Cəlilabad Cümə Məscdi

Qüsl


                              VACİB QÜSLLƏR

Vacib qüsllər yeddidir:
1. Cənabət qüslü.
2. Heyz qüslü.
3. Nifas qüslü.
4. İstihazə qüslü.
5. Məssi-meyyit qüslü.
6. Meyyit qüslü.
7. Nəzr, and içmə sair səbəblərlə vacib olan qüsllər.
Əgər Günəş və ya Ay kamil şəkildə tutularsa və mükəlləf bilərəkdən ayət namazını qılmayıb qəzaya verərsə ehtiyat-vacibə əsasən onun qəzasını qılmaq üçün gərək qüsl etsin.

CƏNABƏTİN HÖKMLƏRİ


Məsələ 344: İnsan iki yolla cünub olur:
1. Cima (cinsi əlaqə) ilə;
2. Məninin xaric olması ilə; istər yuxuda olsun, istərsə ayıqlıqda, istər az olsun, istərsə çox, istər şəhvətli olsun, istər şəhvətsiz, istər ixtiyari olsun, istər ixtiyarsız.

Məsələ 345: Əgər insandan məni, ya sidik və ya başqa bir şey olduğunu bilməyən bir rütubət xaric olsa, belə ki, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç nişanədən heç biri və ya onlardan bəziləri onda olmasa, məni hökmündə deyildir. Amma xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst olması lazım deyil; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır. Qadınlarda isə mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını bulayan, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət nəcisdir və cənabətə səbəb olur. Həmçinin ehtiyat-vacibə əsasən əgər ləzzətin son həddinə çatmasa amma məni xaric olandakı kimi, su çox olsa eyni hökümdədir.

Məsələ 346: Xəstə olmayan bir kişidən, əvvəlki məsələdə deyildiyi kimi üç nişanədən birinə aid olan bir su çıxsa və başqa nişanələrin də onda olub-olmadığını bilməsə, o suyun çıxmasından əvvəl dəstəmazlı olubsa, həmin dəstəmazla kifayətlənə bilər. Əgər dəstəmazlı deyildisə, sadəcə dəstəmaz alması kifayət edər, qüsl etməsi lazım deyil.

Məsələ 347: İnsanın, məni xaric olduqdan sonra bövl etməsi müstəhəbbdir. Bövl etmədiyi təqdirdə, qüsldən sonra ondan, məni və ya başqa rütubət olduğunu bilmədiyi bir nəmlik xaric olarsa, həmin nəmlik məni hökmündədir.

Məsələ 348: Əgər insan qadınla cinsi əlaqədə olarkən alət, sünnət olunan yerə qədər və ya çox daxil olsa, istər qabaqdan olsun, istərsə arxadan, istər həddi-büluğa çatsın, istərsə çatmasın, məni xaric olmasa da, hər ikisi cünub olar.

Məsələ 349: Sünnət olunan miqdarda daxil olub-olmadığında şəkk edən şəxsin qüsl etməsi vacib deyil.

Məsələ 350: Əgər (nəuzu billah!) heyvanla yaxınlıq etsə və məni də gəlsə, təkcə qüsl kifayətdir. Amma məni gəlməsə, bu halda vətydən əvvəl dəstəmazlı olsa, yenə də qüsl kifayətdir. Əgər dəstəmazlı olmasa ehtiyat-vacib budur ki, qüsl edib dəstəmaz da alsın. Həmçinin kişi və oğlan ilə yaxınlıq (livat) edənin də hökmü belədir.

Məsələ 351: Əgər məni öz yerindən hərəkət etsə, amma çölə gəlməsə; yaxud məninin çölə gəlib-gəlməməsində şəkk etsə, qüsl vacib deyil.

Məsələ 352: Qüsl edə bilməyən, amma təyəmmüm etməsi mümkün olan şəxs, namaz vaxtı daxil olduqdan sonra da əyalı ilə yaxınlıq edə bilər.

Məsələ 353: Əgər bir şəxs öz paltarında məni görsə və onu, özündən olub, ondan ötrü qüsl etmədiyini bilərsə, qüsl etməlidir. Belə ki, o məninin gəlməsindən sonra qıldığına əmin olduğu namazları da qəza etməlidir. Amma məninin gəlməsindən qabaq qıldığına ehtimal verdiyi namazları qəza etməsi lazım deyil.


 CÜNUB ŞƏXSƏ HARAM OLAN ŞEYLƏR

Məsələ 354: Cünuba beş şey haramdır:
1. Öz bədənindən hər hansı bir yeri Quranın yazısına və ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. Peyğəmbərlərin, İmamların və həzrət Zəhranın (ələyhimus-səlam) da adlarına toxundurmaması daha yaxşıdır.
2. Məscidul-hərama və Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.
3. Başqa məscidlərdə və ehtiyat-vacibə əsasən İmamların (ələyhimus-səlam) hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.
4. Ehtiyat-lazıma əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq Hərçənd özü daxil olmasa belə.
5. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədən ibarətdidir:
32-ci «Səcdə» surəsi;
41-ci «Fussilət» surəsi;
53-cü «Nəcm» surəsi;
96-cı «Ələq» surəsi.

CÜNUB ŞƏXSƏ MƏKRUH OLAN ŞEYLƏR


Məsələ 355: Doqquz şey cünub şəxsə məkruhdur:
1-2. Yemək-içmək. Lakin əllərini və ya üzünü yusa və məz-məzə edərsə (ağızı su ilə yaxalasa), məkruh deyil. Əgər yalnız əllərini yusa kərahəti azdır.
3. Quranın vacib səcdəsi olmayan surələrdən yeddi ayədən artıq oxumaq.
4. Bədənindən hər hansı bir yerini Quranın cildinə, haşiyəsinə və ya yazılarının arasına toxundurmaq.
5. Quranı özü ilə gəzdirmək.
6. Yatmaq; amma dəstəmaz alsa, yaxud suyun olmamasına görə qüslün əvəzinə təyəmmüm etsə, məkruh deyil.
7. Həna və buna bənzər şeylərə boyanmaq.
8. Bədənə yağ çəkmək.
9. Möhtəlim olandan (yəni yuxuda məni xaric olandan) sonra cinsi əlaqədə olmaq.

CƏNABƏT QÜSLÜ


Məsələ 356: Cənabət qüslü, vacib namazı qılmaq və bu kimi şeylər üçün vacibdir. Amma meyyit namazı, səcdeyi-səhv, şükr səcdəsi və Quranın vacib səcdələri üçün cənabət qüslü etmək lazım deyil.

Məsələ 357: Qüsl edərkən vacib qüsl edəcəyini niyyət etməsi lazım deyil. Yalnız qürbət qəsdi ilə, yəni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirməkdən ötrü qüsl edərsə, kifayətdir.

Məsələ 358: Namaz vaxtının daxil olduğuna əmin olub, vacib qüsl niyyəti edərək qüsl edər və sonra namaz vaxtından əvvəl qüsl etdiyini bilərsə, qüslü səhihdir.

Məsələ 359: Cənabət qüslü, tərtibi və irtimasi olaraq iki şəkildə yerinə yetirilir.

TƏRTİBİ QÜSL


Məsələ 360: Tərtibi qüsldə, ehtiyat-lazıma əsasən, əvvəlcə qüsl niyyəti ilə baş və boyun, daha sonra bədən yuyulmalıdır. Əvvəlcə bədənin sağ tərəfinin, sonra isə sol tərəfinin yuyulması daha yaxşıdır. Tərtibi qüslün gerçəkləşməsində, suyun altında qüsl niyyəti ilə üç üzvə hərəkət vermək işkalsız deyildir və ehtiyat budur ki, onunla kifayətlənilməsin. Əgər qəsdən bədənini, başın və boynun yuyulması qurtarmazdan qabaq yuyarsa ehtiyata əsasən qüslü batildir.

Məsələ 361: Bədəni başdan əvvəl yuduğu halda, qüslü yenidən alması lazım deyildir, belə ki, bədəni ikinci dəfə yuyarsa, qüslü səhihdir.

Məsələ 362: Əgər iki hissəni, yəni baş və boyunla bədəni tamamilə yuduğuna yəqini olmazsa, gərək buna əmin olması üçün hər bir hissəni yuyarkən əvvəlki hissədən də bir miqdarı onunla birlikdə yusun.

Məsələ 363: Əgər qüsldən sonra bədəninin bir yerini yumadığını bilərsə, amma hansı yer olduğunu bilməsə başı yenidən yuması lazım deyil, bədəninin yumadığına ehtimal verdiyi yerini yumalıdır.

Məsələ 364: Əgər qüsldən sonra, bədəninin bir miqdar yerinin yuyulmadığını bilərsə, yuyulmayan yer sol tərəfdədirsə, o qədər yeri yumaq kifayətdir. Əgər sağ tərəfdədirsə, ehtiyat-müstəhəb budur ki, o miqdarı yuduqdan sonra, sol tərəfi yenidən yusun. Amma əgər baş və boyundursa, ehtiyat-vacibə görə gərək o miqdarı yuduqdan sonra bədənini yenidən yusun.

Məsələ 365: Əgər qüsl tamam olmazdan əvvəl sol və ya sağ tərəfin bir miqdarının yuyulub-yuyulmamasında şəkk edərsə, o miqdarı yuması lazımdır. Amma əgər baş və boynunun bir miqdarının yuyulmasında şəkk edərsə, ehtiyat-lazıma əsasən, şəkk etdiyi yeri yuduqdan sonra gərək yenidən bədənini yusun.

İRTİMASİ QÜSL


İrtimasi qüsl iki şəkildə: bir dəfəyə və tədrici olaraq edilir.

Məsələ 366: Bir dəfəyə olan irtimasi qüsldə, su bədənin hamısını bir anda əhatə etməlidir, amma qüslə başlamazdan əvvəl bədənin hamısının sudan xaricdə olması şərt deyildir. Əgər bədənin bir miqdarı xaricdə olan zaman qüsl niyyəti ilə suya girərsə, kifayət edir.

Məsələ 367: Tədrici olaraq edilən irtimasi qüsldə, gərək bədəni ürfi birliyi qorumaq şərti ilə yavaş-yavaş suya salsın. Bu cür irtimasi qüsldə, qüslə başlamazdan əvvəl hər üzv sudan xaricdə olmalıdır.

Məsələ 368: İrtimasi qüsldən sonra bədənin bir miqdarına su dəymədiyini bilərsə, istər onun yerini bilsin, istərsə də bilməsin, yenidən qüsl etməlidir.

Məsələ 369: Əgər tərtibi qüsl etməyə vaxtı olmasa, irtimasi qüsl üçün vaxtı varsa, irtimasi qüsl etməlidir.

Məsələ 370: Həcc və ya ümrə üçün ehram bağlayan şəxs irtimasi qüsl edə bilməz, amma əgər unudaraq irtimasi qüsl edərsə, qüslü səhihdir.

QÜSLÜN HÖKMLƏRİ


Məsələ 371: İrtimasi və ya tərtibi qüsldə, bədənin qüsldən qabaq tamamilə pak olması lazım deyil, əksinə, qüsl niyyəti ilə suya batmaqla, yaxud suyu bədənə tökməklə bədən pak olsa, qüsl gerçəkləşmiş olur. Bu şərtlə ki, qüsl aldığı su pak olmaqdan xaric olmasın, məsələn kürr su ilə qüsl etsin.

Məsələ 372: Haramla cünub olmuş şəxs isti su ilə qüsl etsə, hətta tərləsə belə, onun qüslü səhihdir.

Məsələ 373: Qüsl edərkən bədəndə başın bir tükü qədər yuyulmamış yer qalsa, qüsl batildir. Amma qulağın, burunun içi kimi bədənin iç hissəsi sayılan yerin yuyulması vacib deyil.

Məsələ 374: Bədənin zahirindən və ya batinindən olmasında şəkk edilən yer yuyulmalıdır.

Məsələ 375: Əgər sırğanın dəliyi və s. kimi yerlər çox geniş olub daxili görünsə və bədənin zahiri hesab olunsa, gərək onu yusun. Əks halda yuyulması lazım deyildir.

Məsələ 376: Suyun bədənə çatmasına maneə olan şeyi aradan qaldırmaq lazımdır. Əgər aradan qaldırdığına əmin olmadan qüsl edərsə, qüslü batildir.

Məsələ 377: Qüsl edərkən bədənində suyun bədənə çatmasına maneə olan şeyin olub-olmadığına ağıl kəsən ehtimal versə, gərək axtarış aparıb maneənin olmadığına əmin olsun.

Məsələ 378: Qüsl edərkən bədənin bir üzvindən sayılan qısa tüklər yuyulmalıdır, amma uzun tüklərin yuyulması vacib deyildir. Hətta əgər onları islatmadan belə suyu bədənin dərisinə çatdırarsa qüslü səhihdir. Amma əgər onları yumadan bədəninin dərisinə suyu çatdırmaq mümkün deyilsə, suyu bədənə çatdırmaq üçün onları yumalıdır.

Məsələ 379: Dəstəmazın səhih olmasında qeyd olunan şərtlər, suyun pak olması, qəsbi olmaması və s. bütünlüklə qüslün də səhih olması üçün şərtdir. Amma qüsldə bədənin yuxarıdan aşağıya doğru yuyulması lazım deyil. Həmçinin tərtibi qüsldə də, başı və boyunu yuduqdan dərhal sonra bədəni yumaq vacib deyildir. Belə ki, baş və boyunu yuduqdan sonra bir müddət səbr edərək sonra bədəni yumağın eybi yoxdur. Hətta baş və boyunun, yaxud bədənin bütünlüklə bir dəfəyə yuyulması da lazım deyildir. Məsələn başı yuduqdan bir müddət sonra boyunun yuyulması icazəlidir. Amma sidik və ya ğaitinin gəlməsinin qarşısını ala bilməyən şəxs, əgər qüsl edib, namaz qıla biləcəyi bir müddət ərzində ondan ğait və ya sidik gəlməsə, gərək dərhal qüsl etsin və qüsldən dərhal sonra namazı qılsın.

Məsələ 380: Hamamçının razı olub-olmadığını bilmədən hamamda nisyə yuyunmaq niyyətində olan şəxsin qüslü, sonradan hamamçını razı salsa belə, batildir.

Məsələ 381: Hamamçının pulun nisyə verilməsinə razı olduğu təqdirdə, qüsl edən şəxsin məqsədi, onun pulunu ödəməmək və ya haram puldan ödəmək olarsa, qüslü batildir.

Məsələ 382: Əgər xümsü verilməmiş pulu hamamçıya versə, harama mürtəkib olsa da, zahir budur ki, onun qüslü səhihdir və xümsə müstəhəqqlərin haqqı onun boynunda qalır.

Məsələ 383: Qüsl edib-etmədiyində şəkk edən şəxs, qüsl etməlidir. Amma qüsldən sonra etdiyi qüslün səhih olub-olmadığında şəkk edərsə, yenidən qüsl etməsi lazım deyil.

Məsələ 384: Əgər qüsl əsnasında kiçik hədəs baş versə, məsələn, bövl etsə, qüslü tərk etməsi və yenidən qüsl etməsi lazım deyil, əksinə öz qüslünü tamamlaya bilər və bu halda ehtiyat-lazıma əsasən gərək dəstəmaz da alsın. Amma əgər niyyətini tərtibi qüsldən irtimasiyə və ya irtimasidən tərtibi qüslə çevirsə dəstəmaz almağı da lazım deyil.

Məsələ 385: Əgər vaxtın dar olması üzündən mükəlləfin vəzifəsi təyəmmüm olubsa, amma o, qüsl və namaz qədər vaxtın qaldığını sanıb qüsl edərsə, onda qüslü qürbət qəsdi ilə etmiş olsa, hətta namazı yerinə yetirmək üçün qüsl etmiş olsa belə qüslü səhihdir.

Məsələ 386: Cünub olmuş şəxs namazdan sonra qüsl edib-etmədiyində şəkk etsə, qıldığı namazlar səhihdir. Amma sonrakı namazlar üçün qüsl etməlidir. Əgər namazdan sonra ondan kiçik hədəs baş veribsə, dəstəmaz da alması lazımdır. Əgər vaxt qalmışdırsa, ehtiyat-lazıma əsasən qıldığı namazı yenidən qılmalıdır.

Məsələ 387: Boynunda bir neçə vacib qüsl olan bir şəxs hamısının niyyəti ilə bir qüsl edə bilər. Zahir budur ki, əgər onlardan müəyyən birini niyyət etsə, qalanları üçün kifayət edir.

Məsələ 388: Əgər bədənin bir yerinə Quran ayəsi və ya Allah-təalanın adı yazılmış olsa, belə ki, tərtibi qüsl etmək istəsə, gərək suyu bədəninə əli o yazıya dəyməyəcək şəkildə çatdırsın. Həmçinin əgər dəstəmaz da almaq istəsə, təkcə Quran ayəsi xüsusunda deyil, həm də Allahın adlarında da ehtiyat-vacibə görə hökm eynidir.

Məsələ 389: Cənabət qüslü edən şəxs namaz üçün dəstəmaz almamalıdır. Hətta dəstəmaz almasının ehtiyat-müstəhəb olmasına baxmayaraq, mütəvəssitə istihazədən başqa digər vacib qüsllərlə, eləcə də 633-cü məslədə izah olunacaq müstəhəbb qüsllərlə də dəstəmaz almadan namaz qıla bilər.

                                                          

MƏSS-MEYYİT QÜSLÜ


Məsələ 510: Bir şəxs ölmüş bir insanın soyumuş və qüsl edilməmiş bədəninə məss edərsə, yəni bədəninin bir yerini ona toxundurarsa, istər yuxuda olsun, istərsə ayıqlıqda, istər ixtiyari olsun, istərsə qeyri-ixtiyari, hətta əgər onun dırnaq və ya sümüyünün bir yeri meyyitin dırnaq və ya sümüyünə toxunarsa, məssi-meyyit (meyyitə toxunmaq) qüslü etməlidir. Amma ölmüş bir heyvana toxunarsa, qüsl etməsi vacib deyildir.

Məsələ 511: Bədəni tamamilə soyumamış ölüyə məss etdikdə, hətta bədəninin soyumuş hissələrinə məss etsə də, qüsl vacib deyildir.

Məsələ 512: Əgər öz tükünü meyyitin bədəninə toxundursa, yaxud öz bədənini meyyitin tükünə və ya tükünü meyyitin tükünə toxundursa, qüsl vacib deyildir.

Məsələ 513: Uşaq ölü şəkildə dünyaya gəlsə ehtiyat-vacibə görə onun anası gərək məssi-meyyit qüslü etsin. Anası öldükdən sonra dünyaya gələn uşaq, baliğ olduqdan sonra ehtiyat-vacibə görə məssi-meyyit qüslü etməlidir.

Məsələ 514: Əgər bir adam, üç qüslü tamamilə verilmiş meyyitə məss etsə, ona qüsl vacib deyil, amma əgər üçüncü qüsl tamam olmamışdan qabaq bədəninin bir yerini məss etsə, o yerdə üçüncü qüsl tamam olmuş olsa da, gərək məss-meyyit qüslü etsin.

Məsələ 515: Əgər dəli və ya baliğ olmayan uşaq meyyitə toxunsa, o dəli ağıllandıqdan sonra və uşaq baliğ olandan sonra, gərək məss-meyyit qüslü etsin. Əgər uşaq müməyyiz olsa, qüslü səhihdir.

Məsələ 516: Əgər diri bədəndən, yaxud qüslü verilməmiş ölü bədəndən bir hissə ayrılsa, ayrılmış hissəyə qüsl verilməmişdən qabaq, insan ona toxunsa, məss-meyyit qüslü lazım deyil. Əgər o hissədə sümük olmuş olsa da hökm eynidir. Amma bir kəsin bədəni tikə-tikə olsa, bir adam onların hamısnı, yaxud əksər hissəsini məss etsə, qüsl vacibdir.

Məsələ 517: Qüslü verilməmiş bir sümüyə toxunmaq, üçün istər ölüdən ayrılmış olsun, istərsə də canlı insandan, qüsl vacib olmaz. Həmçinin ölü və ya diri insandan ayrılan dişə toxunmaq da eyni hökmü daşıyır.

Məsələ 518: Məss-meyyit qüslü eynilə cənabət qüslü kimi yerinə yetirilir və dəstəmaz əvəzindən kifayət edir.

Məsələ 519: Əgər bir neçə meyyitə toxunsa, yaxud bir meyyitə neçə dəfə məss etsə, bir qüsl kifayətdir.

Məsələ 520: Meyyitə toxunduqdan sonra qüsl etməyən şəxsin məsciddə dayanması, qadınla yaxınlıq etməsi və səcdəsi vacib olan ayələri oxumasının eybi yoxdur. Amma namaz və bu kimi əməllər üçün qüsl etməlidir.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol