ FƏLSƏFƏSİ

İlk baxışdan hər bir insanın nəzərində namazı öz ana dilində qılmaq məqbul və adi sayıla bilər: “Əgər məqsəd Allahı çağırıb Onunla ünsiyyət yaratmaqdırsa, yaxşı olar ki, mənasını anladığım ana dilində ünsiyyət qurum”!

Lakin bu mövzunu araşdırıb ona diqqətlə nəzər salsaq, namazın dua, münacat və digər ibadətlərdən fərqləndiyinə, həmçinin onda bir sıra hikmətlər olduğuna şahid olarıq.

Hər bir şəxs öz dilində Allah-təala ilə razü-niyaz edə bilər və bunun heç bir maneəsi yoxdur. Amma namazın başqa bir yönümü də var və onun batinində sirlər və hikmətlər gizlənmişdir. Onlardan bəzilərinə işarə edirik:

-Dünya müsəlmanlarının həmahəngliyi;

Yer kürəsinin müxtəlif yerlərində irq və fikir ayrılığından asılı olmayaraq namazda günün müəyyən saatında müsəlmanlar üzlərini bir qibləyə tutaraq Allaha dua edib hacətlərini istəyir və arzu-istəklərini kənara qoyub özlərinin dini vəhdətini bütün dünyaya nümayiş etdirirlər.

-Təhrifdən[103] amanda qalma;

Ərəb dili vasitəsilə bu vacibat (namaz) hər bir dəyişiklik və saxtakarlıqdan amanda qalır. İslamın əvvəllərindən bu günədək, eləcə də Qiyamət gününə kimi bu ibadət kiçik bir dəyişikliksiz yerinə yetirilmişdir və yetiriləcəkdir.

Əgər namaz hər millətin öz dilində qılınsaydı və buna şəriət icazə versəydi, məlumdur ki, minlərlə nöqsan üzə çıxıb namazın surətini dəyişdirərdi. Lakin namazın ərəbcə qılınmasının vacibliyi onu hər bir təhrifdən və dəyişiklikdən qoruyur.

-Namazın həqiqətinin və incəliklərinin amanda qalması;

Namazın əsl camalında olan incəlik və lətafət onun tərcüməsində mövcud deyildir. Necə ki, Qurani-Kərimin dünyanın müxtəlif dillərinə tərcümə olunmasına baxmayaraq onun ərəbcə oxunuşu, həmçinin məqamı və lətafəti insanları özünə cəzb edir. Uyğun gözəlliklər Quranın tərcüməsində yoxdur.

Məlumdur ki, Hafizin, Sədinin və Xəyyamın divanı müxtəlif dillərə tərcümə edilmişdir. Lakin onları əsl nüsxələri ilə müqayisə etdikdə tərcümədə incəlik və gözəlliklərin olmadığını müşahidə edərik.

-Qurani-Kərimə diqqətin artması;

Bizim müqəddəs kitabımız olan Qurani-Kərim Allah elçisinin (salləllahu ələyhi və alihi və səlləm) ən böyük möcüzəsi sayılır. Onun mühüm bir hissəsi[104] isə namazın oxunuşuna aiddir. Buna görə də Quran hər bir təhrifdən amanda qalmalıdır. Namazın ərəbcə oxunuşu və ona aid olan ayələrin qiraəti bu həqiqəti təsdiqləyir.

- İslam dünyasının biri-birilə vəhdət bərqərar etməsi;

Əlaqə və rabitə yaratmaq üçün Yer kürəsinin hər hansı bir nöqtəsində yaşayan müsəlmana beynəlmiləl bir dil bilməsi zəruridir. Xüsusilə kiçik bir evə bənzəyən bugünkü dünyada insanların biri-birilərini anlaması üçün vahid bir dil olmalıdır ki, hər fərd öz məqsədini aşkar surətdə çatdıra bilsin.[105]

Beynəlmiləl bir dil kəşf etmək istəyən və bunun üzərində çox zəhmət çəkmiş doktor Rematov adlı birisi “Esperanto” xəttini kəşf edir. Bu xəttin başqa dillərdən asan olmasını düşünən doktor bir çox fəaliyyətdən sonra müsbət bir nəticə əldə edə bilmir.

Lakin on dörd əsr bundan qabaq İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) bu həqiqəti nəzərə alaraq fəsahətli və zəngin olan ərəb dilini beynəlmiləl dil kimi bütün dünyaya tanıtdırmışdır. Buna görə də müsəlmanların müqəddəs kitabı olan Quran hər gün oxunmalı və onun qanunlarına əməl edilməlidir. Əlbəttə ki, vacibatlardan ən mühümü və Quran dilində olan namaza birinci növbədə əhəmiyyət verilməlidir. Buna görə də bütün dünya müsəlmanları ərəb dilini öyrənməyə çalışır, Quran və namazın mənasını bilmək istəyir. Belə ki, bu dil beynəlmiləl bir dilə, İslam vəhdəti xəyala yox, həqiqətə çevrilib xaricdə öz əksini tapsın.

Dayaz düşüncəli “Kəsrəvi” adlı birisi dini münasibətləri kənara qoyaraq fars dilini beynəlmiləl bir dilə (özünün dili ilə desək, “pak dil”ə) çevirmək istəyirdi.

Amma dərin düşüncəli və uca məqamlı İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) məqsədi bu idi ki, ərəb dili vasitəsi ilə bütün dünya müsəlmanları arasında sıx əlaqə yaratsın.

İslam dini Qiyamətə qədər bərqərar olduğu kimi ərəb dili də əsrlər boyu yaşayasıdır.

Məşhur məsihi bir yazıçı deyir: “İslam Peyğmbərinin (salləllahu ələyhi və alihi və səlləm) əzəmətini dərk etmək üçün onun ərəb dilini yaşadıb bu dili öyrənməyi bütün İslam davamçılarına vacib bilməsi kifayət edər. Çünki irqindən və milliyyətindən asılı olmayaraq hər bir müsəlmana vacibdir ki, namazı Allah dili (yəni onların dini və səmavi kitabının dili) olan və dinin rəsmi dili sayılan ərəb dilində qılsın.”

Qəzetlərin birində bildirilir ki, Avropa məktəblərində ərəb dili dərs proqramına daxil edilmişdir. Lakin İslamın və Quranın ziddinə olan Kəsrəvi kimiləri ərəb dili ilə qatı düşmənçilik etməklə bir sıra bəhanələr irəli sürüb deyirlər: “Biz öz ana və əsil olan fars dilimizi yad ərəb lüğətindən təmizləyib nicat verməliyik. Ümumi şəkildə fars dili zinətlənməli və ona qarışmış ərəb lüğəti çıxarılmalıdır.”

O, öz məqaləsində və ya “Pak dil” adlı kitabında deyir:

“Avropanın ötən yüzilliyində yaşayan sosialistlərin və dünyanın tərəqqisi üçün çalışan şəxslərin fikri beynəlmiləl bir dilin ortaya çıxarılması idi. Onlar istəyirdilər ki, dünyada mövcud olan dillərdən əlavə elə bir dil olsun ki, hamı onu öyrənsin. Belə ki, əgər müxtəlif dillərdə danışan iki nəfər söhbət edərkən biri-birilərini başa düşə bilməsələr, həmin dildən istifadə etsinlər.”

Bu arzu keçən yüzillikdə izhar olunsa da və bu dil (hamının dili) üzərində səy göstərilsə də heç bir müsbət nəticə əldə olunmadı. Vahid bir dilin olmaması insanların ən böyük çətinliklərindəndir və həyatda böyük maneələr yaradır. Bu qədər texnikanın (radio, televizor, teleqraf, telefon, dəmir yolu, təyyarə, avtomobil və s.) inkişafı sayəsində dünya bir növ kiçilmiş və ölkələr biri-birinə yaxınlaşmışdır.

Lakin bu problem (vahid bir dilin olmaması) ən böyük maneə olaraq insanların biri-birinə yaxın əlaqələrdən faydalanmasının qarşısını alır. Buna görə də London radiosu çarəsizlikdən 44 dildə fəaliyyət göstərir.

Mütəxəssislər arasındakı söhbətlərdən belə qərara alındı ki, dünyada olan dillərdən heç birini “hamının dili” seçmək qeyri-mümkündür. Çünki hər hansı bir dilin öyrənilməsi illərlə vaxt aparır və bu da çox çətin bir məsələdir. Bunun üçün də dilçi alimlərin bəzisi yeni bir dilin icad olunması fikrinə düşdülər.

Polşa alimlərindən olan Zamanov adlı birisi Esperanto dilini öyrənməyi təklif edib, bu dilin bir aydan üç aya kimi öyrənilməsinin mümkün olduğunu qeyd etdi. On altı asan qaydadan ibarət olan bu dilə aid müxtəlif dillərdə kitab yazılmasına baxmayaraq, Esperanto dili inkişaf etmədi və doktor Zamanov kimilərinin arzusu ürəyində qaldı. O və onun köməkçiləri bu dili insanların ehtiyacı bilərək onu genişləndirməyə səy edirdilər. Lakin ünvan düz olsa da lazımi qüvvə sərf olunmurdu.

Fars dili isə çoxlu kitabı və oxucularından əlavə öz güclü təsiri vasitəsilə dünyaya səs salır. Bu nailiyyətlər fars dilinin geniş yayılmasında böyük ümid verir.”[106]

Müəllif deyir: “Zamanov və onun tərəfdarları, həmçinin bir sıra xalqların ciddi səyi nəticəsində Esperanto dilini beynəlmiləl bir dilə döndərmək arzusu puça çıxdı. Deməli, Kəsrəvinin fars dilini beynəlmiləl dilə çevirmək arzusu da xülyadır və necə deyərlər, “hamının dili”ni icad etmək üçün İlahi qüvvəyə ehtiyac vardır. Buna görə də Allah-təala İslamın dini kitabı olan Quranı ərəbcə göndərib namazı həmin dildə qərar verdi ki, bu dil beynəlmiləl dilə çevrilib bütün yer üzündə təsdiqlənsin.”

İBN SİNA VƏ BƏHMƏNYAR

Bəhmənyar İbn Sinanın ən yaxın və xüsusi şagirdlərindən sayılırdı. Onun öz ustadına olan sonsuz əlaqə və məhəbbəti bu sözləri təkrar etməyə vadar edirdi: “Ey ustad! Yüksək elmi məqamınıza və hər bir sahədə uca rütbəyə malik olduğunuza görə peyğəmbərlik iddiasında olsanız, camaat sizin sözünüzü qəbul edər. Çünki onların qəlbləri sizinlədir.”

Lakin o, ustadından bu mövzuda nə mənfi və nə də müsbət cavab ala bildi.

Bir müddət ötdü. Qış fəslinin şaxtalı və soyuq bir gecəsində ustadla şagird öz isti yataqlarında uzanmışdılar. Bu vaxt İbn Sina Bəhmənyarı səsləyib susuzluğunu dəf etmək üçün ondan bir stəkan su gətirməsini xahiş etdi. Lakin Bəhmənyar tənbəllik edib isti yerindən qalxmaq istəmədi və bəhanə gətirərək ustadının xahişini rədd etdi.

Sübh azan səsi “Əllahu Əkbər, Əşhədu ənlə iləhə illəllah, Əşhədu ənnə Muhəmmədən rasulullah” eşidildikdə İbn Sina fürsəti qənimət bilib şagirdinə dedi: “Sənin irəli sürdüyün təkliflərə azan cavab verdi.”

Bəhmənyar soruşdu: “Necə bəyəm?”

Ustad cavab verdi: “Sən hamıdan çox məhəbbət bəsləməyinə baxmayaraq susuzluğumu aradan qaldırmaq üçün mənə bir stəkan su belə qıymadın və məni susuz qoyub itaətimdən boyun qaçırdın. Amma səsini eşitdiyin bu müsəlman kişi (müəzzin) soyuq və şaxtalı havada minarəyə qalxıb sonuncu Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) buyuruğunu, özü də məcburi şəkildə deyil, əksinə rəğbət və məhəbbətlə yerinə yetirir. Bu müstəhəb əməl (azan demək) həqiqi iman qüvvəsinə bağlıdır. Peyğəmbərliyə layiq Məhəmməddir (salləllahu ələyhi və alihi və səlləm), nəinki İbn Sina.”

Gərək Kəsrəvi və Zamanov kimilərinə deyilsin: “Sizin fars və ya Esperanto dilini beynəlmiləl dilə çevirməyiniz heç vaxt baş tutmayacaq. Çünki sizin bu təkliflərinizin arxasında qəzəb və təəssüb dayanır.

Amma maddiyyat aləmindən daha üstün və ərəbcə nazil olmuş Qurana, namaza sonsuz məhəbbət qaynağı “iman qüvvəsi” qeyri-təbii qüvvədir. Belə bir iman dünyaya təkan verib beynəlmiləl bir dil təklif etməyə səlahiyyətlidir.”

Bernard Şou bu barədə deyir: “İslam dini dünyaya təkan vermək üzrədir. Quran elə bir kitabdır ki, bütün bəşəriyyətə səadət yolunu göstərir. Onun vasitəsilə Yer kürəsində yaşayan bütün insanların siyasi, iqtisadi və təbii müşküllərini həll etmək olar. Quran bəşəriyyətin dini kitabına, ərəb dili isə beynəlmiləl bir dilə çevrilə bilər.”

Londonda nəşr edilən “İslam məktəbi” jurnalında Rivyu adlı bir şəxsin “Nə üçün Allaha ərəb dilində ibadət edək?” məqaləsi çap edilmişdir. Bu məqalənin bəzi hissələrini xülasə şəkildə nəzərinizə çatdırırıq:

“Əgər İslam hər hansı bir irqə və ya millətə məxsus bir din olsaydı, hər bir şəxs öz məntəqəsinə aid olan dildə bütün ibadətləri yerinə yetirərdi. Amma İslam beynəlmiləl bir dindir və onun ardıcılları yüzlərlə ayrı-ayrı dillərdə danışırlar.

Hal-hazırda bizim yaşayışımız beynəlmiləl yönüm aşılamaqdadır və hər bir şəhərdə müxtəlif dillərdə danışan çoxlu müsəlman vardır. Təsəvvür edin ki, bir ingilis müsəlman Çinə gedir. Yolda bir şəxsin Çin dilində “Çinq,Çanq,Çunq” (yəni Allah Böyükdür) sözlərini eşidir. Məlumdur ki, milliyyətcə ingilis olan bu müsəlman çinlinin nə dediyini başa düşməyəcək. Nəticədə o, camaat və ya cümə namazında iştirak edə bilməyəcək.

Onu da qeyd edək ki, Çində olan məscidlər Fransanın və ya İngiltərənin məscidlərinə oxşamır. Minarəsi olmadığına və tikilişi fərqləndiyinə görə məscidləri adi evlərdən seçmək çox çətindir. Belə olan surətdə, dünya dindarları arasında müştərək üsulların olması zəruridir. Namaza dəvətdə və onun ibadi formullarının icrasında da əsasi üsulların olması lazımdır ki, müxtəlif dillərdə danışan bu məzhəb ardıcılları həmin üsullara bir qaydada riayət etsinlər.”

Rivyu məqaləsinin başqa bir hissəsində belə deyir: “Araşdırdıqda görürük ki, əsl nüsxəsi vəhylə bağlı olan bu kitabdan (Quran) savayı bütün başqa din kitabları tərcümədən ibarətdir və vəhyə əsaslanan bir mənbəyə malik deyildir. Müsəlmanlar üçün bundan da böyük iftixar ola bilərmi? Bəli, yalnız Qurani-Kərimdir ki, vəhy olunmuş və dəyişilməmiş çəkildə müsəlmanların ixtiyarındadır.

Qustav Lobon deyir: “Müxtəlif məzhəblərdən olan müsəlmanlar iki şeydə müttəfiqdirlər. Onlardan birincisi ərəb dili (Quran və namaz vasitəsilə), ikincisi isə milyonlarla müsəlmanın eyni bir məkanda və eyni zamanda bir yerə cəmləşib həcc əməllərini yerinə yetirməsidir.

Təbəqəsindən asılı olmayaraq hər bir müsəlmanın Quranı ərəbcə oxuması lazımdır. Belə nəticəyə gəlirik ki, ərəb dili dünyanın hər yerində yayılmış dillərdəndir. İslamın sürətli inkişafı və Quranın yayılması müxalif qrupları heyrətə salmışdır.”[107]

XATIRLAMA

Cənab Şarlın İslam əhkamının fəlsəfəsi barəsində nəzərini xatırlamaq yerinə düşərdi. Onun bəzi sözlərini yada salıram:

“İslam dini həmişə tənbəlliyin və süstlüyün əleyhinə olmuş, səy və ciddiyyət əmr etmişdir.

Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) sözləri və əməlləri dediyim mətləbi sübut edir. Belə ki, bir gün İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) öz səhabələri ilə bir neçə nəfərin yanından keçərkən onlardan birinə salam vermədi, lakin o həzrət qayıdarkən həmin şəxsə salam verir. Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu hərəkətinin səbəbini soruşurlar. Buyurur:“Birinci dəfə onu bekar gördüm deyə, salam vermək istəmədim. Qayıdan vaxt isə onun işlə məşğul olduğunu müşahidə etdim və buna görə də salam verməyi özümə lazım bildim və onu bu salamdan məhrum etmədim.”

Bu fövqəladə kəlamın böyük fəlsəfəsi var və bəşər əqli bunu dərk etməkdə acizdir. Həqiqətən də, Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu kəlamı cəmiyyətin islahı üçün çox dəyərlidir.

Namazın müəyyən və münasib vaxtlarda qılınmasının da hikməti var. İşlə məşğul olan şəxslər üçün namaz istirahət, işsizlər üçün isə faydalı bir hərəkət sayılır. Bu da ümumi sağlamlığın qorunması üçün faydalıdır.”

Cənab Şarl başqa bir məqamda deyir: “Burunun daxilində çox nazik tüklər mövcuddur. Bu tüklərdə mikroskobla görünə bilən 500 mindən çox mikrob vardır. Dəstəmaz alarkən “məzməzə” (ağız daxilini üç dəfə yaxalamaq) və “istinşaq” (burunun daxilini üç dəfə yumaq) vasitəsilə həmin mikroblar fəaliyyətdən düşür.”[108]

Bu alim (cənab Şarl) namazın fəlsəfəsinə maddi nöqtədən də yanaşmış və bəzi hikmətlər açıqlamışdır. Lakin biz bu maddi yönümü zikr etmək istəmirik. Çünki namazın mahiyyəti elə yüksəkdir ki, onu maddiyyatla ölçmək və müqayisə etmək düzgün olmaz. Əslində namaz bir nərdivana bənzəyir ki, bizi pillə-pillə maddi aləmdən mənəvi həyata doğru çəkir və namazqılanın maddi aləmdən olan qəlbinə ərş aləmindən bir qapı açır.

NAMAZIN TƏRCÜMƏSİ VƏ ONUN ZİKRLƏRİ

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيم‏

(Bismilləhir-Rahmənir-Rahim)[109]

Yəni ümumi rəhmətini bütün məxluqlara, məxsus rəhmətini isə yalnız möminlərə şamil edən Allahın adı ilə başlayıram.

الْحَمْدُ لِلَّهِ رَبّ‏ِ الْعَلَمِين

(Əlhəmdulilləhi-Rabbil-ələmin)

Yəni bütün aləmin mövcudatını yoxluqdan yaradan və onlara həyat bəxş edən Pərvərdigara sonsuz şükür və təriflər olsun. O, mələkut aləmini, atomu, ulduzları və s. tərbiyə (hidayət, sövq) edəndir.

Sədi deyir:

Allahın fəzlini kim saya bilər,

Mindən birin şükrün kim deyə bilər.

Dənizi, torpağı, ağacı, səni,

Yaradan yaratdı gündüz, gecəni.

Bu saysız nemətin şükrü çox çətin,

Adını çəkməyə çatmaz qüdrətin.

O lətif Yaradan yer xalısına,

Minlərlə xal vurmuş, baxım hansına.

Ulduzlar səmada doğdu ki, insan,

Bir ibrət götürsün bu sirr dünyadan.

الرَّحْمَنِ الرَّحِيمِ

(Ər-Rahmənir-Rahim)

Yəni bəndələrinə qarşı Mehriban olan Allah onların bütün ehtiyaclarını təmin edir. Hər bir canlının, o cümlədən, suda və quruda yaşayanların, gözə görünən və görünməyən məxluqların ruzisini yetirir. Dost, düşmən, müvəhhid, müşrik, kafir, bütpərəst Onun ehsan süfrəsindən bəhrələnir. Bu, elə bir geniş süfrədir ki, hər bir məxluq Onun bir ömür qonağıdır.

مَلِكِ يَوْمِ الدِّين

(Məliki-yəvmiddin)

Yəni O, həmin Allahdır ki, “məvud” (qayıdış, yenidən dirilmək) günü “cəza” adlı bir məhkəmədə ədaləti bərpa etmək üçün Ona itaət edənlərə layiqli mükafat, günahkarlara isə ağrılı işgəncə verəcək.

إِيَّاكَ نَعْبُدُ

(İyyəkə-nəbudu)

Yəni yalnız Sənə bəndəlik edib heç bir məxluqu Sənin işlərində təsirli bilmirik. Şeytana, nəfsimizə, var-dövlətə, qızıla, gümüşə və s. bəndəçilik etməkdən uzaqlaşırıq.

وَ إِيَّاكَ نَسْتَعِين

(Və-iyyəkə-nəstəin)

Yəni yalnız Səndən kömək və yardım diləyirik. Aləmdə bütün işlərin təsiri Sənin tərəfindəndir.

صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيرِْ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لَا الضَّالِّيناهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ

(İhdinəs-siratal-mustəqim­. Siratal-ləzinə-ən-əmtə-ələyhim ğayril-məğzubi-ələyhim-vələzzallin)

Yəni İlahi! Bizi doğru yola hidayət və bizə rəhbərlik et! O doğru yola ki, peyğəmbərləri və imamları hidayət etdin. Sənin qəzəbləndiyin kəslərin (yəhudilərin) və haqq yoldan azmışların (məsihilərin) yoluna yox!

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِقُلْ هُوَ اللَّهُ أَحَد

(Bismilləhir-Rahmənir-Rahim. Qul-huvəllahu-əhəd)

Yəni de ki, çağırıb ibadət və bəndəlik etdiyin O Allah Yeganədir. “Əhəd”in mənası yeganə, “vahid”in mənası isə bir deməkdir və vahid müəyyən baxımdan “iki” ola bilər. Məsələn, siz burada bir nəfərsiniz. Yəni bir nəfərdən artıq deyilsiniz və yanınıza başqa bir nəfərin gəlib “iki”olmağınız ehtimalı var. Amma heç vaxt “siz yeganəsiz” deyilə bilməz. Çünki “bir” olmağınızla bərabər həm də çoxsunuz. Yəni siz mürəkkəb olaraq vücud, mahiyyət, o cümlədən bədəndən, ətdən, dəridən, sümükdən, qandan, əzələlərdən, əsəb sistemindən, milyardlarla hüceyrələrdən və s. ibarətsiniz. Bizim kimi yer üzündə 6 milyarddan çox insan mövcuddur.

Lakin Allah-təalanın yeganəliyi bizim mürəkkəb birliyimiz kimi deyil. Onu nə zehnlə, nə təsəvvürlə, nə də xəyalla tərkibləndirmək olmaz və bu qeyri-mümkündür.

اللَّهُ الصَّمَدُ

(Əllahus-saməd)

Yəni Allah hər şeydən ehtiyacsızdır[110] və bütün məxluqatın Ona ehtiyacı var.

لَمْ يَلِدْ وَ لَمْ يُولَد

(Ləm-yəlid-və-ləm-yuləd)

Yəni Ondan kimsə dünyaya gəlməmiş və Onu bir kəs dünyaya gətirməmişdir. Bu barədə məsihilərin bəziləri deyir: “İsa peyğəmbər (ələyhissalam) Allahdan dünyaya gəlmişdir. Yəni ata və anadan dünyaya gəlməmişdir.

وَ لَمْ يَكُن لَّهُ كُفُوًا أَحَد

(Və-ləm-yəkul-ləhu-kufuvən-əhəd)

Yəni Allaha oxşar, tay və s. bir şey, ya bir şəxs yoxdur.

سبحان ربي الاعظيم و بحمده

(Subhənə-rabbiyəl-əzimi-və-bihəmdih)

Yəni Böyük olan Allah hər bir eyb və nöqsandan uzaqdır. Mən Ona sitayiş edirəm.

سبحان ربي الاعلي و بحمده

(Subhənə-rabbiyəl-ələ-və-bihəmdih)

Yəni Uca olan Allah hər bir eyb və nöqsandan uzaqdır. Mən Ona sitayiş edirəm.

اشهد ان لا اله الا الله وحده لا شريك له واشهد ان محمدا عبده و رسوله

(Əşhədu-əl-lə-iləhə-illəllah. Vəhdəhu-lə-şərikə-ləh. Və-əşhədu ənnə-Muhəmmədən-əbduhu-və-rasuluh)

Yəni şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Həmçinin şəhadət verirəm ki, Məhəmməd (sallallahu ələyhi və alihi və səlləm) Onun bəndəsi və elçisidir.

اللهم صل علي محمد و ال محمد

(Əllahummə-salli-ələ-Muhəmməd-və-əli-Muhəmməd)

Yəni İlahi! Məhəmməd (sallallahu ələyhi və alihi və səlləm) və onun Əhli beytinə (ələyhimussalam) Öz salavatını (rəhmətini) göndər.

سبحان الله

)ٍSubhənəllahi)

Yəni Allah hər bir eyb və nöqsandan uzaqdır.

الْحَمْدُ لِلَّهِ و

(Vəlhəmdulilləhi)

Yəni sitayiş yalnız Allaha məxsusdur.

لا اله الا الله و

(Və-lə-iləhə-illəllahi)

Yəni Allahdan başqa məbud yoxdur.

والله اكبر

)Vəllahu-əkbər)

Yəni Allah bizim vəsf edib düşündüyümüzdən çox-çox böyükdür.

اسلام عليك ا يهاالنبي و رحمة الله و بركاته

(Əssələmu-ələykə-əyyunnəbiyyu-və-rahmətullahi-və-bərakətuh) Yəni salam olsun Sənə, ey haqq olan Peyğəmbər (sallallahu ələyhi və alihi və səlləm)! Allahın rəhmət və bərəkəti Sənə olsun!

اسلام علينا و علي عباد الله الصالحين

(Əssələmu-ələynə-və-ələ-ibədilləhissalihin)

Yəni salam olsun bizə və Allahın layiqli bəndələrinə!

اسلام عليكم و رحمة الله و بركاته

)Əssələmu-ələykum-və-rahmətullahi-bərakətuh)

Yəni salam olsun sizə, ey Allahın layiqli bəndələri! Allahın rəhmət və bərəkəti sizə olsun!

QUNUTUN FƏLSƏFƏSİ

Namazın müstəhəb əməllərindən biri də qunutdur. İkinci rəkətin rükusundan qabaq yerinə yetirilən ruku imamiyyə məzhəbində müstəhəb sayılır. Namazqılan şəxs qunutda əllərini yuxarı qaldırıb ahu-zar etməklə Allah-təaladan dünya və axirət hacətlərini istəyib Həzrət Haqqı “təmcid”[111] edir. Namazdan sonra da “təqib”[112] ünvanında müxtəlif zikrlər, o cümlədən “təsbih”[113], “təhmid”[114], “təhlil”[115], “təkbir”[116] və dua etmək müstəhəbdir.

Qüdsi hədislərin birində belə buyurulur:

“Təqibatı tərk etmək namazın qəbul olmamasına, onu yerinə yetirmək isə əməlin qəbuluna səbəb olur.”

Başqa bir yerdə isə belə buyurulur:

“Hər kəsin dəstəmazı batil olsa və özünü pak edib yeni dəstəmazla namaz qılsa, sonra namaz qurtaran kimi dua etməsə, həqiqətən o, zülm etmişdir. Həmçinin, bir kəsin dəstəmazı batil olsa, özünü pak edib yeni dəstəmazla namaz qılıb axırda dua etsə və Mən onun duasına cavab verməsəm, onda Mən zülm etmişəm. Bir halda ki, Mən zalım deyiləm.”

Namazın özündə qunut və təqibdən əlavə başqa dualar[117] da mövcuddur. Bu cəhətdən də “salət”[118] kəlməsi əslində dua mənasındadır. Çünki istər namazın vacibatında, istər müstəhəbbatında (qunutda), istərsə də təqibatında (qəbul olma şərtində) dua və razü-niyaz vardır.

DUA VƏ RAZÜ-NİYAZIN FƏLSƏFƏSİ

Hər bir ibadətin həqiqəti və ruhu bəndə ilə məbudun, xaliqlə

məxluqun arasında rabitə yaratmaqdan ibarətdir. Bu həqiqət yalnız dua və razü-niyaz vasitəsilə hasil olur. Hətta heyvanlar, bitkilər, cansızlar öz təkvini (təbii) dilləri ilə ardıcıl olaraq hacətlərini Allahdan istəyirlər. “Ər-Rəhman” surəsinin 29-cu ayəsində buyurulduğu kimi:

يَسَْلُهُ مَن فىِ السَّمَاوَاتِ وَ الْأَرْضِ كلَُّ يَوْمٍ هُوَ فىِ شَأْن

“Göylərdə və yerdə hər bir şey Ondan öz ehtiyaclarını diləyirlər. O, (Allah) hər gün iş görməkdədir (ehtiyacları ödəməkdədir).”

Allah-təala aləmlərin nizamını özünü idarə prinsipi üzərində qərar verməmişdir. Əksinə, O, qeybi yardımları ilə həmişə Öz işindədir. Hər bir mövcudu idarə edir və onların bütün ehtiyaclarını ödəyir.

Razü-niyazın fəlsəfəsi Allahı zikr etməkdən ibarətdir. “Taha” surəsinin 50-ci ayəsində buyurulur:

قَالَ رَبُّنَا الَّذِى أَعْطَىكلَُّ شىَْءٍ خَلْقَهُ ثمَُّ هَدَى

“Dedi ki, bizim Pərvərdigarımız hər bir mövcudata lazım olan hər bir şeyi yetirib onları hidayət edir.”

İnsan dili ilə hacətini istəyib özünün zati fəqirliyini və Pərvərdigarın sonsuz ehtiyacsızlığını etiraf edir. Quran buyurur:

يَأَيهَُّا النَّاسُ أَنتُمُ الْفُقَرَاءُ إِلىَ اللَّهِ وَ اللَّهُ هُوَ الْغَنىُِّ الْحَمِيد

“Ey insanlar, sizin hamınız fəqir və Allaha möhtacsınız. Ehtiyacsız və sitayişə layiq olan yalnız Allahdır.” [119]

İbn Fəhəd “İddətud-dai” kitabında dua haqqında Əhli-beytin (ələyhimussalam) mübarək kəlamlarını şərh və təfsir etmişdir. O cümlədən deyir:

İmam Sadiq (ələyhissalam) buyurur:

“Dua dütün ibadətlərin fövqündə durur.”[120]

Başqa bir hədisdə buyurulur:

“Allah-təalanın yanında ən sevimli əməl dua və razü-niyazdan ibarətdir.”[121]

Yenə də buyurulur:

“Ən fəzilətli ibadət duada öz bəndəliyini izhar etməkdir.”[122]

Allah-təala Qurani-Kərimdə bizi duaya təşviq etmiş, onu tərk edəni və təkəbbür göstərəni isə pisləmişdir. Necə ki, “Qafir” surəsinin 60-cı ayəsində buyurulur:

ادْعُونىِ أَسْتَجِبْ لَكمُ‏ْ إِنَّ الَّذِينَ يَسْتَكْبرُِونَ عَنْ عِبَادَتىِ سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِين‏

“Məni çağırın ki, duanızı qəbul edim. Tezliklə ibadət etməkdən boyun qaçıran təkəbbürlü kəslər xar və zəlil halda Cəhənnəmə daxil olacaqlar.”

Başqa bir ayədə isə belə buyurulur:

وَ إِذَا سَأَلَكَ عِبَادِى عَنىّ‏ِ فَإِنىّ‏ِ قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لىِ وَ لْيُؤْمِنُواْ بىِ لَعَلَّهُمْ يَرْشُدُون‏

“Mənim barəmdə soruşan bəndələrimə de ki, həqiqətən, Mən onlara yaxınam. Məni çağırıb dua etdikləri zaman cavab verərəm. Buna görə də düzgün yolu tapsınlar deyə dəvətimi qəbul etməlidirlər.” [123]

“Əraf” surəsinin 55-ci ayəsində isə belə buyurulur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَ خُفْيَة

“Pərvərdigarınızı ahu-zarla aşkar və gizli surətdə çağırıb dua edin.”

Namazın fəlsəfəsi zikrdən ibarətdir. Belə ki, “Taha” surəsinin 14-cü ayəsində buyurulur:

وَ أَقِمِ الصَّلَوةَ لِذِكْرِى

“Məni zikr (yad) etmək üçün namaz qıl.”

Həmçinin, duanın fəlsəfəsi zikrdən ibarətdir. Çünki namazın adlarından olan “zikr” Qurnın da adlarındandır. Quranı tilavət etmək zikrdir. Günahı tərk etmək də zikr hesab olunur. Namazın hissələri Quran, zikr və duadan ibarətdir. Duanın və razü-niyazın ruhu isə zikrdir.

Yaxşı olar ki, qunutda və təqibatda bəzi rəvayətlərdə nəql olunmuş məxsus zikrlər oxunsun. Çünki Quran, dua və zikr hər üçü eyni məqsəd daşıyır.

“Vəsailuş-şiə” kitabının qunut, təqib və qiraət bölmələrində bu məzmunda rəvayətlər nəql olunmuşdur. Həmçinin, “İddətud-dai” kitabında ibn Fəhəd Hilli Hişam ibni Salimdən, o da imam Sadiqdən (ələyhimussalam) belə bir rəvayət nəql edir:

“Allah-təala buyurur ki, hər hansı bir bəndə dua edərkən Mənim zikrimlə məşğul olub öz hacətini yadından çıxarsa, Mən ona öz hacətindən də artıq əta edərəm”

Bu rəvayət zikr və duanın razü-niyaz olmasını göstərir. Hətta zikr daha üstün olub razü-niyazın fəlsəfəsi hesab edilir. Namazda qunut və dualar nə qədər uzun olarsa, onun fəziləti də çox olar.

Rəvayətdə buyurulur:

Hər kəs namazda qunutu uzadarsa, qiyamət günü rahatlığı uzun çəkər.”[124]

Başqa bir rəvayətdə isə belə buyurulur:

“Qunutu uzun olan namaz ən üstün namaz sayılır.”[125]

XATIRLAMA:

Deyilənlərdən məlum oldu ki, namaz ibadət sayılır. Çünki o, üç tərkibdən (Quran, zikr və duadan) ibarətdir. Bu üç tərkibin məqsədi eynidir. Bəzi alimlər namazda duanı əsas bölmə hesab etməmişlər. Lakin qiraət, zikrlər, dualar, qunut və təqibat birlikdə ibadət hökmündədir.

NAMAZA VƏ QUNUTA AİD AYƏLƏR

1.

رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا حَسَنَةً وَ فىِ الاَْخِرَةِ حَسَنَةً

“Pərvərdigara, bizə dünya və axirətdə yaxşılıq əta et.” [126]

2.

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً إِنَّكَ أَنتَ الْوَهَّاب

“Pərvərdigara, bizi hidayət etdikdən sonra qəlblərimizi haqq yoldan uzaqlaşdırma və Öz tərəfindən bizə mərhəmət bəxş et. Çünki Sən Bağışlayansan.” [127]

3.

إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النهََّارِ لاََيَاتٍ لّأُِوْلىِ الْأَلْبَابِ

الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَمًا وَ قُعُودًا وَ عَلىَ‏ جُنُوبِهِمْ

“Həqiqətən, göylərin və yerin yaradılışında, həmçinin gecə və gündüzün hərəkətində düşünənlər üçün (aşkar) nişanələr var. Onlar ayaq üstə, oturanda və uzanmış halda Allahı zikr edən kəslərdir.”[128]

4.

رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِِين‏

“Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətdə biz ziyan çəkənlərdən olarıq.”[129]

5.

لَّا إِلَاهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنىّ‏ِ كُنتُ مِنَ الظَّلِمِين‏

“(İlahi !) Səndən başqa məbud yoxdur. Sən (hər bir eyb və nöqsandan) paksan. Mən zülmkarlardan idim.”[130]

Dua və ibadətin məqsədi nəfsani və şeytani istəklərə çatmaq deyil. Əksinə, əsl məqsəd bəndə-məbud yaxınlığını, həmçinin insanın zati acizliyini və Yaradanın ehtiyacsız olduğunu hiss etməkdən ibarətdir. Belə ki, ibadət sitayişin ən uca mərtəbəsi sayıldığı üçün nəfsə görə yox, vəzifənin düzgün yerinə yetirilməsi üçün olmalıdır.

Bəli, belə bir məqam razılıq və təslim olmaq nişanəsidir. O həzrət bütün vücudu ilə ibadətə qərq olmuşdu. Belə bir ibadətin həqiqəti də məhz zikrdən ibarətdir.

Dar düşüncəli insanlar deyirlər: “Dua etmək faydasızdır. Çünki xilqətdə heç bir dəyişiklik baş vermir. İstəsən də, istəməsən də bir iş məsləhətdirsə, olacaq, məsləhət deyilsə, olmayacaq. Belə olan halda duanın nə faydası?”

Bunun cavabı aydındır. Birincisi, dua və razü-niyaz dünya arzularına çatmaq üçün deyil və ibadət hesab olunur. İkincisi isə ola bilsin ki, Allahdan bir şey istəmədən ona çatmaq məsləhət deyil. İstədikdən sonra isə Allahın məsləhəti həmin şeyin əta edilməsi olur. Eyni ilə bu mətləb “İddətud-dai” kitabında və başqa rəvayətlərdə zikr edilmişdir. Quran buyurur:

قُلْ مَا يَعْبَؤُاْ بِكمُْ رَبىِّ لَوْ لَا دُعَاؤُكُمْ

“De, əgər dua etməsəniz, mənim Pərvərdigarım sizə əhəmiyyət verməz.” [131]

Nəticədə gərək hədəf maddi məqsədlərdən üstün tutulsun. Qurani-Kərim dünya hacətlərinə üstünlük verənləri məzəmmət edərək buyurur:

فَمِنَ النَّاسِ مَن يَقُولُ رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا وَ مَا لَهُ فىِ الاَْخِرَةِ مِنْ خَلَاق‏

“İnsanlardan bəzisi deyirlər ki, ey bizim Pərvərdigarımız, bizə yalnız bu dünyada (yaxşılıq) əta et. Lakin onlar üçün axirətdə heç bir bəhrə olmayacaqdır.” [132]

Bəli, bir şəxs axirəti istəməsə, onun üçün çalışmasa və ya ona inanmasa, ziyan çəkənlərdən olacaqdır.

Lakin başqa bir dəstə barəsində buyurulur:

وَ مِنْهُم مَّن يَقُولُ رَبَّنَا ءَاتِنَا فىِ الدُّنْيَا حَسَنَةً وَ فىِ الاَْخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّار

أُوْلَئكَ لَهُمْ نَصِيبٌ مِّمَّا كَسَبُواْ وَ اللَّهُ سَرِيعُ الحِْسَاب

“Onlardan bəziləri isə deyirlər ki, ey bizim Pərvərdigarımız,

bizə bu dunyada və axirətdə yaxşılıq əta et. Bizi Cəhənnəm atəşindən qoru. Onlar ələ gətirdikləri şeylərdən (dualar və saleh əməllərdən) bəhrələnəcəklər. Allah-təala hesaba tez yetişəndir.”[133]

Bu qrup insanlar axirətə inandıqları və dünyada fəaliyyət göstərdikləri üçün istədiklərinə yetişəcəklər.

RAZÜ-NİYAZ ALİMLƏRİN NƏZƏRİNDƏ

Materialist alimlərdən sayılan “Moris Meterlinq” razü-niyazı inkar edib deyir: “Yersiz bir şeydir. Bizim Allahdan bir şey istəməyimizin mənası budur ki, O, (Allah) öz vəzifəsini bilmir. Hətta bizim ehtiyaclı olduğumuz şeylərdən də xəbəri yoxdur. Deməli, bu istək batil bir şeydir.”

Nitse və Auqust Kant kimiləri də buna oxşar fikirlər demişlər. Bu şəxsiyyətlərin belə bir nəzər söyləmələrinin səbəbi bundan ibarətdir ki, onlar maddi elmlər barəsində çoxlu mütaliə etsələr də mənəvi elmlərdən çox-çox geridə qalmışlar. Buna görə də bəzən maddiyyatçı və mənəviyyatçı alimlər arasında ixtilaflar meydana gəlmişdir. Çünki hər kəs maddiyyata qərq olsa, mənəviyyatdan uzaqlaşıb həqiqəti görməyəcəkdir.

Moris Meterlinq kimilərinin düşüncələri mənəvi elmlərə münasibətdə çox dar və qüsurludur. Bu qəbil şəxsiyyətlər yersiz nəzər və hökmlərdən çəkinsələr yaxşıdır.

Spenser deyir: “Müasir dövrümüzdə dinin elm və hikmət ilə mübarizə apardığına şahid oluruq. Bu ona görədir ki, hər ikisi (din və elm) biri-birinin işinə qarışıb müdaxilə edirlər. Əgər savadsız bir şəxs hər hansı bir işdə yersiz hökm versə, çox da zərəri olmaz. Çünki onun bu hökmünə və ya irəli sürdüyü nəzərə kimsə əhəmiyyət verməz. Lakin müəyyən bir sahədə tanınmış bir alim özünə aid olmayan bir sahə üzrə nəzər versə, çoxlarını şəkk-şübhəyə salar. Buna görə də materialistlər mənəvi işlərə müdaxilə etməməli və yersiz mühakimələrdən çəkinməlidirlər.”

Moris Meterlinqin razü-niyazın əleyhinə olması yersiz və əsassız bir düşüncədən irəli gəlir. Elə bil ki, bir nəfər belə deyir: “Allah bütün bəndələrin ruzisini öz öhdəsinə götürmüşdür, buna görə də ruzi dalınca getməyimiz lazım deyil. Əgər ruzi ardınca getsək, ilahi vədin xilafına əməl etmiş olarıq. Nəticədə belə çıxar ki, biz Allahı ruzi verməyə Qadir bilmirik və Onun vədlərinə etimadımız yoxdur.

Göründüyü kimi, Morisin bu mülahizəsi çox yersizdir. Moris və onun kimilərin müqabilində Paskal, Felamaryon, Aleksis Karl kimi alimlər mənəviyyata üstünlük vermiş, dua və razü-niyaz haqqında müsbət fikir bildirmişlər. Beləliklə, razü-niyazı inkar edib onu bihudə sayan Moris, Nitse, Auqust kimilərinin razü-niyazın fəlsəfəsini və həqiqətini dərk etmədikləri məlum olur.

Bəli, hər kəs Yaradanla rabitədə olub dualardan ayrılmayıbsa, öz həyatında razü-niyazın ecazkar və xariquladə təsirini dəfələrlə görmüşdür. Xüsusilə müqəddəs məkanlarda, o cümlədən, övliyaların hərəmində və məscidlərdə dua, təvəssül, razü-niyaz vasitəsilə çoxları faydalı nəticələr əldə etmişlər.

Doktor Aleksis Karl əlacsız xəstələrin dua və razü-niyaz vasitəsilə tez bir zamanda şifa tapdığını təsdiq edir.

“Cəvahir” təfsirinin müəllifi Təntavi öz kitabında cənab Hötenin təəccübedici müalicəsindən bəhs edərək yazır ki: “O, tibb təhsili görməməsinə baxmayaraq ruhi düşüncə, təlqin və razü-niyaz vasitəsilə özünü müalicə etmişdir. Belə ki, tibb tələbələri onun yanına gəlib dərs alırdılar.”

Bu kitabın 1-ci cildində “psixoterapiya” haqqında maraqlı mətləblər mövcuddur.

Həmmad ibni İsa imam Sadiqdən (ələyhissalam) belə nəql edir:

“Heç vaxt dua və razü-niyazdan əl çəkmə! Demə ki, onsuz da duanın təsiri yoxdur, hər nə yazılıbsa, o da olacaq! Bil ki, dua ibadətdir və Allah tərəfindən əmr edilmişdir!”[134]

Başqa bir rəvayətdə buyurulur:

“Allah-təalanın dərgahında elə bir məqam var ki, ehtiyacını istəmədən və razü-niyaz etmədən həmin məqama yetişmək qeyri-mümkündür.”[135]

Rəvayətlərdə bəladan qabaq, bolluq və rahatlıq zamanı, həmçinin xəsətliklərdən, müşküllərdən sonra dua edilməsi çox sifariş edilmişdir.

Dua edərkən əllərin yuxarı qaldırılması müstəhəb sayılır. Belə ki, Peyğəmbərimizdən (salləllahu ələyhi və alihi və səlləm) nəql olunan hədislərin birində belə buyurulur: “Namaz qıldığınız zaman qunut tutarkən əllərinizi yuxarı qaldırın!”[136]

İbn Fəhəd Hilli, Kəf`əmi, İbn Tavus (Allah onlardan razı olsun) və s. rəbbani[137] alimlərin razü-niyaz barəsində buyurduqları kəlamları kənara qoyub, nisbətən mənəviyyata yer verən və həqiqəti az da olsa dərk edən təcrübi elmlərə yiyələnmiş filosof və alimlərin nəzərlərinə toxunmaq istərdik.

Fiziologiya sahəsində məşhur alimlərindən olan Aleksis Karl razü-niyaz haqqında bir məqalə yazıb dərc etmişdir. Bir daha höccəti tamamlamaq üçün qərbə meyl göstərən və Avropa düşüncə tərzini üstün tutan şəxslərə həmin məqalənin xülasəsini təqdim edirik. Belə şəxslər ağıla gəlib duanın, razü-niyazın, təvəssülün, Allahla rabitənin xurafat və irtica olmaması barəsində düşünməlidirlər. Çünki, duanın xariquladə təsiri dinsizlər üçün inanılmaz və qeyri-mümkün, dindarlar üçün isə gündəlik müşahidə olunan həqiqətlər sırasında durur. Allaha etiqadı olan qərbin bəzi alimləri bu təsiri hiss və etiraf etmişlər.

ALEKSİS KARL[138]NƏ DEYİR?

Karl deyir: “Düşünürəm ki, razü-niyaz insanın ruhuna qanad verməklə onu qeyri-maddi bir aləmə, Allaha doğru aparır”

Bu alimin sözlərinə diqqət etdikdə əziz Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və səlləm) məşhur hədisi yada düşür. O həzrət buyurur:

“Namaz möminin meracıdır.” Bu hədisə əsasən namaz və duanın razü-niyaz olması bir daha aydınlaşır.

Ruh aləmi təbii elmlərin xaricindədir. Necə ola bilər ki, razü-niyaz barəsində qəti bir bilik əldə edilsin? Razü-niyazın əsl həqiqəti yandırıcı bir cismi Allaha doğru cəzb edən irfani haldan ibarətdir.

Aleksis Karl sözünün davamında deyir: “Elə ki, razü-niyaz araya gəlir, bəyan və təfəkkür məktəbi onun qarşısında aciz qalır.”

NECƏ RAZÜ-NİYAZ EDƏK?

Razü-niyaz üçün çalışmaqla Allaha doğru yaxınlaşmaq olar. Bu çalışma və fəaliyyət dil ilə deyil, qəlblə olmalıdır. Məsələn, Allahın əzəməti barəsində fikirləşmək razü-niyaz hesab olunmaz. Bu yalnız iman və eşq sayəsində mümkündür. Məhz belə olduqda razü-niyazı ələ gətirə bilərik.

Razü-niyaz qısa, ya uzun olmasına baxmayaraq bir növ övladın öz atası ilə söhbətinə və dərdləşməsinə bənzəyir.[139] Ehtiyaclarımızın Allahdan istənilməsini ağıl da qəbul edir. Eyni zamanda nəfs istəklərinin və şəhvətlərimizin təminini Allahdan istəmək ən böyük ağılsızlıqdır.

Allah-təala qəlbində aramlıq hakim olmayan insanla söhbət etmir. Əlbəttə izdihamlı bir cəmiyyətdə aramlıq tapmaq çox çətindir. Bunun üçün bu çətin zamanda xəlvət bir yer tapılması lazımdır.

Razü-niyaz insanın vücudunda və ruhunda böyük təsir qoyur. Buna görə də o, bu işi mütəmadi olaraq yerinə yetirməlidir. Əgər razü-niyaz münasib bir şəraitdə yerinə yetirilsə, həmişə müsbət nəticə verər.[140]

Valf Vald Emerson yazır: “Hər kəs səmimi qəlbdən razü-niyaz etsə, bir şey əldə edər.”[141]

“İddətud-dai” kitabında belə bir rəvayət vardır:

“Duanın bir çox təsirləri var. Əgər istənilən şey həmin şəxsin məsləhətinə olmazsa, Allah-təala onun əvəzinə məsləhət olunan bir şeyi ya bu dünyada, ya da axirətdə həmin şəxsə əta edər!”

RAZÜ-NİYAZIN TƏSİRLƏRİ

Aleksis Karl yenə də deyir: “Razü-niyaz davamlı surətdə yalvarışla olarsa, yerinə yetiriləcəkdir. Müasir insanlar razü-niyaza xurafi gözlə baxır, onu keçmişin qalığı sayırlar. Həqiqət isə belə deyildir.

Bu gün biz deyə bilərik ki, razü-niyazın bəhrəsindən məhrum olmuşuq və bundan çox az istifadə edirik. Digər tərəfdən isə bu günkü razü-niyazlar təsirsiz qalır. Çünki ibadət əhlinin əksəriyyəti məğrur, yalançı, təkəbbürlü və riyakardır. Belələri eşq və imana layiq deyil. Hər bir millətin razü-niyazı tərk etməsi onların süqutuna və məhvinə aparır.

Razü-niyazın təsiri xəyali bir şey deyil. Bu irfani bir hiss olmaqla yanaşı insan fitrətinin dərinliklərindən qaynaqlanaraq əsaslı bir meyldən ibarətdir.[142] Bu hissiyyat bizim vücudumuzun ən mühüm gerçəkliklərindən hesab olunur.

Razü-niyaz bizim həm ruhumuza, həm də cismimizə böyük təsir göstərir. Bu təsirin razü-niyazın keyfiyyət və şiddətinə bağlılığı var. Belə ki, razü-niyazla ünsiyyətdə olanların çöhrəsində öz vəzifəsini tanımaq, həmçinin yaxşılıq və xeyirxahlıq hissi başqalarına nisbətən daha çox cilvələnməkdədir.

Razü-niyaz hər nə qədər davamlı və hərarətli olarsa, təsiri də çox və aşkar olar.”[143]

RAZÜ-NİYAZ VASİTƏSİLƏ ŞƏFA

Aleksis Karl başqa bir yerdə yenə də deyir: “Bəzən razü-niyazın təsiri heyrətləndiricidir. Müxtəlif xəstəliklərdən, o cümlədən xərçəng, böyrək, vərəm və s. bir an belə aram qalmayan ağır xəstələrin şəfa tapmasının dəfələrlə şahidi olmuşam. Həmçinin, başqalarının haqqında edilən dua və razü-niyazın təsiri daha güclüdür.[144]

İnsan suya və oksigenə ehtiyaclı olduğu kimi Allaha da ehtiyaclıdır. Biz həm elmin gözəlliyini, həm də Allahın gözəlliyini sevməliyik. Biz Paskala imanla qulaq asdığımız kimi Dekarta da həmin imanla qulaq asaq. (Paskal ilahi bir şəxs, Dekart isə elmə və təfəkkürə yer verən bir şəxs idi).[145]

Aleksis Karl “İnsan tanınmamış bir mövcuddur” adlı kitabında belə yazır: “Əldə edilmiş məlumatlar razü-niyazın ağır xəstələrin, o cümlədən vərəm, xərçəng, çirkli yaralar və s. üzərində tez bir zamanda müsbət təsir qoyduğunu göstərir. İlk anlarda şiddətli ağrılar hiss olunur. Razü-niyaz vasitəsilə möcüzəli şəfa xəstənin əzalarında sürətlə yayılmağa başlayır. Nəhayət, həmin xəstə kamil nicat tapır və tam sağalır.”

Yenə də “Tərcumeye məqaleye neyayeş” kitabının 15-ci səhifəsində deyir: “Lord[146] adına tibb institutunda bu mövzu (əlacsız xəstələrin razü-niyaz vasitəsilə şəfa tapması) barəsində bir çox sənədlər toplanmış və hal-hazırda arxivdə saxlanmaqdadır.”

20-ci əsrin böyük alimlərindən və və tibb elmində mütəxəssis sayılan bu həkimin dediklərindən belə qənaətə gəlmək olur ki, duanın, razü-niyazın və namazın insanın cismində və ruhunda, həmçinin dünya və axirətində heyrətamiz təsirləri var. O, əlavə edərək vurğulayır ki, 20-ci əsrin tibb elmində əlacsız xəstəliklərin müalicəsinin qeyri-mümkünlüyünə baxmayaraq Allahla rabitə yaradıb razü-niyaz vasitəsilə bu cür xəstəlikləri müalicə etmək mümkündür.

Duaların faydaları barəsində Əhli-beytdən (ələyhimussalam) nəql olunmuş hədislər bir dünya İslam maarifinə malikdir. Biz bunlardan bəzilərinə işarə etmək istərdik.

RAZÜ-NİYAZ VƏ YA İNSAN TƏRBİYƏ EDƏN MÜƏSSİSƏ

İlahi əzəmət dərgahında istiğfar, münacat, Quran oxumaq, namaz qılmaq, zikr və duadan ibarət olan razü-niyaz insanın ruhunda dərin iz qoymaqla bərabər onu tədricən yer aləmindən ərş aləminə və kamilliyə doğru aparır.

Razü-niyaz atəşin içinə atılmış bir dəmirə bənzəyir. Belə ki, dəmir həmin atəşin içində yavaş-yavaş hərarəti özünə çəkib qızarır və onda nuraniyyət əmələ gəlir.

Həzrət Musa (ələyhissalam) münacat və razü-niyaz edərkən soruşur:

“İlahi, Sən mənə yaxınsan, ahəstə çağırım, məndən uzaqsansa, ucadan çağırım”? Xitab gəldi: “Mənimlə razü-niyaz edib sirrini bölüşənə həmişə yaxınam.”[147]

Razü-niyaz edən müsəlman get-gedə ilahi əxlaqa sahib olur və onda ilahi sifətlər görünməyə başlayır. O, pisliklərdən və məzəmmət olunmuş xasiyyətlərdən (tamahkarlıq, paxıllıq, düşmənçilik, təcavüzkarlıq, zülmkarlıq və s.) uzaqlaşaraq özünü Pərvərdigarının bəyəndiyi məqama və Onunla ünsiyyətə yaxınlaşdırmaq istəyir.

Quranda namazın faydalarından biri zikr olunaraq buyurulur:

إِنَّ الصَّلَوةَ تَنهَْىعَنِ الْفَحْشَاءِ وَ الْمُنكَرِ

“Həqiqətən, namaz insanı günahlardan və pisliklərdən çəkindirir.”[148]

Razü-niyaz edən şəxs həmişə çalışır ki, yersiz istəklərdən, həvəslərdən uzaqlaşıb onlarla mübarizədə nəfsini saflaşdırsın.

Quran bu barədə buyurur:

قَدْ أَفْلَحَ مَن تَزَكى‏

“Doğrudan da, nəfsini saflaşdıran nicat tapdı.” [149]

Yaxud “Şəms” surəsində belə buyurulur:

وَ نَفْسٍ وَ مَا سَوَّئهَا فَأَلهَْمَهَا فجُُورَهَا وَ تَقْوَئهَا قَدْ أَفْلَحَ مَن زَكَّئهَا وَ قَدْ خَابَ مَن دَسَّئهَا

“And olsun nəfsə və O kəsə (Allaha) ki, onu nizama saldı. Sonra pisliyi və yaxşılığı ona ilham etdi. Həqiqətən, özünü saflaşdıran nicat tapdı və həqiqətən, özünü günaha batıran ümidsiz qalaraq məhrum oldu.” [150].

Razü-niyaz edən şəxs Allah dərgahına üz tutmaqla özünü bir növ yalqız, əlacsız, yazıq və yoxsul simasına salır. O, “Rəhm edin ki , Allah da sizə rəhm etsin” hədisinə riayət etməklə Allahın rəhmət kölgəsində olmaq istəyir. Necə ki, İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) “Şəbaniyyə” xütbəsində buyurur:

“Yetimlərə mehribanlıq göstərib rəhm edin ki, sizin də yetimlərinizə rəhm edilsin.”[151]

Xülasə olaraq deyə bilərik ki, razü-niyaz üçün bir sıra şərtlər var. Məsələn, razü-niyaz edənin zahiri cəhətdən bədəni və paltarı təmiz, əməlləri isə saleh olmalıdır. Batini cəhətdən qəlbi, niyyəti, fikri pak olmaqla yanaşı diqqətini tam Yaradana yönəltməli, yalnız Onun yardımları barədə düşünməlidir. Həmçinin, Allaha təsbih (Subhənəllah), təkbir (Əllahu Əkbər) zikrləri ilə yad edərək 14 məsuma (ələyhimussalam) salavat göndərməlidir. Məhz belə olan surətdə razü-niyaz edən şəxs həqiqi insaniyyət mərhələsinə daxil olur.[152]

Əgər deyilmiş bu şərtlər İslam cəmiyyətində təmin edilərsə, Əflatunun[153] arzuladığı və xəyal etdiyi cəmiyyət həqiqətə çevrilər.

RAZÜ-NİYAZIN CAZİBƏSİ

Razü-niyazın aşkar təsir və fəlsəfəsindən, hətta cəm şəkildə yerinə yetirildikdə müştərək faydalarından biri də budur ki, insanın qəlbindəki qara pərdələr kənara çəkilir, şeytani vəsvəsələrdən uzaqlaşaraq qəlbində aramlıq, ləzzət və nuraniyyət duyur. Belə olduqda eşq və əlaqə onu Yaradanla razü-niyaza həmişə cəzb edəcəkdir. Bu cazibə qəlbdə saflıq və nuraniyyətin əmələ gəlməsinə, həmçinin razü-niyazın artmasına səbəb olacaqdır.

Əksinə, əgər razü-niyaza məşğul olan şəxs günah etsə, Allahdan uzaqlaşacaq, qəlbini qara pərdələr bürüyəcək və o üsyan qaldıracaq. Belə olan surətdə razü-niyaz üçün yer qalmayacaqdır.

RAZÜ-NİYAZIN QAYDALARI

Əhli-beyt (ələyhimussalam) tərəfindən razü-niyaz üçün bir sıra qaydalar zikr edilmişdir. Belə ki, bunlara riayət etməklə razü-niyazın təsirinin gücləndirilməsi mümkün sayılmışdır. Bu qaydalar aşağıdakılardan ibarətdir:

1) Mərifət; Məbudu tanımaq dua və razü-niyazın əsas şərtlərindən sayılır. Necə ki, “Tohide-Səduq” kitabında deyilir:

Bir dəstə camaat imam Sadiqin (ələyhissalam) hüzuruna gəlib dedi: “Biz Allahı çağırırıq, lakin dualarımız qəbul olmur.” Həzrət buyurdu: “Çünki Allaha qarşı mərifətiniz yoxdur.”[154]

2) Məbdəyə (Allaha) tam diqqət və qəlbin iştirakı; Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) öz vəsiyyətində həzrət Əliyə (ələyhissalam) belə buyurur: “Allah-təala qəlbi qəflətdə olan şəxsin dua və razu-niyazını qəbul etməz.”[155] 3) Hər şeydən üz çevirib yalnız Allahdan yardım istəmək; Bu barədə “Vəsailuş-şiə” kitabının 14 və 62-ci bablarında, həmçinin “Şəbaniyyə” xütbəsində rəvayətlər mövcuddur. O cümlədən: “Niyyətləriniz saf və ürəkləriniz pak olan halda Allahdan istəyin!”[156] 4) Zahiri təharət; Bədənin və paltarın təmiz olması, həmçinin xoş ətirlərdən istifadə edilməsi zəruridir. Bu barədə “Vəsailuş-şiə” və “İddətud-dai” kitablarında çoxlu rəvayətlər vardır. 5) Batini təharət; Nəfsin, həmçinin qəlbin rəzil sifətlərdən paklanması və onlara gözəl əxlaqi don geyindirilməsi. Bu barədə də “Vəsailuş-şiə” kitabının 65-ci babında bir çox rəvayətlər zikr edilmişdir. 6) Başqaları haqqında dua edib onlara xeyir diləmək; Yenə də “Vəsailuş-şiə” kitabının 37,38 və 39-cu bablarında və “İddətud-dai”də bu barədə bir çox hədislər nəql olunmuşdur. Onlardan birini zikr edirik:

“Musa ibn Cəfər (ələyhissalam) buyurmuşdur: Hər kəs müsəlman qardaşı kənarda olarkən onun üçün dua edərsə, ərşdən belə xitab gələr: Bu duanın yüz min bərabəri sənin üçün olsun!”[157] 7) Davamlılıq; Razü-niyaz edərkən davamlı surətdə təkrar etmək və məyus olmamamq lazımdır. Rəvəyətdə deyilir:

“Əbu Cəfər (ələyhissalam) buyurmuşdur: Allaha and olsun ki, hər bir mömin etdiyi duanı davamlı olaraq təkrarlasa, hacəti yerinə yetiriləcəkdir.”[158]

8) Dua edərkən zaman və məkana olan diqqət;

Razü-niyaz edərkən istənilən duanın xüsusi zaman və məkanlarda (məscidlər, hərəmlər, namaz qılıb Quran oxuduqdan sonra, sədəqə verdikdən sonra və s.) qəbul olması üçün bir çox rəvayətlər mövcuddur. Bu barədə “Vəsailuş-şiə” kitabına müraciət edə bilərsiniz.

9) Qəlb kövrəkliyi;

Dua və razü-niyaz edərkən qəlbin kövrək halı, ahu-zarla gözdən yaş axıdılması hacətin tez bir zamanda qəbul olmasının şərtlərindəndır. Əbu Bəsir İmam Sadiqdən (ələyhissalam) belə rəvayət edir:

“Qəlb kövrək olduğu zaman dua edilməlidir. Çünki bu halda o, (qəlb) Allah üçün xalisləşmiş və paklanmış olur.”[159]

10) Sitayiş və istiğfarla[160] başlamaq; Razü-niyaza və duaya başlamazdan qabaq Allahı təsbih, təhlil, təmcid edib istiğfar diləmək rəvayətlərdə təkid olunmuşdur. “Vəsailuş-şiə” kitabının “Dua” babında bu mövzuda çoxlu hədislər vardır.

11) Ruzinin halal olması;

Razü-niyaz edən halal ruzi qazanmalı və halal ərzaqlardan istifadə etməlidir. Çünki haram ruzidən istifadə qəlbi qaraldıb duanı təxirə salır və qırx gün həmin hacətin yerinə yetməsinin qarşısı alınır. Necə ki, İmam Sadiq (ələyhissalam) buyurur:

“Duasının tez bir zamanda qəbul olmasını istəyən şəxs gərək qazancını halal yolla əldə etsin.”[161]

12) Əhli-beytə (ələyhimussalam) təvəssül edib salavat göndərmək;

On dörd məsuma (ələyhimussalam) salavat göndərmək və onlara təvəssül etmək razü-niyazdan həm əvvəl, həm də sonra yerinə yetirilən qaydalardan biridir. Bu mövzu ilə bağlı “Vəsailuş-şiə” kitabının 34-cü babına müraciət edə bilərsiniz. 13) Başqalarından dua istəyi;

Müsəlman qardaşlardan özümüz üçün dua istəyi həmin hacətin tez bir zamanda müstəcəb olmasına səbəb olur. “Vəsailuş-şiə” kitabının 38 və 50-ci babları bu mətləbi bəyan edir.

14) Camaatın haqqını ödəmək;

Camaatın haqqını tapdayıb zay etmək dua və razü-niyazın qəbul olmasına maneçilik törədir. Rəvayətdə deyilir:

“Allah-təala Musaya (ələyhissalam) vəhy edib buyurdu ki, Bəni-İsrailə de: Mən onların dualarını o zaman qəbul edərəm ki, kimsəyə zülm etməmiş olsunlar.”[162]

İSTİĞFAR VƏ RAZÜ-NİYAZ

Razü-niyazın mühüm hissələrindən biri günahlardan tövbə etməkdir. İmam Sadiq (ələyhissalam) buyurmuşdur:

“Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurdu ki, ən yaxşı dua və razü-niyaz istiğfardan ibarətdir.”[163]

Çünki istiğfarın özündə günahların bağışlanması var və ən yaxşı dua axirət işləri üçün edilən duadır. Həqiqi və düzgün istiğfar, tövbə ilə yanaşı olmalıdır. Əgər belə olmasa, istiğfar batil və ləğv bir şeydir. İmam Riza (ələyhissalam)

bu barədə belə buyurur:

“Bir kəs istiğfar edib həmin günahı tərk etməsə, sanki Allahı məsxərə etmişdir.”[164]

TÖVBƏNİN ŞƏRTLƏRİ

Günahlardan tövbə etmək üçün altı şərtin yerinə yetirilməsi zəruridir. İmam Əli (ələyhissalam) bir nəfərin dildə istiğfar etdiyini görüb buyurur:

“İstiğfar “İlliyyin” dərəcəsindədir və onun altı şərti var. Onlardan ikisi rükn, ikisi qeyri-rükn, qalan ikisi isə kamillik şərtidir. Əgər bu şərtlər yerinə yetirilməsə, deməli, həqiqi tövbə etməmiş kimisən. Tövbənin rüknü olan iki şərt bunlardır; 1. Keçmişdə etdiyin günahlara görə doğrudan da peşiman olasan. 2. Bir daha günaha yol verməmək üçün ciddi surətdə qərara gələsən. Qeyri-rükn olan iki şərt isə bunlardır; 3. Allahın haqqını ödəmək. Yəni keçmişdə tərk etdiyin vacib əməllərin (namaz, oruc, xüms və s.) qəzasını yerinə yetirmək. 4 .Xalqın (camaatın) haqqını ödəmək. Yəni oğurluq, böhtan və s. günahlara yol vermisənsə, gərək sahiblərini tapıb halallıq alasan, razılıqlarını əldə edəsən. Kamillik şərti olan iki şərt isə bunlardır; 5. Günahın ləzzətini və şirinliyini dadmısansa, ibadət və itaətin də çətinliyinə dözməlisən. 6. Etdiyin günahların dərdindən qəm-qüssəyə batıb, haramla əmələ gələn əti ibadət vasitəsilə bədənində əritməlisən, belə ki, halaldan təzə ət əmələ gəlsin”[165]. Bu cür tövbə Quran nəzərində “nəsuh tövbə” adlanır. Necə ki, “Təhrim” surəsinin 8-ci ayəsində buyurulur:

يَأَيهَُّا الَّذِينَ ءَامَنُواْ تُوبُواْ إِلىَ اللَّهِ تَوْبَةً نَّصُوحًا

“Ey iman gətirənlər, Allaha tərəf qayıdıb xalis və həqiqi tövbə edin.”

Allahın kitabında tövbə barəsində ayələr çoxdur. Bu ayələr eyni mənada təfsir olunmuşdur. “Tövbə” kəlməsinin istilahi mənası günahları tərk edib Allaha doğru qayıtmaqdır. Lüğətdə isə bir şəxsin yolu səhv gedərək, sonradan həmin yolun səhv olduğunu başa düşüb geri qayıtması, düzgün yol ilə gedib əsl məqsədə yetişməsinə deyilir.[166] İnsan nəfsi tam azadlıq istəyir və onun meylinə uyğun haram əməllərin qarşısının alınmasından çox-çox narahat olur. Həqiqətdə insan üçün tərtib edilmiş bu qadağalar onun dünya və axirəti üçün bir zəmanətdir. Bəziləri öz şəhvət və nəfs istəklərinin qarşısını ala bilmirlər. Belələri həmişə günah içində boğulurlar. Həqiqəti dərk edib əməllərinin batil və puç olduğunu başa düşdükdən sonra sanki qəflət yuxusundan ayılıb tutduqları yoldan geri qayıdırlar. Bu cəhətdən də Mehriban olan Allah öz bəndəsinin halına yanaraq ona xəbərdarlıq edir, həqiqi tövbə etməsini və günahlarının bağışlanmasını istəyir.

“Cavanların qəlbi pakdır və heç bir çirkinliyə aludə deyildir. Onlar sanki otsuz-ələfsiz, şumlanmamış xam bir torpaqdırlar. Belə ki, həmin torpaqda hər nəyi əksən, o da bitəcəkdir.”[167]

RUHİ DƏYİŞİKLİK

Tarixə nəzər saldıqda həmişə maddi və mənəvi islahatların daxili və ruhi dəyişikliklərin təsirindən irəli gəldiyinə şahid oluruq. Bu fitri qanundan belə bir nəticəyə gəlirik ki, fərdin və cəmiyyətin islahı, həmçinin günahlardan uzaqlaşmaq üçün daxilimizdə bir dəyişiklik yaratmalıyıq. Rəzil və heyvani xislətlər, o cümlədən, paxıllıq, kin-küdurət, tamah, təkəbbür, şəhvət və s. daxilimizdə dərin iz buraxmışdır. Təkamülün qarşısında duran bu şeytani tikanların kökünü kəsmək üçün nəfslə mübarizə və əxlaqi sifətlər əldə etməyə ehtiyacımız vardır. İnsanların qəlbi fərqli surətdə təsirlənir. Bəziləri həddindən artıq günah etdikləri üçün qətiyyən haqq sözü qəbul etmək istəmirlər. Onların qəlbləri sanki daşa dönmüş ət parçasıdır. Quran bu barədə belə buyurur:

إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ ءَ أَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُون

“Həqiqətən kafirləri (əzabla) qorxutsan da, qorxutmasan da fərq etməz. Onlar heç vaxt iman gətirməzlər.”[168] İkinci dəstə haqq sözdən tez bir zamanda təsirlənir və tez də bu halı əldən verir. Bu hal suda əlin izinə bənzəyir. Əl sudan çıxan kimi onun izi tez də itib gedir. Üçüncü dəstə isə haqq sözdən gec təsirlənənlərdır. Belə ki, bu təsir uzun müddət qalır. Əgər haqq söz onlar üçün təkrarlanmasa, təsiri aradan gedəcəkdir. Bu da əlin palçığa batırılmasına bənzəyir. Palçığa batmış əlin izi bir müddət qalır. Əgər yenidən bu proses təkrarlanmasa, palçığın izi itəcək və saflaşacaqdır. Bu dəstəyə aid olan insanlar üçün gərək tez-tez haqq söz təkrarlansın ki, təsiri aradan getməsin. Quran buyurur:

وَ ذَكِّرْ فَإِنَّ الذِّكْرَى‏ تَنفَعُ الْمُؤْمِنِين‏

“Həmişə (onların) yadına sal. Çünki həqiqətən, yada salmaq möminlərin xeyrinədir.”[169] Belə olduqda haqq kəlamı eşidən ruhda tədricən dərin bir dəyişiklik əmələ gələcək və “misdən” olan vücudlar “qızıla” çevriləcəkdir.[170] Həqiqi tövbə və istiğfar da günahkar insanın mahiyyətinin dəyişməsinə, həmçinin onun Allahın dostuna çevrilməsinə səbəb olur. Belə ki, məstedici içkilərin haramlığı barəsində ayə nazil olduqda cahiliyyət adətinə görə şərab içən bəzi səhabələr onu tərk etdilər. Rəvayətdə deyilir: “Cavan bir oğlan adəti üzrə içində şərab olan qabı əlində tutub gedirdi. Qabaqdan Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) ona tərəf gəldiyini görəndə halı dəyişdi. Ürəyində Allah ilə əhd bağlayıb dedi: “İlahi ! Əgər məni Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) yanında rüsvay etməsən, tövbə edib içkidən uzaqlaşacağam.” Birdən o, sirkə qoxusu hiss edib əlindəki şərabın sirkəyə döndüyünü gördü və sevindi. Nəhayət, Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) yaxınlaşıb salam verdikdən sonra cavanın əlindəki qabın içində nə olduğunu soruşdu. Cavan qabda sirkə olduğunu bildirdi. Həzrət qabın içində qatı və turş sirkə olduğunu gördü. Qabı qaytararkən cavan oğlan dedi: “Ey Allahın elçisi! Həqiqət bundan ibarətdir ki, bu qabın içindəki şərab idi. Sənin yanında rüsvay olmamaq üçün Allah-təala ilə əhd-peyman bağladım. Şərab da sirkəyə çevrildi.” Həzrət buyurdu: “Sən batinini və vücudunu dəyişdirib tövbə etdiyin üçün Allah da şərabı sirkəyə döndərdi.”

Quran buyurur:

إِنَّ اللَّهَ لَا يُغَيرُِّ مَا بِقَوْمٍ حَتىَ‏ يُغَيرُِّواْ مَا بِأَنفُسِهِم‏

“Həqiqətən, Allah bir qövmün (millətin) taleyini onlar özü dəyişdirmək istəməyənədək dəyişməz.” [171]

ELMİ BİR NÖQTƏ:

Şərabın sirkəyə dönməsi adi və təbii bir işdir. Bu proses əslində mahiyyətin çevrilməsi deyil. Bu çevrilmə müəyyən bir müddət ərzində özü-özünə baş verir. Şərabın kimyəvi tərkibinin (etil spirti) sirkənin kimyəvi tərkibi (estik) ilə böyük fərqi yoxdur. Bunların hər ikisinin tərkibi müəyyən nisbətlə oksigen, hidrogen və karbondan ibarətdir. Şərabın sirkəyə dönməsi mikroskopik orqanizmlər vasitəsilə baş verir. 1895-ci ilədək yaşamış Pastor adlı fransalı alim mikroskop vasitəsilə faydalı və zərərli canlı mikrobları kəşf edərək onların haqqında dərin araşdırmalar apardı. O, bu kəşfi ilə dünya elminə böyük xidmət etmiş oldu. O cümlədən, bu böyük alim şərabın sirkəyə çevrilməsinin səbəbini tapıb bildirdi: “Əgər qabdakı şərabın ağzı açıq qalsa, havada olan mikroblar ona hücum edib havanın oksigenini tutmaqla şərabın içinə daxil olacaq”. Nəticədə həmin şərabın bir hissəsi sirkəyə, digəri isə suya dönəcək. Misin ya gümüşün qızıla çevrilməsi məsələsi isə qədim zamanlardan alimlərin və filosofların diqqət mərkəzində olmuşdur. İbn Sina kimi alimlər bir şeyin mahiyyətinin dəyişməsini inkar etmişlər. Əksinə, bəzi alimlər bunun mümkünlüyünü vurğulamışlar. Geologiya alimləri yer kürəsinin yaşının iki milyarddan artıq olması nəzəriyyəsini irəli sürmüş və buna dair dəlillər göstərmişlər. Bu fərziyyə və nəzərlərdən əlavə hər hansı bir ünsürün başqa bir ünsürə dönməsi mümkündür və bu qeyri-mümkün işlərdən deyildir. Keçmişdə Fuzəyl adlı cinayətkar və zalım bir şəxs yaşayırdı. O, istədiyi şəxsə təcavüz edər, var-yoxunu ələ keçirib camaatın namusuna sataşardı. O, nahaqdan neçə nəfərin qanını axıtmışdı. Fuzəyl bir gün gecə oğurluq və ya başqa məqsədlə bir evin divarından yuxarı qalxarkən qonşuluqdakı evdən kiminsə Quran tilavət etdiyini eşidir. Onun halı dəyişir, tövbə edir. Fuzəyli dəyişdirən bu ayə idi.

أَ لَمْ يَأْنِ لِلَّذِينَ ءَامَنُواْ أَن تخَْشَعَ قُلُوبهُُمْ لِذِكْرِ اللَّهِ

“Görəsən, iman gətirənlərin qəlblərinin Allah zikrinin və nazil olanın (Quranın) bərabərində boyun əyməyinin (itaət etmək) vaxtı çatmadımı.” [172] Bu ayə tövbə ayələrindən biri sayılır. Mehriban Allah günahkarlara belə buyurmaq istəyir:

“Ey Pərvərdigarından üz çevirib qaçan fərarilər! Məndən uzaqlaşmağınız bəs etməzmi? Mən sizin yolunuzun intizarındayam. Günahlardan, azğın həvəsdən əl çəkməyin və Allaha tərəf qayıtmağın vaxtı çatmadımı?”

Şair demişkən:

Qayıt, haqqa qayıt! Hər nəsən qayıt,

Fərqi yox, kafirsən, yoxsa bütpərəst.

Ümidini qırma, qapımız açıq,

Yüz yol büdrəsən də axtar mərhəmət.

Bu ayəni eşidən Fuzəylin daxilində güclü bir çevriliş baş verdi. Vücudunu sanki atəş bürüdü və pis əməlləri gözləri önündə canlandı. Pak vicdanı ona əziyyət verirdi. Qəlbinin dərinliklərindən kükrəyən çevriliş onu həqiqi tövbəyə doğru çəkirdi. Elə bil ki, ayədən bir qığılcım sıçrayıb onun nəfsani və şeytani çirkinliklərini yandırdı. Qəlbi paklaşaraq riqqətə gəldi, gözlərindən yaş axıtmağa başladı. Bədəni lərzəyə düşdü, üzünü Allah dərgahına tutub yalvarışla dedi:“İlahi! Etdiyim bütün günahlara görə Öz əzəmətinlə tövbəmi qəbul edirsənmi? Pərvərdigara! Əgər məni Öz rəhmət qapından qovsan, hara gedim, hara pənah aparım?

Quran buyurur:

رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَ إِن لَّمْ تَغْفِرْ لَنَا وَ تَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسرِِين

“Pərvərdigara, biz özümüzə zülm etdik. Əgər bizi bağışlayıb rəhm etməsən, həqiqətən, ziyan çəkənlərdən olarıq.”[173] Fuzəylin qəlbi riqqətə gəlmişdi. O, doğrudan da keçmiş əməllərindən peşiman idi. Fuzəyl pis əməllərinin əvəzini ödəmək məqsədilə əvvəllər ələ keçirdiyi haram malları öz sahiblərinə qaytardı. Zülm etdiyi şəxslərdən bir-bir halallıq almağa başladı. Nəhayət iş o yerə gəlib çatdı ki, adı dillərə düşdü, zahid və abid bir mömin kimi tanındı. Həmçinin, ariflər arasında məşhur olan Bişr Hafinin başına gələn hadisəni nəzərinizə çatdırmaq istərdik: Bir gün imamətin yeddinci günəşi Musa Kazim (ələyhissalam)

Bişrin evinin yanından ötüb keçirdi. Evdən gələn tar, ud səsləri və kənizlərin rəqs, mahnı sədaları küçəni bürümüşdü. Bişr fasiq və sərvətli bir şəxs idi. O, həmişə evində şərab, meyxana və s. günah məclisləri qurardı. Kənizlərdən biri ehtiyac ardınca evdən çölə çıxarkən imam Kazim (ələyhissalam) ondan soruşdu: “Bu evin sahibi quldur, ya azad?” Kəniz cavab verdi: “Azad”. Həzrət buyurdu: “Bəli, görünür ki, azad insandır. Əgər qul olsaydı, belə işlər görməzdi”. Kəniz evə daxil olub imamın (ələyhissalam) sözlərini sahibinə dedi. Bunu eşidən Bişrin halı dəyişdi. Sonra ayaqyalın bayıra atılıb həzrətin ardınca qaçmağa başladı. İmama (ələyhissalam) çatıb özünü onun ayaqları altına atdı. Nəhayət, həqiqi tövbə etdi və adı camaat arasında dillər əzbəri oldu.”

TƏBİƏT ALƏMİNDƏ MAHİYYƏTİN DƏYİŞMƏSİ

Atom mütəxəssisləri atom nüvəsinin partlayışı zamanı ondan fövqəladə bir enerji ayrılması barəsində bir çox məlumatlar əldə etmişlər. Bu məsələ mahiyyətin dəyişməsini və onun gerçəkliyini kamil surətdə isbat edir. Alimlər atom nüvəsinin partlayışı barəsində deyirlər: “Atom[174] zərrəciklərinin tarazlığı onun neytronlarının tarazlığı ilə eynidir. Əgər onların sayı azalıb-çoxalsa, nüvə parçalanır və enerjisi ayrılır. Sonra isə protonlar və neytronlar ətrafa yayılmağa başlayır.”[175]

Xaricdəki bir neytronu atom nüvəsinə daxil edən kimi tarazlıq ani sürətdə pozulmağa başlayır və partlayış baş verir. Bu hadisə ipi qırılıb dənələri ətrafa səpələnən təsbihə bənzəyir. Atom bombası uran adlanan maddədən hazırlanır. Uran atomunun həm elektronlarının, həm də protonların sayı 92-dir. Əgər başqa bir neytronu uran atomuna daxil etsələr, həmin atomun tarazlığı pozular. Nəticədə barium və kripton (uranın ən sadəsi) əmələ gələcəkdir. Ondan səpələnmiş artıq neytronlar başqa bir atoma daxil olur və yenidən atomun tarazlığını biri-birinə vurmaqla təzə partlayış əmələ gətirir. Bu tərtiblə atom bombasının partlayışı hasil olur və zəncirvari davam edir. Belə olduqda atomlar bir-bir partlayır və öz qüvvəsini xaricə ötürür. Həmin itən qüvvədən isə yeni barium və kripton atomları düzəlir. Materialist alimlərin bəzisi hidrogeni aləmdə ilk yaranmış element sayır. Belə ki, zaman ötdükcə bu hidrogen başqa tərkibə çevrilmişdir. Yəni, ya hidrogenin atom nüvəsi bir yerə cəm olub oksigen atomu əmələ gətirir,[176] ya da ki, iki hidrogen atomu bir yerə cəmləşib bir helium atomu yaradır. Bu fərziyyəni bir çox materialist alimlər qəbul etmir və bugünkü elmin inkişafı onu rədd edir. Beləcə Ptolomeyin, Darvinin, Lamarkın, Laplasın və s. materialist alimlərin nəzəriyyələrini müasir dövrün elmi bilikləri ilə müxtəlif yollarla rədd etmək mümkündür. Hətta bu nəzər sahiblərinin özləri belə irəli sürdükləri fərziyyələrə çox da inanmamışlar. Lakin bu alimlərin davamçıları onların yersiz xəyallarını “vəhy” kimi qəbul edirdilər.

RÜKU VƏ SƏCDƏNİN FƏLSƏFƏSİ

Namazın ən mühüm rüknlərindan sayılan rüku və səcdə Allaha daha da yaxınlaşmaq üçün böyük rol oynayır. Rüku Allah qarşısında əyilib ehtiram göstərməklə bərabər Məbuda təzim edib Onun böyüklüyünü etiraf etməkdən ibarətdir. Necə ki, keçmişdə adi camaat padşahlara təzim əlaməti olaraq onların qarşısında əyilir, sonsuz ehtiramlarını bildirirdilər.

Səcdə isə əbdin (bəndənin) alnını torpağa qoyub Məbudun (Allahın) qarşısında zəlilliyini göstərməsi, özünün sonsuz dərəcədə zəif və fəna olduğunu bildirməsindən ibarətdir. “Məbuda təzim” və “əbdin zəlilliyi” ibadətin ruhunu göstərir. Bu iki dəyər hər hansı bir ibadətdə cəm olsa, həmin ibadət kamil və həqiqi sayılar. Allah-təala ictimai ibadət olan namazda rüku və səcdəni cəmləşdirib onların vasitəsilə namazın qədr-qiymətini daha da çoxaltmışdır. “Minhacus-sadiqin” kitabında deyilir: “Bəni Səqif” tayfası həzrət Məhəmmədin (salləllahu ələyhi və alihi və səlləm) yanına gəlib xahiş etdi ki, Allah-təaladan namazdan rüku və səcdənin götürülməsini istəsin. Çünki cahiliyyət dövründə yaşamış bu təkəbbürlü və lovğa insanlara Yaradanın qarşısında təzim etmək ağır gəlirdi. Həzrət fikrə dalıb bu barədə vəhyin nazil olmasını gözlədi. Nəhayət, “İsra” surəsinin 74-cü ayəsi nazil oldu:

وَ لَوْ لَا أَن ثَبَّتْنَاكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيًْا قَلِيلا

“Əgər səni sabitqədəm etməsəydik, az qalırdı ki, onların sözünə meyl edəsən.”

Peyğəmbər (salləllahu ələyhi və alihi və səlləm) bu ayənin ciddi bir xəbərdarlıq olduğunu bilib həmin tayfanın xahişini rədd etdi. Rəvayətlərin birində belə deyilir: İslam peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:Rüku və səcdə olmayan dində xeyir yoxdur.”[177] Ola bilsin ki, hədisdə zikr olunan “din” namaz mənasındadır. Meyitə qılınan namaz (meyit namazı) əslində duadır. Çünki bu namazda rüku və səcdə yoxdur. Hər bir insanın vücudunun dərinliyində zati bir təkəbbür var. Bunun dərmanı yalnız namazda olan ruku və səcdədir. Çünki insanın ən şərəfli üzvü onun sifətidir. İnsanın sifəti başqa məxluqların sifətindən üstündür. Allah-təala insanın surətini ən üstün şəkildə yaratdığına görə Özünə “Afərin” [178] buyurmuşdur. “Tin” surəsinin 4-cü ayəsində buyurulur:

لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم‏

“Həqiqətən, biz insanı ən gözəl surətdə yaratdıq.”

Şair belə deyir:

Qadir Allah səni yaradan zaman,

Özünə “afərin” söyləmiş inan.

Bəşərin ağıl və düşüncə qüvvəsinin cəmləşdiyi alın nahiyəsi insan üzünün ən fəzilətli hissəsi sayılır. Alını torpağa qoymaq insanın son dərəcə acizliyini göstərir. Buna əsasən də səcdə elə bir kəs üçün olmalıdır ki, Onun əzəməti, ucalığı, böyüklüyü və rəhməti hər yeri bürüsün. Bu da yalnız Allah-təalaya məxsusdur. Mələklərin Adəmə (ələyhissalam) səcdə etməsinə gəldikdə isə həmin səcdə Adəm (ələyhissalam) yox, Allah üçün və Allahın əmrinə əsasən olmuşdur. Sadəcə Adəm (ələyhissalam) qiblə[179] rolunu oynamışdır. Yəqub (ələyhissalam) və oğlanlarının Yusif peyğəmbərə (ələyhissalam) səcdə etmələrinə gəldikdə isə bu səcdə şükür səcdəsi ünvanında idi. Yəni, Allah-təala bu neməti (Yusifi (ələyhissalam)) yenidən onlara bağışladığı üçün Allaha şükür səcdəsi etdilər.[180] Səcdədə bəndə öz faniliyini izhar edir. “Taha” surəsinin 55-ci ayəsində buyururlur:

مِنهَْا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَْا نخُْرِجُكُمْ تَارَةً أُخْرَى

“Sizi ondan (torpaqdan) yaratdıq və ona da qaytaracağıq. Sonra yenidən (qiyamət günü) ondan dirildəcəyik.”

Yaxud “Bəqərə” surəsinin 28-ci ayəsində belə buyururlur:

كَيْفَ تَكْفُرُونَ بِاللَّهِ وَ كُنتُمْ أَمْوَاتًا فَأَحْيَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يحُْيِيكُمْ ثُمَّ إِلَيْهِ تُرْجَعُون“Nə üçün Allaha inanmırsınız, bir halda ki, siz ölü idiniz və Allah sizi diriltdi. Sonra sizi yenə də öldürəcək, sonra yenə də dirildəcək. Axırda isə Ona tərəf qaytarılacaqsınız.” Birinci səcdədə alnımızı torpağa qoymağın mənası budur ki, “İlahi! Biz torpaqda[181] ölü idik.” Başımızı səcdədən qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yaratdın.” İkinci səcdənin mənası budur ki, “İlahi! Sən yenə də bizi torpağa qaytaracaqsan.” Başımızı qaldırmağın mənası isə budur ki, “İlahi! Sən bizi torpaqdan yenidən dirildəcəksən.” Rüku bəndənin Məbuda olan təzimini bildirir və əvvəldən axıra kimi bir mərhələdən ibarətdir. Buna görə də rüku həqiqətin eyni sayılır. Səcdə bəndənin fənalığını izhar etməkdən və bəndənin zəlilliyini bildirməkdən ibarət olduğu üçün iki mərhələdən (“bədvi”[182] fəna və “ovdi”[183] fənadan) ibarətdir.

“Bədvi” fəna, yəni həmişə Allah-təala olmuş və Ondan başqa heç bir şey olmamışdır. Bu “bütün aləmi yoxluqdan vücuda gətirmişdir” həqiqətinə işarədir.

“Ovdi fəna” isə bütün mövcudatın faniliyinə işarədir. Belə ki, Allahdan başqa hamı məhvə məhkumdur. Necə ki, Qurani-Kərim bu barədə buyurur:

كلُُّ شىَْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ

“Onun zatından başqa hamı məhv və həlak olacaqdır.”[184]

Yaxud “Ər-Rəhman” surəsinin 26-27-ci ayələrində buyurulur:

كلُ‏ُّ مَنْ عَلَيهَْا فَانٍ وَ يَبْقَى‏ وَجْهُ رَبِّكَ ذُو الجَْلَالِ وَ الْاكْرَام

“Onun (Yer kürəsinin) üzərində olan hər bir şey məhv olacaqdır. Cəlal və Kərəm Sahibi olan Allah isə əbədidir.”

Bəzi ayələrə əsasən, bütün yaranmışlar, o cümlədən günəş, ay, ulduzlar və s. Allaha səcdə edirlər. İnsanlardan başqa bütün mövcudların səcdə etməsi təkvini ibadət və itaət mənasındadır. Səcdənin özü ayrılıqda müstəqil bir ibadət sayılır. Necə ki, namazın şərtlərindən biri olan “təharət” müstəqil bir ibadətdir. Daha dəqiq desək, səcdə namazın eynidir. Səcdə, bəndənin Allah-təalaya ən yaxın halıdır. Digər tərəfdən şeytanın ən çətin halı məhz müsəlmanın səcdə vəziyyətində olmasıdır. Çünki şeytan səcdəni tərk etdiyinə görə Allah dərgahından qovulmuş və uzaqlaşdırılmışdır. Rəvayətdə buyurulur: “Rükusu və səcdəsi olmayan namaz, namaz deyildir.”[185]

QİRAƏTİN FƏLSƏFƏSİ

Namazın ən mühüm rüknlərindən sayılan “qiraət” onun birinci rükətində “Həmd” (Fatihə), ikinci rükətində isə başqa bir surə oxumaqla yerinə yetirilir. Rəvayətdə buyurulur: “Fatihəsiz namaz yoxdur.”[186] Başqa bir rəvayətdə belə buyurulur: “Fatihə surəsi oxunmayan namaz naqisdir.”[187] Namazda iki surənin ardıcıl oxunmasının fəlsəfəsi bundan ibarətdir: 1) Quran daimi olaraq möminin canına və ruhuna hopub cərəyan etsin. 2) Surələri təkrarlamaqla Quran müsəlmanlar arasında yaşasın.

Səkkizinci imam (ələyhissalam) bu həqiqəti Fəzl ibn Şazan üçün açıqlayıb belə buyurur: “İnsanlara namazda qiraət oxumaq ona görə əmr olunub ki, O, (Quran) həmişə təravətli qalıb camaat arasında yaşasın və insanlar daim Onun elmindən bəhrələnsinlər. Məbada müsəlmanlar Qurandan qafil olsunlar!”[188]

İmam Rizanın (ələyhissalam) bu hədisinə əsasən bir neçə mətləbi açıqlamaq istərdik:

1. Əhli-beytin (ələyhimussalam) rəvayətlərində Quranı öyrənməyin və öyrətməyin, hətta Onu üzdən oxumağın zəruri olduğu təkidlə bildirilmişdir. Bəzi rəvayətlərdə Quranın hər gün 50, bəzilərində isə 200 ayəsinin üzdən oxunması sifariş edilmişdir. Bu barədə “Vəsailuş-şiə”, “Biharul-ənvar”, “Safi”, “Vafi” kitablarında çoxlu hədis və rəvayətlər mövcuddur. Bunlardan bir neçəsini zikr edirik:

a) Allahın elçisi (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Sizlərdən ən yaxşınız Quranı öyrənən və Onu başqasına öyrədəndir.”[189] b) İmam Sadiq (ələyhissalam) buyurur: “Mömin üçün yaxşı olar ki, ölümündən qabaq Quranı öyrənmiş olsun, yaxud öyrənərkən ölüm onu yaxalasın.”[190]

v) Allahın Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur: “Ən üstün ibadət Quran oxumaqdır.”[191] q) İmam Əli (ələyhissalam) buyurmuşdur: “Quranı öyrənin və Onun barəsində dərin təfəkkürə dalın! Çünki O, möminin qəlbinin baharı və gülüstanıdır. Öz dərdlərinizə Quran vasitəsilə çarə qılın! Çünki O, bütün fiziki və ruhi xəstəliklərə şəfa verəndir. Onu tərtillə oxuyub gözəlləşdirin! Ayələri barədə düşünün və ibrət götürün! Çünki O, ən mənfəətli və ən gözəl qissələri Özündə cəmləşdirmişdir.”[192]

d) Bəzi rəvayətlərdə bildirilmişdir ki, Behişt əhlinin dərəcələri, onların hansı miqdarda Quranı hifz etmələrindən asılıdır. Rəvayətlərin birində deyilir ki, Cənnətdə Quran əhlinə belə xitab olunar: “Quranı hər nə qədər əzbər bilirsənsə, oxu və yuxarı qalx!”[193] Bir çox rəvayətlərdə bildirilir ki, Quran Qiyamət günü ən gözəl surətdə zahir olub Onu oxuyanlara şəfaət verər. Rəvayətlərdə bizlərə də bacardığımız qədər Quran oxuyub Onu hifz etmək sifariş olunmuşdur. 2. Deyilənlərdən belə məlum oldu ki, mömin Quranı oxumaqla bərabər qəlbində hifz etməli və hər bir dəyişiklikdən Onu qorumalıdır. Quranın möcüzə olmasının nişanələrindən biri də Onun həmişə təravətli olmasıdır. Yəni Quran oxunduqca köhnəlmir və hər dəfə oxunduqda sanki mömini özünə cəzb edir. O başqa kitablar kimi deyil. Belə ki, əgər bir kitab iki ya üç dəfə oxunsa, insanı yorar. Lakin Quran oxunduqca sanki oxucunun Özünə qarşı susuzluğunu artırar.

3. Quranın qiraət edilməsində təkcə dilin və dodağın tərpənməsi kifayət deyil. Quran və rəvayətlərə nəzər saldıqda bir neçə həqiqətə şahid oluruq:

1)Quranın buyuruqlarına əməl etmək; Necə ki, hədisdə buyurulur: “Bir çox Quran oxuyanlar var ki, Quran onlara lənət oxuyur.”[194] 2 ) Quranı başa düşməklə Onun elminə yiyələnmək;

Necə ki, Qurani-Kərim “Muhəmməd” surəsinin 24-cü ayəsində, həmçinin bir çox başqa ayələrdə insanları təfəkkür edib düşünməyə dəvət edərək buyurur:

أَ فَلَا يَتَدَبَّرُونَ الْقُرْءَانَ أَمْ عَلىَ‏ قُلُوبٍ أَقْفَالُهَا

“Görəsən, onlar Quran barəsində düşünmürlər, yaxud ürəklərinə qıfıl vurulmuşdur.?!”

3) Quranın moizələri, hekayələri, misalları, Cənnət müjdəsi və Cəhənnəm təhdidi qiraətin əsas mehvərlərindəndir;

Quran qiraətinin bəzi fəlsəfə və hikmətləri, yuxarıda zikr

olunmuş nöqtələri yada salır. 4) Səmavi kitab olan Quran bəşərin dünya və axirətini təmin etmək üçün nazil olmuşdur və bütün insanların hər iki aləmdə xoşbəxtliyə, səadətə çatması üçün bir sıra ictimai qanunlar müəyyənləşdirmişdir;

Bunun üçün də hamı Quranı oxuyub Onun buyuruqlarına əməl etməklə yanaşı mənalarını düşünməyə və Onu qorumağa məsuldur. Bu prinsipə görə Quran dinin ən mühüm göstərişlərindən olan namazda qərar tapmışdır. Möminlər Onu öyrənməyə və öyrətməyə səy göstərməlidirlər ki, Quranın elmi, mahiyyəti, əhkamı, qanunları köhnəlikdən, xurafatdan və unutqanlıqdan amanda qalsın.

PEYĞƏMBƏRİN (salləllahu ələyhi və alihi və səlləm) QURAN VƏ İTRƏT HAQQINDA OLAN SİFARİŞİ

Rəsuli-Əkrəm (salləllahu ələyhi və alihi və səlləm) özünün 23 illik təbliğindən və Quran həqiqətlərinin yayılmasından sonra ömrünün axırlarına yaxın vəsiyyətində belə buyurdu:

“Ey camaat! Mən sizin aranızdan gedirəm və sizə iki ağır əmanət tapşırıram. Bunlar Allahın kitabı Quran və mənim Əhli-beytimdir. Əgər hər ikisinə sığınsanız heç vaxt yolunuzu azmayacaqsınız. Həqiqətən, bu iki şey ümmətin arasında Qiyamətə kimi yaşayıb dinin düşmənlərini məğlub etməli, xalqa rəhbər və yol göstərən olmalıdır.”[195]

İndiyə kimi din düşmənləri bu iki ağır və qiymətli əmanət qarşısında sipər kimi dayanaraq onları məhv etmək istəmişlər. Lakin Allah-təala onları qorumuş və qoruyacaqdır. Quran bu barədə buyurur:

إِنَّا نحَْنُ نَزَّلْنَا الذِّكْرَ وَ إِنَّا لَهُ لحََافِظُون‏

“Həqiqətən, biz Zikri (Quranı) nazil etdik və həqiqətən, biz Onu qoruyacağıq.” [196] Əhli-beyt (ələyhimussalam) barəsində həzrət Rəsul (salləllahu ələyhi və alihi və səlləm) çoxlu hədislər buyurmuşdur. O cümlədən:

“Cənnətdə Kövsər hovuzunun yanında sizdən bu iki əmanət və necə rəftar edildiyi soruşulacaqdır.”[197].

Mötəbər kitablardan sayılan “Kafi”də həzrət Peyğəmbərdən (sallallahu ələyhi və alihi və səlləm) uzun bir hədis nəql olunmuşdur. Hədisin məzmunu belədir: “Fitnələr sizə hücum gətirdiyi zaman Qurana sığının. Çünki O, həm şəfaət edən, həm də şəfaət ediləndir. Hər nəyi halal edibsə, həqiqətdir. Hər kəs Quranı öz rəhbəri qərar versə, Quran onu Behiştə aparacaqdır. Hər kəs arxa çevirsə, Quran onu Cəhənnəm atəşinə doğru sürükləyəcəkdir. Quranın ecazkarlığı sonsuz, qəribəlikləri isə köhnə deyildir. Məhz hidayət çıraqları Ondadır”.[198]

Bu hədisdən bir neçə nəticə əldə edə bilərik:

1) Hər zaman müsəlmanlar çətinliyə düşüb zəlalətə və cəhalətə düçar olsalar, Qurana pənah aparıb haqqı batildən ayırmalıdırlar. 2) Qurana itaət etmək səadətə, Ondan üz çevirmək isə bədbəxtliyə səbəb olur. 3) Elm hər nə qədər inkişaf etsə, bir o qədər də Quranın həqiqətləri kəşf və zahir olacaqdır. 4) Quranın nuru vasitəsilə cəhalət zülmətindən azadlığa qədəm qoyulur, həyat suyunun elmi və hikməti üzə çıxır.

XATIRLATMA

3) Əlhəqq Təyyar deyir: “Quran dünya və axirət xoşbəxtliyinin sərmayəsidir. Hər hansı bir millət Quranı gözləri üstünə qoyub Onun ali qanunlarına riayət edərsə, səadətə çatmışdır. Əksinə, hər kəs ondan üz çevirmişsə, uçuruma və həlakətə düçar olmuşdur.”[201] 4) Edmund Bork yazır: “Məhəmmədin şəriəti və İslam ayini elə tənzimlənib, səadət və xoşbəxtlik yolunu elə bəyan edib ki, yuxarı təbəqədən tutmuş ən aşağı təbəqəyədək bütün insanlar bu qanun və şəriətdən rahatlıqla bəhrələnə bilər. Bu cəhətdən də İslam ən güclü və ən üstün bir din olaraq bəşəriyyət üçün göndərilmişdir.”[202] 5) Con Dav Penort həmçinin deyir: “Quran əhkamında insan üçün çətin mətləblər, qaranlıq proqramlar və ya zor gücünə icra edilən qanunlar yoxdur və gözə dəymir. İslam insanı aydın və düzgün bir yola yönəldir. Buna görə də İslam bütpərəst ərəblərə, ulduzpərəst sabiilərə, atəşpərəst məcuslara, rəbbiyunpərəst yəhudilərə və pappərəst məsihilərə qələbə çalmışdır.” 6) Bernard Şou deyir: “Quranın nüfuzunun, qüdrətinin və əhkamının dünyanı ram etməsinə az qalmışdır. Belə getsə, 2060-cı ilə kimi Papa süqut edəcək və İslam bütün bəşəriyyətin yeganə dini olacaqdır.”[203] 7) Qustav Lobon yazır: “Müsəlmanların asimani kitabı sayılan Quranda məzhəbi, siyasi və ictimai qanunlar toplanmışdır. Belə ki, Quran dəyişməyən bir din kimi tanınmış və onun ictimai əhkamı, məsələləri sabit halda qalmışdır. İslam dininin ardıcılları illərlə kitab və sünnəyə zəncirvari, möhkəm bağlanaraq həmin yolda öz səylərini qüvvətləndirirdilər. Nəticədə indiyə kimi heç bir qüvvə Ona qalib gələ bilməmişdir.”[204]

8) Vilyem Mayor deyir: “Quran başdan-başa möhkəm dəlillərə malik bir kitabdır. Bu dəlillər Allahın vücudu, Yeganə Yaradanı tanımaq və Ona tərəf hidayət, həmçinin insanın yaxşı və pis əməllərinin əvəzi ilə bağlıdır. Bu kitab böyük rəhbər olmaqla yanaşı hər bir məsələni elə gözəl açıqlamışdır ki, insanın ruhuna nüfuz edərək əbədi həyatı və Qiyamət gününü onun yadına salır.”[205] 9) İngilis tarixçisi Tomas Karlil yazır: “Bəzi kitabları oxuyandan sonra onlar insanın zehnində dərin iz buraxır. Lakin onlar heç vaxt Quranla müqayisə oluna bilməz. Bu cəhətdən də etiraf etməliyik ki, Quranın ən birinci üstünlüyü və əsas bünövrəsi Onun mühüm məzmunları, məsələləri, seçilmiş ünvanları və pak hissiyyatlarla rabitəsidir. Deyilənlərdə heç bir şəkk-şübhə yoxdur. Əbədi səadətə və kamilliyə yetişmək üçün bütün fəzilətlər Quranda bildirilmişdir.”[206]

10) Qladiston yazır: “Quran bütün müsəlmanların səadət mayası və müxaliflər arasında möhkəm bir sərhəddir.”[207]

11) Kental Virjil deyir: “İlahi tərəfindən göndərilmiş Quran əbədi bir üsula şamil olmaqla yanaşı müsəlmanların, o cümlədən yer üzündə yaşayan müxtəlif dinlərin və firqələrin də suallarına cavab vermişdir.”[208] 12) Napoleon Bonopart deyir: “Mən ümidvaram, tezliklə dünyanın məşhur alimlərini və mütəfəkkir insanlarını bir yerə toplayıb onların köməyi ilə elə bir qanun yaradacağam ki, binası və əsası Qurandandır. Çünki Quran haqq və həqiqətin yeganə əslidir. Bu əsl bəşər səadətini tə`min edən əvəzsiz kitabdır.”

Həmçinin, başqa bir yerdə belə deyir: “Əgər İslamın və müsəlmanların kökünü yer üzündən silmək istəyirsinizsə, onlardan azan və Quranı oğurlamalısınız.”[209] Onun bu sözü bəlkə də İslama olan meylini bildirir. Çünki o, bu işin (azan və Quranı oğurlamağın) qeyri-mümkün olduğunu bilirdi. Napoleonun Quran və İslam əhkamı barəsindəki tərifləri kitabın 1-ci cildində zikr edilmişdir.

13) Lord Kerzen Qladistonun sözünü təsdiq edərək yazır: “Quran müsəlmanların əlində olduğu müddət ərzində məsihilər heç vaxt rahatlıq içində həyat sürməyəcəklər. Bunun üçün Avropada, bu kitabı şərq xanımlarının niqabı ilə örtməlidirlər.”[210]

SEYİD CƏMALƏDDİN ƏSƏDABADİNİN HEYRƏTEDİCİ HƏRƏKATI

Seyid Cəmaləddin Əsədabadi ruhani, öz dövrünün siyasətindən agah böyük şəxsiyyətlərdən sayılırdı. Onun məqsədi İslam ümmətinin azadlığı uğrunda çalışmaq, müsəlmanları qəflət yuxusundan oyatmaq və işğalçı qüvvələrin əlini İslam ölkələrindən kəsmək idi.

O, 1300-cü hicri qəməri ilində dünyaya bildirdi ki, Qurana və Onun qanunlarına riayət etmək insanı tərəqqiyə və səadətə çatdırır. Əksinə, hər kəs Quranın buyuruqlarından üz çevirsə, bədbəxtliyə və uçuruma yuvarlanasıdır. Seyid İslam və Avropa ölkələrinə çoxlu səfərlər etmişdi. O, hətta Parisdə “Urvətul-vusqa” adlı jurnal da çapdan buraxmışdır. Bu jurnal Şərq millətinin oyanışında boyük rol oynamışdır.

Seyid Cəmaləddin Əfqanıstana, Hindistana, Misirə, Türkiyəyə, İrana səfərlər etmiş və oradakı odlu çıxışları ilə əzəmətli İngiltərəni lərzəyə salmışdır. Nəhayət, 1314-cü ildə İstanbulda dünyasını dəyişmişdir.[211] Öz mənfəətlərinin əldən çıxdığını duyan qaniçən Avropa milləti jurnal buraxılan çapxananı bağlayıb Seyidi Parisdən çıxardılar. Bu şücaətli və yorulmaz islahatçı Misirə gələrək tanınmış alim, müfti şeyx Məhəmməd Əbdüh ilə əl-ələ verib “Vətən təşkilatı” adlı bir cəmiyyət yaratdı, Misir camaatını bu təşkilata üzv olmağa də`vət etdilər. Nəhayət, bu cəmiyyətə 40 nəfərdən artıq üzv yazılmadı. Bu qrupun hədəfi Qurana və İslam hökmlərinə əməl etməkdən ibarət idi. Bu yolu canlandıran seyid Cəmaləddinin odlu çıxışları və xütbələri idi. O, həqiqətləri açıqlamaqla camaatı oyadırdı. Onun Misirdə təşkilatın bütün üzvlərinin toplandığı məclisdə söylədiyi xütbələrdən birinin xülasəsini nəzərinizə çatdırırıq.

SEYİD CƏMALƏDDİNİN SÖYLƏDİYİ ÇIXIŞIN XÜLASƏSİ

Ey Rəbbim! Sənin buyurduğun haqdır:

وَ الَّذِينَ جَاهَدُواْ فِينَا لَنهَْدِيَنهَُّمْ سُبُلَنَا

“Hər kəs bizim yolumuzda çalışsa, həqiqətən biz onları öz yolumuza hidayət edəcəyik.” [212] Pərvərdigara! Həqiqətən də, Sənin buyurduğun haqqdır. Bu müqəddəs cəmiyyət Sənin adınla və Sənin dininə kömək üçün təşkil olunmuşdur. Sonra üzünü təşkilatın üzvlərinə tutub dedi: “Hörmətli ağalar! Bəşərin qiyamətə kimi səadətini tə`min edən, İslam dininin müqəddəs qanunlarını açıqlayan Qurandır. Ah! Ah! Necə də bu müqəddəs Quran müsəlmanların qəfləti üzündən yalqız qalmışdır. Bu, müqəddəs Qurandır ki, nuru ilə geridə qalmış, eləcə də bu günkü dünyanı yüksək mədəniyyətə çatdırmışdır. Ah! Ah! Nə üçün Quran bü gün aşağıdakı işlərə həsr olunmuşdur: -Quranın cümə axşamları qəbiristanlıqlarda oxunması;

-Oruc tutanların baş qatmaq və vaxt keçirmək üçün Quran oxuması; -Məscidlərin küncündə yerləşdirilməsi; -Evlərdə müqəvvaya çevrilməsi; -Uşaqlara göz dəyməməsi üçün dua yazılması; -Küçələrdə dilənmək üçün alət kimi istifadə edilməsi;

-Körpələrin qundaqdakı zinətinə çevrilməsi; -Səfərə çıxanların yükü; -Cin vuranların silahına dönməsi; -Gəlinlərin boyunlarından asılması; -Qadınların bilərziyini əvəz etməsi;

-Şadlıq məclislərində zinət olması; -Kitab satıcılarının sərmayəsi və s. Ah! Bu asimani və müqəddəs kitab bu gün Hafizin “Divan”ından, Mövləvinin “Məsnəvi”sindən, Sədinin “Gülüstan”ından da aşağı səviyyəyə enmişdir. Əgər bu şerlərdən biri oxunsa, gözlərin, qulaqların və ürəklərin diqqəti ona yönələr. Görəsən, bu əzalar hansı faydaya çatacaq? Pərvərdigara! Biz Səni unutduq və Sən də həmçinin bizim qəlblərimizin aynasını müqəddəs kitabın həqiqətlərindən məhrum etdin. Biz ürəklərimizin surətini Sənin itaətindən çevirdik. Sən də buna görə bizim səadətimizi və şərafətimizi zillətə və bədbəxtliyə çevirdin.” Sonra Seyid Cəmaləddin kürsüdən enərək bu cümlələri bir neçə dəfə təkrar etməyə başladı: “İlahi! Biz Səni unutduq. Sən də bizi unutdun.” Axırda qəşş edib yerə yıxıldı. O, təxminən 3 saat həmin vəziyyətdə qaldı. Nəhayət, həkimin yardımı ilə özünə gəldi və məclisi davam etdirdi.

MİSİR İNQİLABINA SƏBƏB OLAN ON YEDDİ MADDƏ

Həmin məclis davam edirdi. Bütün bu bədbəxtliklərə, zillətə və zülmə çarə axtarılırdı. Nəhayət, hamılıqla belə bir yekdil fikrə gəldilər: “Müsəlmanların əzəmətinin yeganə səbəbi İslamın müqəddəs qanunlarına əməl etməkdən ibarətdir. Buna görə yeganə çıxış yolu İslamın səadət bəxş edən qanunlarına əməl etməkdir.” Beləliklə, elə həmin məclisdə ciddi surətdə 17 maddədən ibarət bir proqram tərtib edildi. Üzvlərin hamısı bu maddələri əməli surətdə yerinə yetirəcəyinə söz verdi.

PROQRAMIN MƏTNİ

1. Bu təşkilatın hər bir üzvü gün ərzində Quranın ən azı bir hizbini[213] diqqət və təfəkkürlə oxumalıdır. 2. Vacib namazlar camaatla qılınmalıdır. 3. Əmr be məruf və nəhy əz münkər tərk olunmamalıdır. 4. Qeyri-müsəlmanlar İslama dəvət edilməlidir. 5. Məsihi təbliğçiləri ilə ən gözəl şəkildə dini və elmi bəhslər edilməlidir. 6. Kasıblara qarşı imkan daxilində maddi yardım olunmalıdır. 7. Hər hansı bir şəxs boynunda olan öz şəri vəzifəsini düzgün yerinə yetirməli və başqasının ehtiyacından xəbərdar olsa, onu təmin etməyə çalışmalıdır. 8. Qohumlara, yaxınlara qarşı sileyi-rəhim yaddan çıxmamalı və yerinə yetirilməlidir. 9. Xəstələrə baş çəkilməlidir. 10. Əgər hər hansı bir müsəlman məsciddə və ya bazarda görünməzsə, axtarılmalıdır və olmamasının səbəbi araşdırılmalıdır. Əgər müşkülü olarsa, aradan qaldırılmalıdır. 11. Hər kəs zəruri səfərdən qayıdarsa, onun ziyarətinə və görüşünə gedilməlidir. 12. Maaşın və ya gəlirin vacib hissəsi haqqı olan şəxsə ödənilməlidir. 13. Dinin qayda-qanunlarından xəbərsiz olanlara məlumat verilməli və onlara biganəlik göstərilməməlidir. 14. Rəzil sifətlər sayılan təkəbbürü və lovğalığı özündən uzaqlaşdırmalıdır. 15. Müsəlman qardaşlarının xətalarına və səhvlərinə göz yummalıdır. 16. Camaata qarşı tündxasiyyət və qəzəbli olmamalıdır. 17. Camaata mənfəəti olmayan bir işi görməkdən, yaxud bir söz deməkdən çəkinməlidir. Məclisin sonunda belə qərara gəldilər ki, bu təşkilat üzvlərinin hər birinin yanında qələm və kitabça olmalıdır. Hər zaman bu maddələrin biri yerinə yetirilərsə, elə həmin an onu kitabçada qeyd etməlidir. Yuxarıda zikr edilmiş bəzi maddələrin icrası üçün pul lazım olduğuna görə 40 nəfərdən ibarət olan üzvlər qərara aldılar ki, ev əşyalarının artıqlarını satıb sadə yaşayışla qənaətlənsinlər və aylıq qazanclarının bir qismini təşkilatın büdcəsinə köçürsünlər, bu da təşkilatın gələcək işləri və fəaliyyətləri üçün bir yardım olsun.

MİSİRİN “VƏTƏN TƏŞKİLATI”NIN BİR AY ƏRZİNDƏ GÖRDÜYÜ İŞLƏR

Bu təşkilatın üzvləri Seyid Cəmaləddinin rəhbərliyi altında 17 maddədən ibarət olan bu qərarlara ciddi surətdə əməl edərək bir ay ərzində görülən işləri qələmə aldılar. Bunlar aşağıdakılardan ibarət idi: 1) 1500 xəstənin görüşünə getmişdilər. 2) Səfərdən qayıdan 2700 nəfəri ziyarət etmişdilər. 3) Cəmiyyətdən kənarda qalmış, yaxud camaat namazında iştirak etməyən 500 müsəlmanın vəziyyəti ilə maraqlanmışdılar. 4) 12000 nəfərin müşküllərini həll etmişdilər. 5) 800 nəfər spirtli içkini və narkotikanı ataraq tövbə etmişlər. 6) Namaz qılmayan 1300 nəfər hidayət olmuş və namaza başlamışdı. 7) 400 əxlaqsız qadın tövbə edib hidayət olmuşdu. Təşkilat üzvləri idarələrdə çalışan 80 nəfər ingilis məmurunu bu dövlətə xidmət etməkdən çəkindirmiş, nəticədə onlar iste`fa verməyə məcbur olmuşlar. 9) Misirin 500 sərvətli şəxsini xaricdən, xüsusilə İngiltərədən gətirilmiş qiymətli əşyalar almaqdan çəkindirmişdilər. 10) Lazım olan sərmayəni ticarətdə zərər çəkmiş 75 nəfərin ixtiyarında qoymuşdular. 11) 206 fəqir və yoxsulun xərclərini bir illik təmin etmişdilər. 12) 35 məsihini, 15 yəhudini və 70 bütpərəsti İslama dəvət etmiş, nəticədə onlar haqq dini qəbul etmişdilər. 13) Misirdə İngiltərə dövlətini himayə edən məsihi təbliğatçıları ilə 44 məclis təşkil olunmuş və onlara 120 sual verilmişdi. Lakin bu təbliğatçılar həmin suallara cavab verməkdə aciz qalmışdılar. Bəli, bu da 40 nəfərlik kiçik bir təşkilatın bir ay ərzində gördüyü işlər! Nəhayət, bu fəaliyyətdən bir müddət sonra Misirdə iqtisadiyyat üzrə mütəxəssis Lord Kromer adlı birisi gördü ki, İngilis dövlətinin bu ölkədəki nüfuzu 45 faiz azalmış, həmçinin İgiltərənin ticarətinə 35 faiz ziyan dəymişdir. Lord Kromer ingilis idarələrində işləyən 80 nəfərin istefa verdiyinə və onların əvəzinə başqa ingilislərin işləmək istəmədiyinə şahid oldu. O, ingilis kompaniyalarının, xüsusilə bərbəzək əşyaları satanların, müştərilər onlara müraciət etmədiklərinə görə fəryad çəkdiklərini görüb bir daha təəccüb etdi.

Digər tərəfdən Misirə məstedici içkilər və əxlaqsız qadınları gətirən dəllallar, həmçinin kino-teatrlarda fəaliyyət göstərən bəzi ingilis məmurları öz işlərindən əl çəkib başqa sahələrə üz tutdular.

Lord Kromer sonda belə nəticəyə gəldi ki, Misirdəki məsihi təbliğatçılarının 35 illik fəaliyyəti “Vətən təşkilatı”nın bir aylıq fəaliyyətindən 16 dəfə aşağı səviyyədədir. O, bərk qorxuya düşüb təcili surətdə Londona bu barədə ətraflı məlumat göndərdi.

LORD KROMERİN MƏLUMATI

“İngilis dövlətini təhlükədən xəbərdar edirəm. Əgər Seyid Cəmaləddinin rəhbərliyi altında qurulmuş “Vətən təşkilatı” bundan sonra bir il də fəaliyyət göstərərsə, nəinki Asiyada, Afirkada İngiltərənin siyasəti və ticarəti birdəfəlik məhv olacaq, hətta Avropa ölkələri bütün dünyada nüfuzunu itirəcək.”

O, ikinci məlumatında belə yazır: “Vətən təşkilatı” bizim irəliləyişimizin qarşısını alan bir şimşəkdir. Buna görə də tez bir zamanda bu təşkilatın məhv olması üçün qərar çıxarılmalıdır.”

Üçüncü məlumatında belə yazır: “Misirin “Vətən təşkilatı” sanki 13 əsr bundan qabaq az bir müddət ərzində dünyanın dörddə üç hissəsini öz əsarəti altına alan müsəlmanların bariz nümunəsinə çevrilib.”

Məsihi təbliğatçılarından biri “Baş kilsə”yə belə yazır: “40 nəfər müsəlmanın vücudunda qərar tutan bir Seyidin ruhunun 700 milyon məsihi və İncil övladları müqabilində qələbə çalmasından heyrətli bir iş yoxdur.”

“Port Səid” adlı xəstəxananın xarici həkimlərindən biri yazır: “Misirin “Vətən təşkilatı”nın gördüyü heyrətləndirici işlər bundan sonra iyirmi il davam edərsə, çox keçməz ki, bütün Yer kürəsi onların oylağına çevrilər.”

İngiltərə bankının rəisi Londona belə bir xəbər verir: “Dövrün qəribə hadisələrindən biri də Avropa siyasətinin bu gün Misirdə, sabah isə bütün dünyada dini qanunlara riayət edən 40 nəfər müsəlmanın əli ilə dağılmasıdır.”

Nəhayət, bir-birinin ardınca gələn bu məlumatlar səbəbindən İngiltərə dövləti qorxuya düşüb belə bir əmr verdi: “Seyid Cəmaləddin sürgün olunsun. Şeyx Əbduh isə 3 il həbs cəzasına məhkum edilsin. Təşkilatın qalan üzvlərinə isə müəyyən cəzalar verilsin.”

Bu əmrdən bir müddət sonra ingilislər yenə də zəli kimi müsəlmanların canına yapışıb qanlarını sormağa başladılar.

ÜÇÜNCÜ FƏSİL

NAMAZ CƏMİYYƏT FƏZASINDA

NAMAZIN İCTİMAİ FƏLSƏFƏSİ

Namazın fəlsəfələrindən biri də cəmiyyət arasında nizam-intizam məsuliyyəti yaratmaqdan ibarətdir. Xüsusilə, camaat namazında nizamlı halda sıraya düzülmüş müsəlmanlar hərbi qulluqda cərgələnmiş əsgərlərə bənzəyir. Həmin əsgərlər hansısa bir məqsədə qulluq edirlər. Müsəlmanların da bu cür sıraya düzülməsi İslam dininin əzəmətini büruzə verir, bu dinin dostlarının və düşmənlərinin ruhunda dərin bir iz buraxır.

Namazın fəlsəfə və hikmətlərindən biri də əxlaqın gözəlləşdirilməsi, insanların günahlardan və bəyənilməyən işlərdən çəkindirilməsidir. Kimsə delə deyə bilər: “İnsanların cəzalandırılması üçün polis, məhkəmə və s. kifayət edər. Daha namazın adamı pis işlərdən çəkindirməsi nəyə lazımdır?” Cavab: Qoyulmuş qanunlar camaatın xəlvətdə gördüyü əməllərə təsir göstərə bilməz. Bu qanunların yalnız cəmiyyət arasında rolu var. Lakin namaz insanı aşkarda və gizlində günahlardan çəkindirən batini bir polisə bənzəyir.[214]

ETİMAD HİSSİ

Namazın ictimai fəlsəfələrindən biri də camaat arasında etimad hissi yaratmaqdan ibarətdir. Məlumdur ki, cəmiyyətdə bir-birinə qarşı inam və etimad hissi olmazsa, aləmin quruluşu, nizam-intizamı pozular, nəticədə hər şey süquta və məhvə uğrayar. Etimad hissini aradan qaldıran hər bir əməl (yalan, xəyanət, töhmət, qeybət və s.) şəriətdə günah və qadağandır. Əgər insanların bir-birinə etimadı olmasa, onların alış-verişi rövnəq tapmayacaq və ortada soyuq rabitələr, xoşa gəlməyən işlər baş verəcəkdir.

Etimad hissinin hasil olması üçün ən yaxşı yol budur ki, qarşımızdakı insanın güclü iman sahibi olduğunu anlayaq. Onun Allahdan (günahlara görə) çəkindiyini, xəyanət etmədiyini, yalan danışmadığını qəlbimizdə hiss edək. Onun əməllərinin həqiqətinə diqqət yetirək. Bu nəticəyə çatmağın yolu budur ki, görək bu şəxs namazda iştirak edirmi, ya camaatla qaynayıb-qarışırmı?

İslam dininin buyuruqları asan olmaqla yanaşı ağıl və elmlə üst-üstə düşür. Belə ki, bu dinin əhkamlarında heç bir çətinliyə yol verilməmişdir. İslamda etiqadi[215] və əməli[216] müşküllər də yoxdur. Vacib namazları tək halda da qılmaq olar. Lakin daha yaxşıdır ki, bu namazlar camaatla qılınsın. Camaat namazının çox faydaları var. İnşaallah bəzilərinə işarə olunacaq.

Namazın ictimai təsirlərindən biri onun imkan daxilində məsciddə, yaxud müsəlmanların cəm olduğu məkanda qılınmasıdır. Belə ki, camaat bu namazların ictimai faydalarından bəhrələnə bilsinlər. Bu mətləb hədislərdə təkidlə bildirilmişdir. Bir hədisdə belə buyurulur: Qonşuluqda məscid ola-ola tək qılınan namaz – (kamil) namaz deyil.[217] Başqa bir hədisdə buyurulur: “Məsciddə olan mömin suda olan balığa bənzəyir.”[218] Onu da qeyd edək ki, məscidə gedib camaatdan qıraqda tək namaz qılmağın faydası yoxdur. Məscidə daxil olan müsəlman namazını camaatla birlikdə qılmalı, onun ictimai təsirlərindən də faydalanmalıdır.

Məscidlərin məqamının müxtəlif dərəcədə olduğu, həmçinin orada qılınan namazın savabının da müxtəlifliyi bir çox rəvayətlərdə zikr edilmişdir. Belə ki, hər bir namazın ictimai yönü güclü olarsa, həmin namazın savabı, təsiri və faydası da çox olacaqdır.

Rəvayətlərdə insanlar həm camaat namazına rəğbətləndirilir, həm də orada iştirak etməyənlər pislənilir. Camaat namazına üzürsüz səbəbə görə gəlməyənlər “ümmətin yəhudiləri” adlandırılmışlar. Hətta onlarla rabitənin qırılması tövsiyə olunur.

CAMAAT NAMAZININ FƏLSƏFƏSİ

Hərbi xidmətdə olan əsgərlər günün müəyyən saatlarında meydana toplaşaraq komandirin əmrinə əsasən nizamlı şəkildə sıraya düzülür, əmr edilmiş hərəkətləri can-başla yerinə yetirirlər. Bu əsgərlərin bir amalı və iradəsi var. Onlar xüsusi bir əzəmət və vahid hədəflə özlərinin itaət hissini ürəkdən biruzə verirlər. Bu əməllər döyüş meydanına hazırlığı və nizam-intizamı bildirməklə yanaşı onların əzəmətini nümayiş etdirir.

Həmçinin, camaat namazında iştirak edən möminlər yuxarıda qeyd olunduğu kimi düzülürlər. Sıraya düzülmüş möminlərin hərəkətləri əsgərlərin hərəkətindən daha əzəmətli görünür. Başqa millətlər müsəlmanların bu vəhdətini müşahidə etdikdə istər-istəməz təsirlənirlər və düşmənlərin ruhiyyəsi zəifləyir.

Camaat namazı dinin şüarlarına təzimin nişanəsi hesab olunur. Bu təzim şəxsin itaət hissini, həmçinin məzhəbi nizam-intizamını daha da möhkəmləndirir.

Namaza düzülmüş bu sıralar döyüş zamanı güclü bünövrəsi olan sıraları xatırladır. Məhz belə bir məqamda arzu olunan ədalət və mehribanlıq yaranar. Əgər insanlar camaat namazına ciddi surətdə əhəmiyyət versələr, həmçinin namaz əhli olub ictimai zərurətlərə riayət etsələr, elə bir cəmiyyət yaranar ki, insanlar heç vaxt bir-birindən hürkməz, qorxmazlar. Bir-birlərinə etimad və inam bəsləyənlər artıq məhkəməyə, hər hansı bir rəsmi sənədə, polisə və s. ehtiyac duymaz. Hər kəs öz dini, ictimai, şəxsi və vicdani vəzifəsini düzgün yerinə yetirərsə, mağazaları bağlamağa və s. ehtiyac qalmaz. Belə olduqda camaat bir-birindən oğurluq etməz və xəyanətə, zülmkarlığa, təcavüzə yer qalmaz. Nəticədə hamı eyni bir hədəfə qulluq edər, bir-birlərinə səmimiyyətlə yanaşar. Bu üstünlüklər möminlər arasında camaat namazında və namazın fəlsəfəsində özünü göstərir.

Fransalı alim Renan deyir: “Kaş məni başdan ayağa cəlb edən məscidə heç vaxt ayaq basmayaydım. Başqa sözlə, kaş müsəlman olmağı heç vaxt arzulamayaydım.”[219]

CÜMƏ NAMAZI VƏ İKİ BAYRAMIN[220] FƏLSƏFƏSİ

İşarə olunduğu kimi namazda əsas məsələ camaatın iştirakıdır. İşlərin asanlaşdırılması üçün tək halda namaz qılınmasına icazə verilmişdir. Lakin İslam şəriətində bəzi vacib namazların camaatla qılınması zəruridir. Məsələn, həftədə bir dəfə qılınan cümə namazı, həmçinin ildə iki dəfə qılınan fitr və qurban bayramı namazları camaatla qılınmalı və iki xütbə oxunulmalıdır.

Digər dinlərə nisbətdə İslam dininin üstünlüklərindən biri də budur ki, insanların bir yerə cəmləşməsi tez bir zamanda, heç bir xərcsiz, asanlıqla başa gəlir. Buna görə də həmin cəmiyyətdə böyük xeyirlər və müsbət nəticələr əldə edilir. İslamda ictimai namazların bəzi faydalarını yada salaq.

1) Moizə məclislərinin təşkili, öyrənmək və öyrətmək:

İslam ictimaiyyətinin mühüm faydalarından, həmçinin, namazın ictimai fəlsəfələrindən biri xütbə və moizə məclislərinin təşkili, öyrənmək və öyrətməkdən ibarətdir. Bilirik ki, insan ictimai bir varlıqdır. İnsan heyvanların əksəriyyəti kimi tənha yaşamağı sevmir. İnsanlar cəmiyyət şəklində yaşayıb bir-birlərinin maddi və mənəvi ehtiyacını aradan qaldırmalıdır. Bundan başqa düzgün və ağılabatan bir yol ola bilməz. Çünki hər fərdin başqasına ehtiyacı var. Məsələn, həkim pinəçiyə, nazir bənnaya, yaxud əksinə və s. ehtiyaclıdır.

Mənəvi, əxlaqi, elmi işlərdə, həmçinin kamilliyyə doğru hərəkətdə də bəşərin bir-birinə ehtiyacı vardır. Quran bu barədə buyurur:

وَ شَاوِرْهُمْ فىِ الْأَمْرِ

“Belə isə onlarla məşvərət et.”[221]

Tənhalıqda və uzaq adalarda yaşayan insanların heyvanlardan çox da fərqli olmadığı artıq sübuta yetmişdir. Bəşərin elmi, ağılı və tərəqqisi məhz ictimai mühitdə kamilləşməyə qadirdir.

MƏSCİDLƏR QURANIN ÖYRƏNİLMƏSİ VƏ ÖYRƏDİLMƏSİ ÜÇÜN ƏN ÜSTÜN BİR MƏKANDIR

İslamda məscidlər və məktəblər ictimai bir mərkəz, həmçinin elmin təkmil olduğu məkanlardır. Bu iki məkan biri-birini tamamlayır.

Məscid, yəni İslami bir universitet; məscid, yəni dini təlim-tərbiyə üçün seçilmiş məkan; məscid, yəni həqiqi və imanlı əsgərlər yetişdirən İslami bir kazarma. Pişnamaz duran imam İslam ordusunun baş komandanı və sülhsevərlərin qalxanıdır. Arxasındakı camaat isə onun əmri altında tərbiyə olunan əsgərlərdən ibarətdir.

Hərbi xidmətdə kazarma komandirləri hər gün öz əsgərlərinə “sağa dön!”, “sola dön”, “addımla marş” və s. əmrlər verməklə onları tərbiyə edir, əsgərlərin qəlbinin dərinliklərində nizam-intizam hissi oyadır və onlara əmrə tabe olmağı öyrədir. Bu ona görədir ki, döyüş meydanında düşmənlərə qələbə çalmaqla onları zəiflətsinlər

Həmçinin, camaat namazında arxada duranlar irəlidə durmuş imama itaət edərək onun hərəkətlərini eyni ilə təkrarlayır, özlərinin dini itaətini, məzhəbi nizam-intizamını və İslam əxlaqını qəlblərinin dərinliklərində gücləndirir və tərbiyə edirlər. Fərdin və cəmiyyətin saflaşdırılması üçün ən üstün yol xütbələr oxunmasıdır. Buna görə də din alimləri İslam elmlərini, Quranı, İlahi maarifi, İslam ümmətinin məzhəbi, siyasi və iqtisadi vəzifələrini xütbə və moizə şəklinə salmışlar. Bu xütbələr möminlərin cəm olduğu məscidlərdə cümə namazından qabaq, həmçinin iki bayram namazlarından və adi günlərdə qılınan namazlardan sonra həyata keçirilir.

Filosofların baxışı bundan ibarətdir ki, xütbə insanın təlim-tərbiyəsində böyük təsirə malikdir. Buna görə də Yunan filosoflarının əksəri camaata öz əqidə və fikirlərini xütbə formasında çatdırmışlar. Məsələn, Əflatunun, Sokratın və Ərəstunun şagirdləri öz müəllimlərinin söylədikləri xütbələri toplayıb kitab halına salmışlar. Bu alimlərin özlərindən bizim dövrümüzə heç bir kitab gəlib çatmamışdır. Onların şagirdləri tərəfindən xütbələr kitab şəklində toplanmış və öz ustadlarının adlarını həmin kitablarda qeyd etmişlər.

Quran təlimlərinin və İslam maarifinin ən mühüm yayım vasitələrindən biri cümə ilə bayram namazlarıdır. Bunlar vasitəsilə dini, siyasi, ictimai xütbələr müsəlmanlara çatdırılır, onların mənəvi və maddi problemləri həll edilir.

2) Nizam-intizamın təmini:

Camaat namazlarının ictimai faydalarından biri də əvvəldə qeyd olunduğu kimi, dini və məzhəbi nizamın yaranışı və itaət hissidir.[222] Əgər sülh zamanında əsgərlərin təlimlərinə fikir versəniz, görərsiniz ki, yerinə yetirdikləri əməliyyatların çoxu cəm şəklindədir. Bu da onların komandirlərinin əmri ilə icra olunur. Bu əmr əsgərlərin ruhiyyəsində nizam-intizam hissi oyadır və bu hissi gücləndirir. Nəhayətdə isə döyüş zamanı müsbət nəticələr əldə edilir. Camaat namazında isə bütün müsəlmanların diqqəti yalnız və yalnız öz Yaradanına yönəlir. Müsəlmanlar könüllü olaraq qabaqda duran imama iqtida və itaət edir, onun moizə və xütbələrini ürəkdən dinləyir və özlərini dinin qanunlarına riayət etmək üçün hazırlayırlar.

3) Vəhdətin yayılması:

İslami cəmiyyətin faydalarından və camaat namazının fəlsəfələrindən biri də müxtəlif millətlər arasında birlik və vəhdətin yaranmasıdır. Təbəqələr arasındakı fərqlərə (kasıb və varlı, qara və ağ dərili, güclü və zəif, fikrin və düşüncənin müxtəlifliyi və s.) baxmayaraq, camaat namazının vasitəsilə bir yerə toplaşıb dini xütbələri eşitməklə vahid əqidə, vahid düşüncə, vahid kəlmə və vahid hədəf ətrafında birləşirlər. Bəli, böyüklərin dedikləri bir kəlam da bu həqiqəti təsdiq edir: “Dinin gücü camaatın birliyindədir.” Quran belə buyurur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ

“Yalnız möminlər bir-birləri ilə qardaşdır.”[223]

Doğrudan da, ayədə zikr olunan bu prinsip (qardaşlıq və birlik) müsəlmanlar arasında hakim olduğu zamanlar onlar Yer kürəsinə və elm aləminə hakim idilər. Lakin çox keçmədi ki, təfriqə nəticəsində düşmənlər onlara qələbə çaldılar. Nəticədə, pis və acınacaqlı vəziyyətdə yağıların əsarəti altına düşdülər. Bu cəhətdən də pusquda durmuş düşmənlər həmişə müsəlmanlar arasında ixtilaf salır və onları biri-birilə vuruşdururdular ki, necə deyərlər, “bulanmış sudan balıq tutsunlar.” Quran isə bir daha vəhdəti yadımıza salaraq parçalanmamağımızı əmr edir və buyurur:

وَ اعْتَصِمُواْ بحَِبْلِ اللَّهِ جَمِيعًا وَ لَا تَفَرَّقُوا

“Hamınız Allahın ipindən (möhkəm) yapışın və (heç vaxt) ayrılmayın.” [224]

4) Camaatın mütəşəkkilliyi:

Camaat və bayram namazlarının faydalarından biri də cəmiyyətin mütəşəkkilliyidir. Xalqın birliyində ağılasığmaz faydalar və təsirlər mövcuddur. Məsələn, möhkəm bir ip təsəvvür etsək, onu qırmaq üçün müəyyən bir qüvvəyə ehtiyac var. Əgər iki ipi bir-birinə toxuyub qırmaq istəsək, dörd bərabər qüvvə lazım olar. Təcrübəyə əsasən, dörd qat artıq qüvvə o ipə təsir edə bilər. Əgər həmin ipi on qat toxuyub qırmaq istəsək, bu halda yüz bərabər qüvvənin olması zəruridir.

Bu müqayisəyə əsasən camaat namazında nə qədər çox adam olarsa, din alimlərinin bu kəlamı (Dinin gücü camaatın birliyindədir) öz yerini tutub onların müqavimət qüvvəsini gücləndirəcəkdir. İş o yerə çatacaqdır ki, heç bir qüvvə onlara qalib gələ bilməyəcək. Bəli, yalnız birliyin sayəsində bütün işləri görmək mümkündür.

İslamın əvvəllərində düzgün icma və əqidə birliyi vasitəsilə güclü qüvvə təşkil olundu və müsəlmanlar yarım əsr ərzində Fransa və İtaliya sərhədlərindən tutmuş indiki İspaniya (Əndəlos), Ərəbistan, Afrikanın bəzi hissələrinə, Misirə, Həbəşə, hətta Asiyada Çin divarına kimi yayılaraq İslam hökmlərini hakim etdilər. Belə ki, dünya mütəfəkkirləri bu heyrətedici mənzərəni seyr etdikdə müsəlmanların tərəqqisinin fəlsəfəsini müxtəlif cür təfsir və şərh etməyə başladılar. Bu alimlərdən biri belə bir sualla –“Müsəlmanların irəliləyişinin sirri və fəlsəfəsi nədən ibarətdir?” – bütün insanlara müraciət edərək xahiş edir ki, cavab yazıb filan ünvana göndərsinlər. Yüzlərlə cavab gəldikdən sonra onları araşdırıb belə bir nəticəyə gəlir: “Bunun fəlsəfəsi və sirri müsəlmanların güclü imanı və onların möhkəm birliyidir.”

5) Dərdləşmə məkanı:

Camaat namazının digər fəlsəfələrindən biri də insanların bir-birindən xəbər tutması, həmçinin müşküllərin həll olunub ehtiyacı olanlara yardım edilməsidir. Belə ki, hər gün kəndlərdə və şəhərlərdə bir neçə dəfə camaat namazı təşkil olunmaqla həmin məntəqənin əhalisi bir-birilə görüşüb vəziyyətlərindən xəbərdar olur, ehtiyacı olanlara kömək əli uzadırlar. Əgər camaat namazında kimsə olmasa, möminlər onu bir-birilərindən soruşurlar. Xəstədirsə, yoxlamağa gedirlər. Nəhayətdə hər nə müşkülü varsa, əl-ələ verərək onu aradan qaldırmağa çalışırlar.

Bu dairə nə qədər geniş olarsa, ictimai faydalar da bir o qədər çoxalar. Buna görə də böyük məscidlərdə camaat, cümə və bayram namazları təşkil edilir, müxtəlif xütbələr və moizələr oxunur. İctimai-siyasi, dini və s. məsələlər açıqlanır, müsəlmanların dünyagörüşü və məlumatı artır. Nəticədə bir sıra müşküllər həll olunur, mənfəət əldə edilməsi ilə yanaşı ədalətə və kamilliyə doğru addım atılmış olur. Bu növ toplum cəhalətdən uzaqlaşma, aydın düşüncə, dost-düşməni tanıma, islahatlar, vəhdət və s. camaat namazının faydalarından sayılır.

İslamın üstünlüklərindən sayılan bu faydalar heç bir dində və məzhəbdə yoxdur.

6) Qardaşlıq və bərabərlik hissi yaradılması:

Camaat namazının sirlərindən və faydalarından biri də müxtəlif insanların arasında mövcud olan qardaşlıq və bərabərlik hissidir. Bu İslam dininin mühüm prinsiplərindəndir. Quran buyurur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ

“Yalnız möminlər bir-birləri ilə qardaşdır.”[225]

Başqa bir ayədə belə buyurulur:

يَأَيهَُّا النَّاسُ إِنَّا خَلَقْنَاكمُ مِّن ذَكَرٍ وَ أُنثىَ‏ وَ جَعَلْنَاكمُ‏ْ شُعُوبًا وَ قَبَائلَ لِتَعَارَفُواْ إِنَّ أَكْرَمَكمُ‏ْ عِندَ اللَّهِ أَتْقَئكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِير

“Ey insanlar, həqiqətən, biz sizi əvvəlcə bir ata və anadan (Adəm və Həvva) yaratdıq, sonra isə müxtəlif qrup və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Həqiqətən, sizlərdən Allah yanında ən üstün şəxs təqvalı olanlarınızdır.”[226]

Bu barədə Əhli-beytdən (ələyhimussalam) çoxlu rəvayətlər zikr olunmuşdur.

Böyük şairlərdən olan Sədi Şirazi deyir:

Adəm oğlu bir bədənin yarısı,

Yaranışca eyni gövhər sırası.

Bədənin bir üzvü ağrısa əgər,

Əlbət o birilər də ağrı çəkər.

İslamın bərqərar olmasından 14 əsr keçməsinə baxmayaraq, bu üsul əməli şəkildə təsdiqlənməkdədir. Belə ki, İslam qara və ağ dərili insanları bir-birinə qardaş bilir, var-dövləti, məqamı üstünlük saymır. Hətta dünyanın inkişaf etmiş ölkələri bu günədək millətlər arasında qardaşlığı və bərabərliyi tə`min edə bilməmişlər, təbəqə üstünlükləri aradan qaldırılmamışdır.

Hazırda Amerikada qara dərili insanların institutları, avtobusları, restoranları və s. ağ dərili insanlarınkından ayrıdır. Qara dərililər həmişə ağ dərilərlə qaynayıb-qarışmaq və eyni cəmiyyətdə əl-ələ verib bərabərcəsinə aram həyat sürmək istəyirlər.

Göründüyü kimi bu bərabərlik və dostluq İslamın xüsusiyyətlərindən sayılır və yalnız İslam dinində mövcuddur. Müsəlman cəmiyyətində (camaat və bayram namazlarında, xüsusilə həcc mövsümündə) bu növ qardaşlıq və bərabərlik, həmçinin bütün imtiyazların ləğv olunması aydın şəkildə gözə çarpır. Varlı, kasıb, ağ, qara, hakim, fəhlə, bir sırada dayanaraq Allah dərgahında xüzu və xüşu ilə rüku və səcdə etməklə özlərinin ehtiyaclı və zəif olduqlarını etiraf edirlər. Əslində hər kəs varlıdırsa, onun Allaha daha çox ehtiyacı var.

7) İlahi şüarları uca tutmaq:

Bu cəmiyyətin ictimai fəlsəfəsindən biri də İslam dininin şüarlarına hörmət göstərmək və onları uca tutmaqdır. Çünki camaatın iştirakı ilə qurulmuş bu namazların əzəməti din düşmənlərinin və münafiqlərin gözünə ox olur. Bu da İslamın şüarlarını və Onun əzəmətini kafirlərin nəzərində cilvələndirir, nəticədə başqa insanların bu dinə rəğbəti artır.

Bu səbəbdən də bir çox insanlar İslamın əzəmətini və əhkamını başa düşmüş və onu məntiqlə qəbul etmişlər. Bu şəxslər həmin məclislərdə (camaat və bayram namazlarında, həcc mövsümündə) müsəlmanların bir-birinə qarşı sonsuz səmimiyyətini, qardaşlığını müşahidə etmiş və İslam dininin mahiyyətini anlamışlar.

Bu məzhəbi yığıncaqlar bir daha İslam əleyhinə olan dar düşüncəli insanların nəzəriyyələrinin yalan və puç olduğunu göstərir. Bu ictimai ibadətlər sanki minlərlə müsəlmanın varlığından təşkil olunmuş imanı bildirir. Bu iman fədakar və mömin bir insan obrazı yaradır. Belə məclislər İslam düşmənlərinin və münafiqlərin qarşısında duran məğlubedilməz bir qüdrəti ifadə edir.

Hər bir insan qeyri-İslami ölkələrdə məscidlər və ya müsəlman yığıncaqlarını gördükdə onun nəzərində İslam və Quranın əzəməti daha da böyüyür. O, bir daha vəhdətin əhəmiyyətini dərk edir. Bayram namazının səsi dünyanın müxtəlif yerlərində radio, televiziya və s. vasitələrlə yayıldığı zaman hər bir imanlı qəlbə sanki güclü təkan verilir.

Budur Allah dininin şüarlarının əzəməti! Bu əzəmət təqva və paklığı zəruri edir.[227]

8) Duaların müstəcəb olması:

İctimai namazların başqa bir faydası duaların qəbul olmasıdır. Çünki bu cəmiyyət arasında müxtəlif insanlar, o cümlədən qəlbisınıq, kasıb və s. vardır. Onlar razü-niyaz və dua etməklə Allah-təaladan əfv olunmalarını, günahlarının bağışlanmasını, dünya və axirət işlərinin islahını istəyirlər. Buna görə də Haqq-təala rəhmət qapısı açaraq onların dualarını qəbul edəcək və onlar İlahi əfvə nail olacaqlar.

9) Qəflət yuxusundan oyanmaq:

Camaat namazlarının başqa bir fəlsəfəsi insanlara xəbərdarlıq edib onları qəflət yuxusundan oyatmaqdır. Uyğun ibadəti tez-tez təkrar etməklə maddiyyat bataqlığında qərq olmuş insan mənəviyyat aləminə üz tutur. Çünki hər gün maddi problemlər içərisində olan şəxsin başı elə qarışır ki, mənəvi vəzifələr, aqibəti haqqında düşünməyə, başqalarının halını soruşmağa və s. bəyənilmiş əməllərə macal tapa bilmir. Camaat namazı dünyaya məşğul insanlara xəbərdarlıq etmək və onları mənəviyyata yönəltmək üçün böyük vasitə sayılır. Bu namazlar insanı müvəqqəti də olsa, dünyadan üz çevirərək ətrafdakılara olan diqqətə sövq edir, təkəbbürlü insanı təvazökarlığa tərəf istiqamətləndirir. Nəhayətdə isə onu ali məqsədə və böyük hədəfə doğru hərəkətə sövq edir.

10) Qiyamətin xatırladılması: Bu namazların başqa bir fəlsəfəsi Qiyamətin və Axirət gününün əzəmətinin yada salınmasından ibarətdir. Bu barədə bir çox hədislər zikr olunmuşdur. Namazda insanların bir yerə cəm olması onların Qiyamət günü bir yerə toplaşıb İlahi ədaləti qarşısında hesab verməsinə bənzəyir. Namaz qılmaq sanki yoxlama və təftiş rolu oynayır. Belə ki, namazını bitirib öz işinin ardınca gedən şəxs sanki Qiyamət haqq-hesabını qurtarıb ona təyin olunmuş cəzanın[228] ardınca gedir. Qısa surətdə desək, namaza durmuş minlərlə insan diqqəti yekdil surətdə bir hədəfə yönəldərək Yeganə Allahı acizliklə çağırır, Ona ibadət edirlər. Böyük məscidlərdə, xüsusilə həcc mərasimində yerinə yetirilən bu namazlar Axirət aləmindəki həqiqətlərin bir nümunəsinə bənzəyir.

Maraqlı bir hədis:

Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:

“Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!”[229] Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.

Bu şərif ayə də həmin nöqtəyə işarədir:

وَ أَقِمِ الصَّلَوةَ طَرَفىَ‏ِ النهََّارِ وَ زُلَفًا مِّنَ الَّيْلِ إِنَّ الحَْسَنَاتِ يُذْهِبنْ‏َ السَّيَِّاتِ ‏

“Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır.”[230]

“Ərbəine şeyx Bəhai” kitabında belə bir rəvayət var: “Səhabələrdən biri naməhrəm qadını öpəndən sonra peşiman olub Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəldi. Yuxarıdakı həmin mübarək ayə nazil oldu. Həmin səhabə soruşdu: “Bu bağışlanma mənə aiddir, yoxsa hamıya?” (Yəni, hər günahkarın günahı namaz vasitəsilə bağışlanır, yoxsa bu ayə yalnız mənə aiddir?). Həzrət buyurdu: “Sənə məxsus deyil, mənim bütün ümmətimə aiddir.” Həmin kitabın başqa bir hissəsində Peyğəmbərimizdən (salləllahu ələyhi və alihi və səlləm) belə rəvayət edilir: “Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, sizlərdən hər kəs namaz üçün ayağa qalxıb dəstəmaz almağa başlayanda onun bədən üzvlərindən[231] günahlar tökülər. Üzü qibləyə durub, diqqətini Allaha yönəldib iqamə deyərkən onun bütün günahları bağışlanar. O, yenicə anadan olmuş uşağa bənzəyər. Gündəlik beş dəfə qılınan namaz beş axar çaya bənzəyər. Hər gün bu beş çayda beş dəfə yuyunan insanın bədənində çirk qalmadığı kimi beş dəfə namaz qılan şəxsin əməlləri də günahlardan təmizlənər.”

Xatırlatma:

Bu mübarək hədis bütün günahların (istər böyük günah, istərsə də kiçik) namaz vasitəsilə bağışlandığını göstərir. Bir neçə rəvayətdə isə yalnız kiçik günahların namaz vasitəsilə bağışlandığı bildirilir. Buna görə də mütləq olan birinci rəvayəti şərti olan başqa rəvayətlərdən önə keçirir. Ola bilsin, kimsə nöqsan tutub deyə bilər ki, burada kiçik günahlar nəzərdə tutulmur. Çünki əgər hər kəs böyük günahlardan çəkinərsə, “Nisa” surəsinin 31-ci ayəsinə görədir:

إِن تجَْتَنِبُواْ كَبَائرَ مَا تُنهَْوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيَِّاتِكُمْ وَ نُدْخِلْكُم مُّدْخَلًا كَرِيم

“Əgər nəhy edilmiş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi yaxşı bir yerə daxil edərik.” Bu ayəyə əsasən günahların bağışlanmasında daha namaza ehtiyac yoxdur. Cavab: Kəbirə (böyük) günahlar olmadığı surətdə həm namaz, həm də kəbirə günahlardan çəkinmək hər biri ayrılıqda səğirə (kiçik) günahların bağışlanmasına səbəb olur. Kəbirə günahlar olduğu surətdə isə namaz səğirə günahların kəffarəsi olar. Rəvayətlərin zahiri mənası budur ki, namaz günahların kəffarəsidir. Bir halda ki, böyük günahlardan çəkinmək lazımdır.

“Həzrət Əli (əlyhissalam) buyurur: “Beş namaz arasında olan günahların kəffarəsidir. Bir halda ki, böyük günahlara yol verilməsin.” [232]

Başqa bir nöqtə bundan ibarətdir ki, atəşi həmişə su ilə söndürmək olmur, çünki əgər şiddətlə yanan bir atəşin üstünə su töküb söndürmək istəsək, həmin su oksigen və hidrogenə parçalanacaqdır. Nəticədə parçalanmış oksigen atəş şölələrini daha da gücləndirəcək. Məsələn, əgər benzin yanırsa, onu su ilə söndürmək qeyri -mümkündür. Onu ya kimyəvi maddə, ya torpaqla söndürmək lazımdır. Buna əsasən deyə bilərik ki, günahlar da müxtəlif mərtəbələrdən ibarətdir və bəzilərinin bağışlanması üçün fərqli vasitələrə ehtiyac var. Belə günahlar namaz vasitəsilə bağışlanmaz. Məsələn, oğurluq, başqasının haqqını tapdalamaq və s. kimi günahların bağışlanması üçün əvvəlcə camaatın haqqını ödəyib onlardan halallıq almaq lazımdır. Sonra isə tövbə və namazla həmin günahlar bağışlana bilər.

Qeyd:

Hədis və rəvayətlərdən məlum olduğu kimi namaz keçmiş günahlara görə bağışlanma vasitəsi sayılır. Həmçinin o gələcək günahlardan qorunmaq üçün güclü bir vasitədir. Bu iddiamızın sübutu Quranın “Ənkəbut” surəsinin 45-ci ayəsidir:

إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر

“Həqiqətən, namaz (insanı) günahlardan və pisliklərdən çəkindirir.”

İncə bir nöqtə:

Yuxarıda zikr olunan hədisdən belə anlaşılır ki, günahların hərəsi bir atəşə bənzəyir. Xətakar adam əslində bu atəşi öz zərərinə hazırlamışdır. Bu da ki, Bərzəx və Qiyamət aləmində onun əməllərini təcəssüm etdirəcəkdir.

AYAT[233] NAMAZININ FƏLSƏFƏSİ

Günəş və ya ay tutulan zaman, həmçinin zəlzələ, yaxud təbii fəlakətlər baş verdiyi vaxt ayat namazının qılınması vacibdir. Bütün maddi və qeyri-maddi, həmçinin hər bir kiçik və böyük mövcudun İlahi nişanə olmasına baxmayaraq şəri hökmə əsasən ayat namazı bir neçə hadisə ilə bağlı vacib edilmişdir. Mə`sumlardan (ələyhimussalam) buyurulan hədislərdə ayat namazına səbəb olan hadisələrin hikməti belə açıqlanır ki, namazda diqqətimizi bir daha Həzrət Haqqa yönəldək və maddi aləmdən bir müddət ayrılıb mənəvi aləm haqqında düşünək. Düzdür, günəşin özü, onun parlaq nuru və şölələri, həmçinin çıxıb-batması, hərarəti, hər fəsildə istiliyinin müxtəlifliyi və tutulması – bunların hamısı ayatdır. Lakin şəri cəhətdən yalnız günəşin tutulması ayat sayılır. Belə ki, o, tutulmağa başlayarkən insanlar Məbdəyə (Allaha) qarşı diqqətlərini daha da artırırlar. Bu kimi hadisələrin təbii olmasına baxmayaraq əsl səbəbkarı Allahdır. Necə deyərlər; “Allah hadisələrin cərəyan etməsinin səbəbsiz olmasından çəkinər.” Deməli, ayat namazlarının fəlsəfəsi insanların diqqətini əzəmətli bir günə (Qiyamət gününə) yönəltməkdən ibarətdir.

İlahi nişanələr:

Dünya və mələkut aləmində mövcud olan hər bir şey, kiçikliyindən və ya böyüklüyündən, gözlə görünməsindən və ya görünməməsindən asılı olmayaraq Allahın nişanələridir. Müqəddəs kitab Quranı mütaliə etməklə insanın bir daha Yaradana və məada olan mərifəti artır. Həmçinin hər bir məxluq əlamət və nişanə olmaqla bərabər onun vasitəsilə Allaha doğru gedən yolu və aləmlərin Yaradıcısını rahat tapmaq mümkündür. Böyüklər demişkən: “Allaha doğru gedən yolun sayı bütün məxluqların sayı qədərdir.” Şair bu barədə belə deyir:

Hər şeydə Allahın nişanəsi var,

Demək, yeganədir O Pərvərdigar.

Yaxud Sədi deyir:

Ağılın nəzərində ağacın hər yarpağı,

Allahı tanıtdıran kitabçanın yarpağı.[234]

Allah-təala Quranda Özünə aid olan işləri və bir çox yaranmışı “ayət” (nişanə) adı ilə tanıtdırır. Necə ki, Quran buyurur:

وَ مِنْ ءَايَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافُ أَلْسِنَتِكُمْ وَ أَلْوَانِكم

“Həmçinin, asimanların və yerin yaradılışı, dillərin müxtəlifliyi Onun nişanələrindəndir.”[235]

Yaxud “Bəqərə” surəsinin 164-cü ayəsində buyurulur:

إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النَّهَارِ وَ الْفُلْكِ الَّتىِ تجَْرِى فىِ الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَ مَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتهَِا وَ بَثَّ فِيهَا مِن كُلّ‏ِ دَابَّةٍ وَ تَصْرِيفِ الرِّيَحِ وَ السَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَ الْأَرْضِ لاََيَاتٍ لِّقَوْمٍ يَعْقِلُون‏

“Yerin və göylərin yaradılışında, həmçinin gecə-gündüzün dövr etməsində insanlara fayda vermək üçün dənizdə üzən gəmilərdə, Allahın yeri diriltmək və tərpənən hər canlını orada yaymaq üçün göydən yağdırdığı yağışda, küləklərin hərəkətində və göylə yer arasında ram olmuş buludlarda düşünən insanlar üçün nişanələr vardır.”

Həqiqətən də bütün mövcudlar İlahi sifətlərin və Onun adlarının təcəllası, aləmlərin Yaradıcısının zatını, Onun hikmətini, qüdrətini, kamilliyini tanıtdırandır. Bu mövcudların hamısı Allahı təsbih edir. “İsra” surəsinin 44-cü ayəsində buyurulur:

وَ إِن مِّن شىَ‏ْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِه‏

Hər bir mövcud Onu təsbih və həmd edir.”

Şair demişkən;

Aləmdə nə varsa gecə və gündüz,

Səni yada salıb etmədə təqdis.

Həzrət Əli (ələyhissalam)buyurur:

“Hər nə gördümsə, ya ondan qabaq, ya ondan sonra, ya da ki, onunla birlikdə Allahı gördüm.”

İmam Hüseyn (ələyhissalam) buyurur:

“Səni görməyən gözlər kor olsun!”(“Ərəfə” duasından)

Şair belə deyir:

Yer üzündə bitən hər ot, hər çiçək,

Yaşar “Ona şərik yox”, söyləyəcək.

Allahı tanımağın yolları:

Allahın varlığını isbat etmək üçün çox dəlil var. Hər kəs özünü elə bir yolla Allaha çatdıra bilər ki, başqası həmin yolla müvəffəq ola bilməsin. Buna görə də hər bir şəxs özünə münasib bir yolu seçib Allaha doğru addımlamalıdır.[236]

İSTİFADƏ OLUNAN MƏNBƏLƏR

1. “Qurni-Kərim”.

2.“Nəhcül-bəlağə”.

3. “Əl-ihticac”, Təbərsi, Darul-usvə, Tehran. 1413 h.q.

4. “Vəsailuş-şiə”, Hurr Amili, “Muəssisətu-Alul-bəyt”, Qum. 1409 h.q.

5. “Mən la yəhzuruhul-fəqih”, şeyx Səduq, Muəssiseye nəşre Eslami, Qum.

6. “İddətud-dai”, İbn Fəhəf Hilli Əsədi, Məktəbətu Vicdaniyy, Tehran.

7. “Ət-təhzib”, Şeyx Tusi, Darut-təarif, Beyrut. 1401 h.q.

8. “Mustədrəkul-vəsail”, Hüseyn Nuri, Muəssisətu Alul-bəyt, Qum. 1408 h.q.

9. “Biharul-ənvar”, Məhəmməd Baqir Məclisi, Muəssisətul-vəfa, Beyrut. 1403 h.q.

10. “Kəşful-xifa”, İsmail ibn Muhəmməd İcluni, Məktəbətu daritturas, Beyrut.

11. “Kafi”, Məhəmməd ibn Yəqub Kuleyni, Dəftəre nəşre fərhənge Eslami. 1361 h. ş.

12. “Əmali”, Şeyx Səduq, Muəssisətul-ələmiyy, Beyrut. 1400. h.q.

13. “Uyunu-əxbarir-Riza”, şeyx Səduq, Mənşurate cəhan, Tehran.

14. “Tohid”, Şeyx Səduq, Muəssiseye nəşre Eslami, Qum. 1398 h.ş.

15. “Fəlsəfeye-əhkam”, Əhməd Ehtimam.

16. “Kəlimut-tayyib”, Şeyid Əbdul Hüseyn Tayyib.

17. “Monazire”, Doktor Pir, Haşimi Nejad.

18. “Məqaleye-neyayeş”, Tərcomeye Şəriəti.

19. “Zəbane-pak”, Əhməd Kəsrəvi.

20. “Aleme-ərvah”, Təntavi.

21. “İləluş-şəraye”, Şeyx Səduq, Daru əhyait-turas, Beyrut, 1408 h.q.

22. “Mənazilul-axirət”, Şeyx Abbas Qumi.

23. “Əl-mufid”, Şəhide əvvəl.

24. “Meracus-səadət”, Nəraqi.

İstifadə olunmuş başqa mənbələr bunlardır: “Dəlailul-əimmə”, “Nasixut-təvarix”, “Xoda dər təbiət”, “Məarife Cəfəri”, “Məbaniye fəlsəfe”, “Əsrarus-səlat”, “Tətimmətul-muntəha”, “Həyatul-qulub”, “Təməddone İslam və ərəb”, “Huccətul baliğəh”, “Muhəmməd, peyambəri ke bayəd əz no şenaxt”.

İrad və təkliflərinizi aşağıdakı ünvana yaza bilərsiniz:

ehlibeyt14@yahoo.com

 


[1] Yəni “Onlara salam olsun”.

[2] Yəni “Ona salam olsun”.

[3] Yəni “Allahın salavatı və salamı Ona və Əhli-beytinə olsun”.

[4] “Hud” surəsində buyurulur: “Nuh Pərvərdigarına dedi: “Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sənin vədən haqdır və Sən ən yaxşı hökm edənsən.” (Allah) buyurdu: “Ey Nuh, həqiqətdə onun əməli düz olmadığı üçün sənin ailəndən deyil. Buna görə də bilmədiyin bir şeyi Məndən istəmə.” (45-46-cı ayələr).

[5] “Məsəd” surəsində buyurulur: “Əlləri kəsilsin (qurusun) Əbu Ləhəbin və həlak olsun. Onun malı və qazandığı fayda vermədi. O, tezliklə şöləli atəşə girəcəkdir.” (1-3-cü ayələr).

[6] “Təhrim” surəsində buyurulur: “Allah kafirlər üçün Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir. Onların hər ikisi bizim saleh bəndələrimizin (Nuh və Lutun) nigahında idi və hər ikisi onlara (Nuh və Luta) xəyanət etdi. Onlar öz həyat yoldaşlarından əzabı uzaqlaşdıra bilmədilər. Onlara deyildi: “Başqaları ilə atəşə daxil olun!” (10-cu ayə).

[7] “Muddəssir” surəsi, 40-46-cı ayələr.

[8] “Maun” surəsi, 4 və 5-ci ayələr.

[9] “Maidə” surəsi, 6-cı ayə.

[10] “Taha” surəsi, 14-cü ayə.

[11] “Rəd” surəsi, 28-ci ayə.

[12] “Bəqərə” surəsi, 183-cü ayə.

[13] “Həcc” surəsi, 28-ci ayə.

[14] Yəni “Ona salam olsun”.

[15] Məkkədən Mədinəyə hicrət edən müsəlmanlar.

[16] Mədinədə yaşayan müsəlmanlar.

[17] İslam hökmlərinin fəlsəfəsi ilə daha da yaxından tanış olmaq istəyənlər bu kitablara müraciət edə bilərlər: “İləluş-şəraye”, “Uyunu əxbari Riza”, “Məanul-əxbar”, “Biharul-ənvar” və s.

[18] Yəni kişilərin biri-birilə cinsi əlaqədə olması.

[19] “Biharul ənvar”, Əllamə Məclisi, 6-cı cild, səh.110.

[20] Yenə orada.

[21] Yəni körpənin ana bətnində öldürüılməsi.

[23] Allah-təala Qurani-Kərimin “Nəml” surəsinin 34-cü ayəsində belə buyurur: “Həqiqətən padşahlar bir şəhərə daxil olduqda oranı viran edərlər.” Bu cəhətdən də Allaha məhəbbətlərin sultanı deyilir. Əgər bu sultan insanın qəlbinə daxil olsa, digər məhəbbətlər viran olub aradan gedər.

[24] Namazda, demək olar ki, üsuliddinin bütün maddələri cilvələnir. O cümlədən tövhid, nübuvvət, imamət, məad həmd surəsində və salavatda, ədl isə təsbihatda təkrar-təkrar zikr edilir. Namaz orucu da öz əhatəsində saxlayır, çünki namaz qılan şəxs müəyyən vaxtlarda oruc halında olur. O, xümsü, zəkatı ödədikdən sonra namazın mələkuti fəzasına daxil olur və başqaları üçün xeyir-dua istəməklə öz əməlini isbata yetirir. Namaz həcc kimi Beytullahın (Kəbə evinin) Sahibinə olan xüsusi bir diqqətdir. Namaz pisliklərdən çəkindirən və yaxşılıqlara dəvətdir. O, nəfs və şeytanla olan cihaddır. Namazın məkanı mehrab və döyüş meydanıdır.

[25] “Əraf” surəsi, 29-cu ayə.

[26] “Taha” surəsi, 55-ci ayə.

[27] “İsra” surəsinin 85-ci ayəsində belə buyurulur: “Səndən ruhun mahiyyəti barəsində soruşanlara de ki, bu Pərvərdigarımın əmrlərindəndir və cüzi məlumatdan başqa bəşər ağlı bunu dərk edə bilməz”.

[28] “İsra” surəsi, 44-cü ayə.

[29] “Ali İmran” surəsi, 45-ci ayə.

24 “Fussilət” surəsi, 20-21-ci ayələr. Ariflərdən biri deyir: "Peyğəmbərimizin ovcunun içində çınqıl daşların təsbih deməsi təsbihin özünü başa salmaq deyil, əksinə əsl məqsəd çınqıl daşların zikr və təsbih etməsini camaata çatdırmaq idi. Belə ki, daşların Rəsuli-Əkrəmin

(salləllahu ələyhi və alihi və səlləm) mübarək əlində zikr etməsi, o həzrətə məxsus deyil. Çünki bütün dünyanın çınqıl daşları, hətta bütün mövcudat Allahı zikr və təsbih edir. Lakin şərif ayəyə (İsra, 44) əsasən, biz onların təsbihini eşitmirik. Bununla belə İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) camaata möcüzə göstərmək və onları anlatmaq üçün çınqıl daşların səsini və təsbihini onlara eşitdirdi.

[31] Qurani –Kərimin “Ənkəbut” surəsinin 45-ci ayəsində buyurulur: “Həqiqətən, namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.”

[32] “Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh. 208, hədis 626.

[33] Yəni ixtiyarında olmayan bir şey.

[34] 14-cü ayə.

[35] “Taha” surəsi, 124-cü ayə.

[36] Yəni qəlbin iştirakı.

[37] “Ərbəine şeyx Bəhai”, 37-ci hədis.

[38] “İddətud-dai”, səh.283.

[39] “Ənkəbut” surəsi, 45-ci ayə.

[40] Ərəb dilində olan bu kəlmə əslində "muhasəbəh"dir. Yəni “sorğu-sual”. (Mütərcimdən).

[41] “Nəhcül-bəlağə”, 90-cı xütbə.

[42] “Rəd” surəsi, 28-cu ayə.

[43] “Zikr” kəlməsində məqsəd ya mütləq şəkildə namazdır, ya da zikr etməyin özüdür. Çünki zikr etmək namazın nümunələrindən biri sayılır.

[44] “Taha” surəsi, 130-cu ayə. Burada da məqsəd qabaqkı ayə kimi ya gün ərzində qılınan beş namaza, ya da ki, ümumi namaza işarədir.

[45] “Xoda dər təbiət”, səh.207.

[46] “Məarife Cəfəri”, səh.244.

[47] “Məbaniye fəlsəfe”, səh.469.

[48] “Mən la yəhzuruhul fəqih”, 1-ci cild, səh.33. Həmçinin “Ət-təhzib”, 1-ci cild, səh.49.

[49] Əslində bu kəlmə “şifa”-dır. Qurani-Kərimin “İsra” surəsinin 82-ci ayəsində belə buyurulur: “Biz möminlər üçün Quranı şifa və rəhmət olaraq nazil edirik. Lakin O, (Quran) yalnız kafirlərin ziyanını artırar.” (Mütərcimdən).

[50] “Maidə” surəsi, 119-cu ayə.

[51] “Kafi”, 5-ci cild, səh.321, hədis 7.

[52] Öləndən sonra müvəqqəti qalacağımız bir aləm. (Mütərcimdən).

[53] “Mənazilul axirət”, səh.42.

[54] Dünyadakı əməllər çox vaxt öz təsirini elə bu dünyada biruzə verir. Misal olaraq, Yaponiyanın Xerosima şəhərinə atom bombası atıb, çox az bir müddət ərzində 150 min insanın qətlinə səbəb olan amerikalı zabit dəliliyə tutularaq eləcə də öldü.(Müraciət et: “Təhəvvulate ictimai”).

[55] “Namaz və ruze”, səh.128.

[56] İsrafil mələk Allah-təalanın əmrilə birinci dəfə suru üfürdükdə bütün canlılar məhv olacaq, yəni dünyanın sonu yetişəcəkdir. İkinci dəfədə isə bütün canlılar dirilib məhşərə-Allahın hüzuruna toplanacaqdır.

[57] Müstəhəbdir ki, iki səcdə arasında bu kəlmələr deyilsin:”Əstəğfirullahə Rabbi və ətubu iləyh”. Yəni Bağışlanmaq istəyirəm O Allahdan ki, mənim Pərvərdigarımdır və tövbə edib Ona tərəf qayıdıram. (Mütərcimdən).

[58] “Ərbəine şeyx Bəhai”, səh.37.

[59] “Mustədrəkul-vəsail”, 4-cü cild, səh.158, hədis 5.

[60] “İləluş-şəraye”, 2-ci cild, səh.329.

[61] “Mustədrəkul-vəsail”, 3-cü cild, səh.36, hədis 17.

[62] “Kəşful xəfa”, 2-ci cild, səh.294.

[63] “Kafi”, 2-ci cild, səh.105. (Şəxsin uzun-uzadı rüku və səcdəsinə diqqət yetirməyin, çünki onun bədəni artıq buna adət etmişdir. Əksinə onun düzgünlüyünə və əmanətdar olduğuna fikir verin!).

[64] Yəni mənəvi və batini natəmizlik. Qüsl, dəstəmaz və təyəmmüm vasitəsilə bu natəmizlik aradan qalxır. (Mütərcimdən)

[65] Yəni bədənin, paltarın və əşyaların zahiri natəmizliyi. (Mütərcimdən)

[66] İslam fitri bir din olduğu üçün kompassız da (günəş, ulduzlar və s) təbii vasitələrlə qiblə və zaman təyin edilə bilir. Belə ki, əgər kompası hər hansı bir tərəfə döndərsək, onun əqrəbi cənub istiqamətinə doğru dayanacaqdır. Möminin də qəlbi bu cürdür. Yəni hər nə qədər insan maddiyyata qapılsa, axırda yenə də möminin qəlbi dolanıb Allaha tərəf dönəcəkdir.

[67] “Əmali”, səh.766, hədis 4.

[68] Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı yuxarıya doğru hərəkət edir. Buna birinci fəcr deyilir. Bir müddətdən sonra bu ağartı üfüqün məşriq tərəfində genişlənib yayılmağa başlayır. Buna isə ikinci fəcr deyilir. İkinci fəcrlə günəşin çıxmasına qədər olan vaxta “tuluəyn” deyilir. (Mütərcimdən).

[69] İmam Sadiqdən (ələyhissalam) nəql olunmuş bir hədisdə belə buyurulur: “Qarğadan üç şeyi öyrənin! Gizlində yaxınlıq etməyi, düşməndən qorunmağı və sübh tezdən oyanıb ruzi dalınca getməyi.” "Biharul-ənvar", 64-cü cild, səh. 262.

[70] “Biharul-ənvar”, 52-ci cild, səh.15.

[71] Yəni mənəvi yüksəliş. (Mütərcimdən).

61 Misir padşahının “Mariya Qibtiyyə”ni Peyğəmbərimizə (sallalləhu ələyhi və alihi və səlləm)

hədiyyə etməsi tarixdə məşhurdur.

[73] “Mulk” surəsi, 2-ci ayə.

[74] “Ərbəine şeyx Bəhai”, hədis 37.

[75] “Biharul ənvar”, 67-ci cild, səh. 186.

[76] “Əraf” surəsi, 56-cı ayə.

[77] “Ənbiya” surəsi, 90-cı ayə.

[78] “Ərbəine şeyx Bəhai”, hədis 37.

[79] Yenə orada.

[80] İmam Sadiqin (ələyhissalam) ən yaxın səhabələrindən biri. (Mütərcimdən).

[81] “Vəsailuşşiə”, 1-ci cild, səh. 67.

[82] “Ərbəine şeyx Bəhai”, hədis 37.

[83] İmam Səccad (ələyhissalam). (Mütərcimdən)

[84] “Nəmaz və ruze”, səh. 54-56.

[85] Sinonim olan bu iki kəlmə bir yerdə, yaxud bir cümlədə gələrsə, mənaları fərqli, ayrı-ayrı cümlələrdə gələrsə, eyni mənalarda işlənəcəkdir. Məsələn: Fəqir və miskin kimi.

[86] Ayə 1 və 2.

[87] “Nisa” surəsi, 43-cü ayə. (Elə başa düşülməsin ki, namazdan başqa vaxtlarda məst olmaq olar. Bildiyimiz kimi Quran 23 il ərzində tədriclə nazil edilmişdir. Şərab, yaxud bir sıra haram əməllər də tədrici surətdə haram edilmişdir. Mütərcimdən).

[88] “Cümə” surəsi, 9-cu ayə.

[89] "Vəsailuşşiə", 1-ci cild, səh. 366, hədis 4.

[90] Dörd rükətli namazlarda 31 təkbir vardır. Onlardan birincisi vacib, qalanı müstəhəbdir.

[91] “Tətimmətul-muntəha”, səh.52.

[92] “Mutəffifin” surəsi, 6-cı ayə.

[93] “Nəbə”surəsi, 38-ci ayə.

[94] “Bəqərə” surəsi, 285-ci ayə.

[95] “Fərazhaye əz tarixe peyambəre Eslam”, səh.109.

[96] “Fussilət” surəsi, 30-cu ayə.

[97] Şöhrət tapmış bu hədisin - “Hud surəsi məni (Peyğəmbəri) qocaltdı”- sənədi mötəbər deyil. “Safi” təfsirində zikr olunan düzgün hədis budur: “Hud və Vaqiə surələri məni qocaltdı”. Ola bilsin ki, İslam Peyğəmbərinin (salləllahu ələyhi və alihi və səlləm) qocalığının səbəbi əzaba aid olan ayələrin təsiri olsun, nəinki o həzrətin müqaviməti. Çünki onun zatı müqaviməti olduqca möhkəm idi. Əsl mətləb bundan ibarətdir ki, “Şura” surəsində əmr olunmuş müqavimət və dözüm Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) şəxsən özünə aiddir. Lakin “Hud” surəsində əmr olunmuş müqavimət isə həm Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm), həm də möminlərə aiddir. O həzrət öz müqavimətindən yox, əksinə başqalarının öz müqavimətlərini qorumadıqlarına görə qocaldı. Yuxarıda zikr edilmiş o iki ayəyə diqqət etsəniz, həzrətin qocalığının səbəbi daha da aydınlaşacaqdır.

[98] 45-ci məktub, səh.418.

[99] Yaxşı olar ki, bu barədə “İləluş-şəraye” kitabına müraciət edəsiniz. (Mütərcimdən).

[100] “Şərh” surəsi, 4-cü ayə.

[101] “İddətud-dai”, səh. 220.

[102] “Meracus-səadət”, məhəbbət babı.

[103] Yəni əvəz etmək, dəyişmək. (Mütərcimdən)

[104] Yəni “Fatihə” surəsi.

[105] Londan radiosu öz məqsədini və tutduğu hədəfi dünyaya çatdırmaq üçün 44 dildən istifadə edir.

[106] “Zəbane pak”, Əhməd Kəsrəvi.

[107] “Təməddone Eslam”, səh.179.

[108] “Musahereye Qəstəntəniyyə”, səh.55.

[109] “Fatihə” və “İxlas” surələri namazda oxunduğu üçün onların ərəbcə düzgün tələffüzünü qeyd edirik. Məsələn, “Bismilləhir”-kəlməsində “l” hərfindən sonra gələn “ə” hərfi “a” kimi oxunmamalıdır. (Mütərcimdən).

[110] “Saməd” kəlməsi “qəsd edilmiş” mənasında da işlənir. “Əllahus-saməd” ayəsini bu cür də tərcümə etmək olar: “Məqsəd yalnız Allahdır.” (Mütərcimdən).

[111] Yəni böyük tutmaq. (Mütərcimdən)

[112] Namazın arxasınca deyilən dua və zikrlər. (Mütərcimdən)

[113] Yəni “subhənəllah”. (Mütərcimdən)

[114] Yəni, “əlhəmdulilləh”. (Mütərcimdən)

[115] Yəni “lə iləhə illəllah”. (Mütərcimdən)

[116] Yəni “Əllahu Əkbər”. (Mütərcimdən)

[117] Məsələn, “Fatihə” surəsində deyirik: “Bizi doğru yola hidayət et”. Təşəhhüddə deyirik: İlahi! Sonsuz rəhmət və salamını Məhəmmədə (salləllahu ələyhi və alihi və səlləm) və Əhli beytinə (ələyhimussalam) göndər!

[118] “Salət” kəlməsi ərəb dilində üç mənada işlənmişdir. 1. Dua və razü-niyaz. 2. Peyğəmbərlərə, imamlara və saleh bəndələrə salam və salavat göndərmək. 3. Namaz.

[119] “Fatir” surəsi, 15-ci ayə.

[120] Səh. 33.

[121] Səh. 190.

[122] Səh. 33.

[123] “Bəqərə” surəsi”, 186-cı ayə.

[124]“ Vəsailuş-şiə”, 6-cı cild, səh. 291.

[125] Yenə orada,. 6-cı cild, səh. 292.

[126] “Bəqərə” surəsi, 201-ci ayə.

[127] “Ali İmran” surəsi, 8-ci ayə.

[128] “Ali İmran”, surəsi, 190 və 191-ci ayələr.

[129] “Əraf” surəsi, 23-cü ayə.

[130] “Ənbiya” surəsi, 87 və 88-ci ayələr.

[131] “Furqan”, surəsi, 77-ci ayə.

[132] “Bəqərə” surəsi, 200-cü ayə.

[133] “Bəqərə”, surəsi, 201 və 202-ci ayələr.

[134] “Vəsailuş-şiə”, 7-ci cild, səh.34. hədis 2.

[135] Yenə orada, hədis 1.

[136] “Əmali”, şeyx Səduq, səh.154.

[137] Yəni Allah mərifəti olan, arif və abid. (Mütərcimdən)

[138] Əsli fransalı olan doktor Aleksis Karl 1873-cü ildə anadan olmuşdur. O, 20-ci əsrin məşhur alimlərindən və həkimlərindən sayılır. Bu alim ədalətə üstünlük verərək xurafat və təəssübkeşliyi kənara qoyub həqiqət yolunda çalışmışdır. O, Amerikada və Avropada ayrı-ayrı sahələrdə fəxri medallara, hədiyyələrə və yuxarı mənsəblərə layiq görülmüşdür. 1944-cü ildə vəfat etmişdir.

[139] Quran bu barədə buyurur: “Ata-babalarınızı mehribancasına yad etdiyiniz kimi Allahı da elə yad edin”. (Bəqərə surəsi, 200-cü ayə.)

[140] İnşaallah bu barədə sonra deyiləcək.

[141] “Tərcümeye məqaleye neyayeş”, səh.12.

[142] “Tərcümeye məqaleye neyayeş”, səh.12. Bu cəhətdən kafirlər, bütpərəstlər, müşriklər və materialistlər belə çətin anlarda, əlləri hər yerdən üzüldükdə Allaha pənah aparırlar. Necə ki, Qurani-Kərim buyurur: “Gəmiyə mindikləri zaman Allahın dininə inanıb Onu ürəkdən çağırdılar, lakin (Allah onları) xilas etdikdən sonra onlar yenə müşrik oldular”. (Ənkəbut surəsi, 65-ci ayə).

[143] Yenə orada, səh. 13-15.

[144] “Rəvayətlərdə deyilir: “Başqalarının haqqında dua edin və dua olunmağınızı istəyin!”

[145] “Tərcumeye məqaleye neyayeş”, səh. 20.

[146] Bu - məsihilərin cəmləşib ziyarət, təvəssül və razü-niyaz etdikləri məkanın adıdır.

[147] “Vəsailuşşiə”, zikrin babları bölməsi.

[148] “Ənkəbut”, surəsi, 45-ci ayə.

[149] “Əla” surəsi, 14-cü ayə.

[150] 7-10-cu ayələr.

[151] “Uyunu əxbaririza”, 2-ci cild, səh.265.

[152] “Bertrand Rassel deyir: “Bəşər üç növdən ibarətdir. 1) Təbiətdə olan vasitələrlə özünü gücləndirib başqalarını öz əsarəti altına alan şəxslər. 2) Xətərli və çətin anlarda öz hüququnu başqalarından müdafiə edib qoruyan şəxslər. 3) Nəfsi ilə mübarizə edib qalib və xoşbəxt olan şəxslər. (Çəhar məqale, səh.25).

[153] İsa peyğəmbərdən (ələyhissalam) 5 əsr qabaq yaşamış bu böyük filosofun arzusu bu idi ki, kaş bütün insanların hamısı saf və ədalətli bir cəmiyyətdə yaşayardılar.

[154] Səh.299.

[155] “Vəsailuş-şiə”,7-ci cild, səh. 53.

[156] Yenə orada, 10-cu cild, səh. 313.

[157] Yenə orada, 7-ci cild, səh.110

[158] “Usuli Kafi”, 2-ci cild, səh.475, hədis 3.

[159] Yenə orada, 2-ci cild, səh. 477, hədis 5.

[160] Yəni günahların bağışlanmasını diləyib tövbə etmək.

[161] “Vəsailuş-şiə”,7-ci cild, səh. 84.

[162] “İddətud-dai”, səh.130.

[163] “Vəsailuş-şiə”,7-ci cild, səh. 176.

[164] Yenə orada.

[165] Yenə orada, 16-ci cild, səh. 77.

[166] Ümumiyyətlə, bəşərin xəta və səhvə meyli vardır. İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) buyurur: “Cəhənnəm atəşinin bəşərin meylinə bağlılığı vardır və onu özünə tərəf sürükləyir. Əksinə olaraq behiştin əbədi səadəti ibadətin çətinliyinə dözməklə sıx əlaqəsi var. (Nəhcül-bəlağə, 176-cı xütbə). Yəni nəfsin şəraba, cinsi əlaqəyə, haram yeməyə, başqasının malına təcavüz etməyə və s. günahlara meyli çoxdur. Bunların hamısı dünya və axirət səadətinə güclü zərbə vurur.

[167] 31-ci məktub.

[168] “Bəqərə” surəsi, 6-ci ayə.

[169] “Zariyat” surəsi, 55-ci ayə.

[170] Rəvayətlərin birində deyilir: “Bir nəfər içində dirhəm (gümüş pul) dolu kisəni Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm) verdi ki, fəqirlərə paylasın. Həzrət kisəni yanında durmuş kor bir kişiyə verib buyurdu: “Bu dinarları (qızıl pulu) al!” Həmin kişi kisəni açıb içində dinar olduğunu hiss etdi. Bu zaman kisəni Peyğəmbərə (salləllahu ələyhi və alihi və səlləm) verən şəxs dedi: “Ey Allahın elçisi! Mən kisəyə dirhəmlər qoymuşdum. Bunun içində isə dinarlardır.”

Həzrət buyurdu: “Mənim dilimdən çıxan bu cümləyə (Bu dinarları al!) görə Allah-təala dirhəmi dinara çevirdi.”

[171] “Rəd” surəsi, 11-ci ayə.

[172] “Hədid” surəsi, 16-cı ayə.

[173] “Əraf ”surəsi, 23-cü ayə.

[174] Hər bir atom üç hissədən ibarətdir. Mərkəzi nüvə neytron və protondan təşkil edilmişdir. Hər maddənin (ünsür) müəyyən miqdarda neytron və protonu vardır. Hər bir elektron maddəsi atomun mərkəzi nüvəsinin ətrafında müəyyən olunmuş istiqamətə doğru qəribə bir sürətlə saniyədə təxminən 202 km hərəkət edir. Ən sadə atomlar bir proton və bir elektrondan təşkil olunmuş hidrogen atomlarıdır. Bunda neytron yoxdur və ən mürəkkəb atom maddəsi urandır. Hər uran atomu 92 proton, 143 neytron və 92 elektrondan ibarətdir.

[175] “Elm və zendegi” kitabında deyilir: “Sübuta yetirildi ki, elektonlarda olan cərəyan mənfidir və tarazlığı vardır. Həmçinin hər atom maddəsi onun mərkəzi nüvəsinin neytronlarında olan müsbət cərəyan miqdarındadır. Əlavə olaraq sübuta yetirildi ki, neytronların cərəyanı yoxdur. Müsbət müsbətə, ya mənfi mənfiyə toxunduqda biri-birini özlərindən uzaqlaşdırırlar. Lakin müsbət mənfiyə yetişdikdə biri-birilərini cəzb edirlər. Nəticədə ildırım məsələsində olduğu kimi qığılcım əmələ gəlir. Belə ki, deyirik: Atomun mərkəzində yerləşən və biri-birinə birləşən protonlar necə olur ki, biri-birindən uzaqlaşmırlar və elektronları özlərinə cəzb edirlər? Bu mətləb atom tanıma elminin müşküllərindən sayılır.”

[176] Materialistlərin bu nəzəri düz deyil. Belə ki, bir neçə hidrogenin tərkibindən başqa bir maddənin əmələ gəlməsini deyə bilmərik. Çünki, əgər hidrogenin nüvəsi oksigenə çevrilsə, onda gərək hər bir oksigen atomunun çəkisi hidrogenin atom nüvəsi ilə eyni olsun. Bir halda ki, bir oksigen atomunun çəkisi bir hidrogen atomunun çəkisindən 16 dəfə ağırdır.

[177] “Biharul-ənvar”, 17-ci cild, səh. 53.

[178] “Muminun” surəsinin 14-cü ayəsində buyurulur: “Ən üstün və ən yaxşı yaradan Allaha afərin olsun”.

[179] Necə ki, bütün müsəlmanlar namaz qılarkən “Kəbə”yə tərəf səcdə edirlər. Yəni Kəbə evi qiblə sayılmaqla Allah üçün səcdə edilir.

[180] Bu mətləb barəsində “Vəsailuş-şiə” kitabında xüsusi bir bölmə vardır.

[181] Bəşərin torpaqdan yaranmasında iki məna vardır. 1) Allah-təala Adəmi (ələyhissalam) torpaqdan və gildən yaratdı. Sonra onun nəslindən digər insanlar vücuda gəldi. 2) Torpaqdan bitən ot və bitki yeyən heyvanların ətində torpağın tərkibində mövcud olan maddələr, o cümlədən oksigen, hidrogen, karbon, kalsium, fosfor, dəmir, mis, yod və s. vardır. İnsan heyvan əti yeyərkən torpağın tərkibindəki maddələr onun canına hopur. Buna görə də insan torpağın tərkibində olan maddələrdən yaradılmışdır.

176 İbtidai.

[183] Qayıdış.

[184] “Qəsəs” surəsi, 88-ci ayə.

[185] “Mustədrəkul-vəsail”, 3-cü cild, səh.36, hədis 17.

[186] “Mustədrəkul-vəsail”, 4-cü cild, səh.158, hədis 5.

[187] “Vəsailuş-şiə”, 4-cü cild, səh. 733, hədis 6.

[188] Yenə orada, 6-cı cild, səh.38, hədis 3.

[189] Yenə orada, səh.167, hədis 6.

[190] Yenə orada, hədis 4.

[191] Yenə orada, səh.168, hədis 10.

[192] “Nəhcül-bəlağə”, 110-cu xütbə.

[193] “Yuxarı qalx” kəlməsi Behiştin dərəcələrinə işarədir.

[194] “Biharul-ənvar”, 84-cü cild, səh.184.

[195] Yenə orada, 2-ci cild, səh.226.

[196] “Hicr” surəsi, 9-cu ayə.

[197] “Biharul-ənvar”, 2-ci cild, səh.227.

[198] 2-ci cild, səh. 599, hədis 2. .

[199] “Kəlimət-təyyib”, səh.223.

[200] Həmin mənbə.

[201] “Huccətul-baliğəh”, səh. 88.

[203] “Əhkamın fəlsəfəsi”, 1-ci cild, səh. 34.

[204] “Kəlimut-tayyib”, səh. 233.

[205] Yenə orada.

[206] Yenə orada, səh. 232.

[207] “Təməddone Eslam”, səh.377.

[208] “Muhəmməd (salləllahu ələyhi və alihi və səlləm) peyambəri ke, əz no bayəd şenaxt”, səh. 56.

[209] “Cəhane Eslam”, səh. 165.

[210] Yenə orada, səh. 276.

[211] Seyidin anadan olduğu yer isə Həmədanın “Əsədabad” kəndidir. “Məşahire cəhan”, səh. 39.

[212] “Ənkəbut” surəsi, 69-cu ayə.

[213] Bir cüz iki hizbdən ibarətdir. (Mütərcimdən)

[214] Quran “Ənkəbut” surəsinin 45-ci ayəsində belə buyurur: “Həqiqətən namaz (insanı) günahlardan və pis işlərdən çəkindirir”.

[215] Məs: Bəzi məsihilər deyirlər: Allah üçdür və eyni halda birdir.

[216] Məs: Yəhudi məzhəbində olan bəzi çətin əməllər. Onların özləri belə bu əməlləri yerinə yetirmirlər.

[217] “Kəşful-xifa”, 2-ci cild, səh. 294.

[218] “Mustədrəkul-vəsail”, 3-cü cild, səh. 356, hədis 2.

[219] “Məktəbe Eslam”, 96-cı nömrə, səh.5.

[220] Qurban və fitr bayramları.

[221] “Ali İmran” surəsi, 159-cu ayə.

[222] Dünyanın məscidlərinə, xüsusilə Məkkə və Mədinədəki müqəddəs məscidlərə diqqət yetirməklə müxtəlif millətlərin, o cümlədən ağ və qara dərili, varlı və kasıb, güclü və zəif, kişi və qadın, qoca və cavan və s. təbəqələrin bir hədəfə itaət etdiklərinin, həmçinin möhkəm bir ipə sarılıb vəhdət simvolunu nümayiş etdiklərinin şahidi oluruq.

[223] “Hucurat” surəsi, 10-cu ayə.

[224] “Ali İmran” surəsi, 103-cü ayə.

[225] “Hucurat”, surəsi, 10-cu ayə.

[226] “Hucurat”, surəsi, 13-cü ayə.

[227] “Əncoməne təbleğate Eİslami”, 5-ci nömrə.

[228] Ərəb dilində olan bu kəlmə həm mükafat və həm də əzab mənasını verir. (Mütərcimdən)

[229] “Əmali”, Şeyx Səduq, səh.586. “Ərbəine şeyx Bəhai”, 3-cü cild.

[230] “”Hud” surəsi, 114-cü ayə.

[231] Ola bilsin ki, məqsəd dəstəmaz üzvlərinin (üz, göz, ağız, əl və ayaqların) etdikləri günahlar olsun.

[232] “Biharul-ənvar”, 82-ci cild, səh233.

[233] Yəni nişanələr. (Mütərcimdən)

[234] Nəhavəndinin kitablarının birində (“Qolzar”, yaxud “Cənnətul aliyəh”) Sədi ilə müxalif olan bir şəxsin hekayəsini gördüm. O, yuxuda Sədini Behiştin bir guşəsində görür. Nida gəlir ki, Allah-təala Sədiyə bu məqamı onun bu şerinə görə vermişdir.

Həmin şəxs yuxudan ayılıb Sədinin sorağına gedir. Sədinin həmin şeri zümzümə etdiyini görür. O, öz yuxusunu Sədiyə danışıb ondan üzr istəyir və onun dostlarına çevrilir.

[235] “Rum”, surəsi, 22-ci ayə.

[236] Allahı tanımaq barəsində olan dərslər kitabın 3-cü cildində gələcək. İnşaallah.

 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol